Ərəbi bəyənmirlər, amma 300 il ərəbin işğalı altında olublar. Dilimizdəki sözlərin böyük faizi ərəb sözləridir, ərəb sözləri ilə ərəbi söymək də başqa cür ağılın göstəricisidir. Farsı bəyənmirlər, yüz illərlə fars işğalında olublar, şairləri ərəb-fars dilində yazıb yaradıblar və bu gün onlarla fəxr edirlər. Bu gün də Azərbaycanın bir hissəsi 200 ildir farsın əlindədir. Rusu bəyənmirlər, 70 il rus işğalı altında olublar, hələ ondan əvvəlkini demirəm.

Nə tez tələyə düşdünüz? Amma qınamıram, nə baş verdiyini təhlil etmək üçün insanda ağıl lazımdır.

Dünyada 22 ərəb ölkəsi var, üç cahil ərəbə görə milyonlarla xalqı, bu qədər dövləti təhqir etmək olar? Sabah hansısa səfeh qırğızın hərəkətinə görə azərbaycanlıları söysələr, xoşunuza gəlməyəcək axı.

Bədbəxtlərə başa salmaq olmur ki, Qarabağ işğal altında olduğu 30 il ərzində Səudiyyə Ərəbistanı Ermənistanla heç bir diplomatik əlaqə qurmadı. Amma bu da o demək deyildi ki, qapılarımızı ərəblərin üzünə açıb iffətimizi onların ayaqları altına sərməli idik. Turizm adı altında pula olan sevgimiz hər şeyi unutdurdu. Mən düşünmürdüm ki, müharibədən sonra xalqımızın mənəvi birliyi təmin ediləcək, bu, mümkün deyil. Səhərdən axşama, axşamdan səhərə qədər bu xalqa Cahandır Bayoğlu, Kamran Həsənli ağıl verir.

Bu ölkədə ağlı başında olan normal ekspertlər yoxdur? Var, niyə yoxdur ki, amma onları bu dəliliyə, rəzalətə sövq edə bilmədiniz deyə, çıxıb getdilər, Elxan Şükürlünün şalvarının bir ayağından bu ekspertlərə kostyum tikmək olardı.

Oturub təhlil etmək lazım idi — Qarabağ müharibəsindən sonra ərəblər bura necə girdi?

Üç istiqamətdə — Qarabağa sərmayə, turizm və dini ideologiya ilə…

Nədir bu natamamlıq kompleksi?

Rusları şovinizmdə ittiham edənlərin çıxışlarına baxıram, özləri ruslardan geri qalmırlar, heç bir faşist belə bu cür səfeh durumda olmayıb — xaotik nifrət, hədəfsiz qəzəb, əndamı cırıq kin…

Kamran Həsənli gündüzlər “Pressklub” adlı aqreqator tv-də Rusiyanı söyür, rus dilindən imtina etməyi tələb edir, amma axşamlar da Novxanıda yerləşən “Sea Life” restoranında rus mahnıları oxuyub ailəsinə pul qazanır. Bu nə ziddiyyətdir, xəstəsiniz siz?

Dəhşət içindəyəm, dünyada heç bir xalq bizim xalq qədər natamamlıq kompleksindən əziyyət çəkmir.

Bu bədbəxtlər iddia edirlər ki, İmam Hüseynə ərəb yas saxlamır, biz niyə saxlamalıyıq!? Anlamır ki, İmam Hüseyni öldürənlərin nəvələri, törəmələri olan şəxslər ərəb ölkələrində hakimiyyətdədirlər, necə yas saxlasınlar? Lütfi Zadə nə qədər azərbaycanlıdırsa, İmam Hüseyn də bir o qədər ərəbdir. Dühaların vətəni olmur ki… İmam Hüseyn bəşəri, ilahi və ən ali dəyərlərin simvoludur.

Rusiya SOCAR-ın obyektlərini vurur, bu barədə də danışın da. Bir tərəfdən, danışsanız guya nə olacaq?

Ona görə danışa bilmirsiniz ki, bir cəmiyyət olaraq bu məsələyə sərt və tutarlı reaksiya vermək savad, intellekt, ağıl tələb edir. Və nə yaxşı ki, dövlət sizin ağlınızla iş görmür, daha praqmatikdir.

Qarabağ müharibəsindən sonrakı əsas strateji hədəfimiz sahib olduqlarımızı qorumaq, olanları əldə saxlamaq və sahib olduğumuz bu coğrafiyada “bronjilet” geyinmiş bir dövlət qurmaqdır.

Hamı genetik və əxlaqı kimliyini ortaya çıxarır, fürsət düşüb deyə, İman Hüseynə qəzəb qusurlar. Sizin analarınızın, dədələriniz bunu bacarmayıb, siz nə edəcəksiniz!? Şanapipiyə oxşayan, ziyalı görkəmi almaq üçün gözünə eynək yapışdıran, ömründə 5 kitab oxumayan gənc qızların çıxışlarında İslam dinini hədəf alması və bu çıxışların illərdir əxlaqsızlığı təbliğ edən səhifələrdə tirajlanması daha dəhşətlidir.

Samir FEYRUZOV.

araz.az xəbər portalı.