RAMİN İSAYEV –—————————————————-

1.Giriş

Son 30 ildə, əksər inkişaf etmiş ölkələrdə iqtisadi artımın yavaşıması, iqtisadi problemlərin kəskinləşməsi və mövcud iqtisadi nəzəriyyələrin bu problemləri birmənalı izah edə bilməməsi iqtisadçı alimləri, filosofları və sosioloqları məcbur edir ki, mövcud iqtisadi nəzəriyyələri və onların təməl prinsiplərini yenidən nəzərdən keçirsinlər və daha realist, daha mükəmməl iqtisadi nəzəriyyələr yaratsınlar. İqtisadiyyat ən mürəkkəb elm sahəsidir: belə ki, iqtisadiyyat insanların, texnologiyaların, institutların və təbiətin kompleks, interaktiv münasibətlərini öyrənməyə cəhd edir. İndiyədək mövcud olan iqtisadi nəzəriyyələrin hər biri, bu kompleks interaktiv münasibətlərin birini və ya ikisini önə çəkməklə müxtəlif iqtisadi düşüncə məktəblərinin yaradılmasına nail olmuşdular.

Bu iqtisadi düşüncə məktəblərinin “məzunları” isə dünyanın müxtəlif ölkələrində iqtisadi siyasət (lər) formalaşdıraraq və həyata keçirərək milyonlarla insanın gündəlik həyatlarına və rifahlarına təsir edirlər. Məhz bu səbəbdən, iqtisadi nəzəriyyələrin realist və mükəmməl olması yekunda hər bir insanın həyatına əhəmiyyətli təsir göstərən amildir. Yanlış və natamam iqtisadi siyasət(lər)in adi insanlara hansı faciələri yaşatdığına dair hətta inkişaf etmiş ölkələrdən çoxsaylı misallar gətirmək olar.

Təbii sual meydana çıxır: görəsən, kosmosu fəth edən, kainatın qanunlarını kəşf edən, atom nüvələrində, elementar hissəciklər arasında və canlı materiyada gedən prosesləri dəqiq izah edən və proqnozlaşdıra bilən elm nəyə görə iqtisadiyyat sahəsində çox vaxt aciz və gücsüz duruma düşür? Bunun əsas səbəbi iqtisadiyyat elminin sosiologiya prinsipləri üzərində qurulması, iqtisadi fəaliyyətlə əlaqəsi olan təbiət hadisələrini inkar etməsi və riyazi üsulların nəticələrinə kortəbii inanmasındadır.

Mövcud iqtisadi nəzəriyyələr insanların öz faydalarını və mənfəətlərini maksimallaşdırmağa çalışması prinsipləri üzərində qurulub, lakin texnoloji və təbii limitlərin olmasını nəzərə almırlar.

Həmyerlimiz Ramin İsayev hələ Harvard Universitetində tələbə olduğu illərdən (2000-ci ildən) iqtisadi nəzəriyyələrin təkmilləşdirilməsi, daha realist edilməsi və təbiətin fundamental qanunlarının iqtisadiyyat elmində nəzərə alınması istiqamətində ciddi elmi araşdırmalar aparır.

Ramin İsayevin son 25 ildə bu sahədə apardığı elmi araşdırmalarının nəticəsi ingilis dilində yazdığı Economy and Complexity. Exergy, Entropy and Limits to Growth adlı kitabında cəmlənib. Ramin İsayevin ideyalarının tam yenilik olduğunu və iqtisadiyyat sahəsində inqilabi dəyişikliklərə gətirib çıxarma potensialının olduğunu nəzərə alaraq, Ramin İsayev öz kitabının bəzi hissələrini azərbaycan dilinə çevirib, mürəkkəb riyazi üsullardan istifadə etmədən, hər bir təhsilli insanın başa düşə biləcəyi tərzdə Azərbaycan oxucularının diqqətinə təqdim edir. Ramin İsayev ümid edir ki, Azərbaycan oxucularına, milli intellektual elitaya təqdim edilən bu məqalə ciddi müzakirələrə səbəb olacaq, ölkəmizdə iqtisadi biliklərin təkamülünə səbəb olacaq və Azərbaycanın dünya iqtisadiyyatında elmi mərkəz və subyekt olaraq rolunu daha da artıracaq. Ramin İsayevin istisadiyyat sahəsindəki yenilikçi fikirləri, nəzəriyyəsi ilə elm adamları tam şəkildə, riyazi hesablamaların və ekonometrik təhlillərin də daxil olduğu ingilis dilindəki kitabında tanış ola biləcəklər. İngilis dilində olan kitabın çapının gecikməsinin əsas səbəbkarları bu əvəzsiz insanın həbsini təşkil edənlərdir.

2. İqtisadi sistemlərin meydana çıxması səbəbləri

İqtisadiyyat, kompleks və çox mürəkkəb bir sistemdir. İqtisadi sistemin mərkəzində insan dayanır: İqtisadi sistemlərin məhsullarının istehsalçısı da, istehlakçısı da ən sonda məhz insanlardır. İnsanı dərindən başa düşmək, iqtisadi sistemlərin necə yarandığını, necə dəyişdiyini və necə inkişaf etdiyini başa düşmək üçün zəruri şərtdir. Lakin, bu kifayət deyil. Niyə? Çünki, iqtisadi fəaliyyəti tam başa düşmək üçün iqtisadi sistemin digər komponentlərini dəqiq müəyyən etməliyik və onların inkişafının, dəyişməsinin tabe olduğu qanunları da bilməliyik.

Ramin İsayevin təklif etdiyi iqtisadi nəzəriyyədə İqtisadi Sistem belə təyin edilir: “İqtisadi Sistem, mərkəzində ehtiyacları, arzu və nəfsi olan insanın dayandığı, coğrafiyanı, texnologiya və institutları birləşdirən dinamik sosial-təbii varlıqdır”.

İqtisadi sistemin komponentlərindən (subyektlərindən) insan və coğrafiya əsas, texnologiya və institutlar isə törəmə komponentlərdir. Dediklərimizi izah edək:

— insan (hələ ki) öz fiziki varlığı və intellekti ilə yer üzərində istənilən coğrafiyada sivilizasiya qurub, həyatı davam etdirməyə qadirdir;
— coğrafiya dedikdə, biz insanın faydalana biləcəyi yer təkinin, yer səthinin və yer atmosferinin hissəsini nəzərdə tuturuq;
— texnologiya dedikdə, biz ağıllı insanın (Homo Sapiens) öz fiziki və əqli məhdudiyyətlərini aradan qaldırmaq, öz ehtiyaclarını ödəmək, öz arzu və nəfsini təmin etmək üçün əli çatan coğrafiyanın imkanlarından istifadə edərək, yaratdığı kompleks maddi-intellektual sistemləri nəzərdə tuturuq;
— institutlar dedikdə isə, insanın öz maddi, mənəvi, intellektual ehtiyaclarını, arzu və nəfsi ilə bağlı ehtiyaclarını təmin etmək məqsədilə digər sosial və iqtisadi subyektlərlə əlaqə yaratmaq və faydalanmaq üçün qurduğu kompleks təsisatları nəzərdə tuturuq.

Beləliklə, insan hər hansı coğrafi mühitdə yaşamaq, həyatı davam etdirmək, sivilizasiya inkişaf etdirmək üçün hökmən texnologiyalar və institutlar yaratmalıdır.

Lakin, insan tərəfindən yaradılan texnologiya və institutlar sosial-təbii varlıqlar kimi meydana çıxaraq, insanın özünü və coğrafiyasını dəyişməyə qadirdirlər. Bu səbəbdən də, İqtisadi Sistem dedikdə, insanın, onun coğrafi mühitinin, texnologiyanın və institutların dinamik və interaktiv vəhdəti başa düşülür.

Xüsusi olaraq qeyd edək ki, texnoloji inkişaf insan növünün təkamülü kimi də başa düşülə bilər: öz coğrafi mühiti və sosial mühiti ilə təmasda olan insan ətraf mühitini dərk edərək, təhlil nəticəsində ən məqsədəuyğun texnologiyanı yaradaraq, ətraf mühitə uyğunlaşma reaksiyasını nümayiş etdirir. Yəni, texnologiya insanın təkamülüdür.

Bu mənada texnoloji inkişafın iki yolu var:

1) insan öz fiziki və əqli imkanlarına əlavə texnologiya yaratmaqla vasitələr əlavə edir. Məsələn, insan uça bilmir deyə, təyyarə icad edib, təyyarədən vasitə kimi istifadə etməklə uça bilir: necə deyərlər, texnologiya əlavə vasitə kimi variantı;
2) insan öz fiziki və əqli imkanlarını texnologiya ilə gücləndirir. Məsələn, insan biomühəndislik yolu ilə öz intellektual imkanlarını artırır və öz qorxu hissini tam aradan qaldırır: necə deyərlər, Biologiya 2.0 variantı.

Deməli, insanın iqtisadi, o cümlədən texnologiya yaratmaq fəaliyyəti, məhz kompleks sistemlər yaratmasıdır. Bir az da irəli gedərək qeyd edək ki, insan həyatı və fəaliyyəti məhz kompleks strukturlar və sistemlər yaratma bacarığı və qabiliyyəti ilə xarakterizə edilir: insan nə qədər mürəkkəb, kompleks strukturlar, sistemlər yarada bilərsə, bir o qədər də iqtisadi çox dəyər yarada bilər.

Ona görə də konkret coğrafiyada iqtisadi sistemlər planlaşdırılıb, qurularkən əsas məqam, mümkün maksimum kompleksliyə nail olmaqdır.

Ramin İsayevin cəsarətlə təklif etdiyi elmi yeniliklərdən birincisi bununla əlaqədardır: indiyədək irəli sürülən iqtisadi nəzəriyyələrdə əsas prinsiplər iqtisadi dəyəri yaradan vasitələr ilə əlaqədar olub, lakin Ramin İsayevin irəli sürdüyü prinsip isə iqtisadi dəyəri yaradan səbəb ilə əlaqədardır.

Bu deyilənin elmi yenilik olduğunu nəzərə alaraq, detallı izah edək:

— iqtisadi dəyəri yaradan vasitələr dedikdə neoklassik iqtisadi artım nəzəriyyəsində olduğu kimi, Y = A·F (L, K), yəni əmək (L) və kapital (K) başa düşülür. (A) isə texnoloji inkişafı xarakterizə edir. Bunlar hamısı vasitə kimi tanınır;

— iqtisadi dəyəri yaradan səbəb isə, insanların kompleks struktur və sistemlər qurma qabiliyyəti, məşhur fizik, Nobel mükafatı laureatı Maks Plankin dediyi kimi “nizamsızlıqdan nizam yaratmaq” qabiliyyətidir. Bu isə fizika elmində “mənfi entropiya” kimi tanınır.

Onu da oxucuların diqqətinə çatdıraq ki, canlıların həyati prosesləri, (a) “nizamdan nizam” və (b) “nizamsızlıqdan nizam” yaratma fəaliyyətindən ibarətdir.

Deməli, Ramin İsayevin irəli sürdüyü yeni nəzəriyyəyə görə, iqtisadi fəaliyyətin səbəbi “neqativ entropiya” yaratmaqdır, vasitələri isə əmək (L), kapital (K), exerji (E) və digər resurslardan (R) istifadədir.

Bu bölmənin yekununda qısaca olaraq onu qeyd edək ki, Ramin İsayevin irəli sürdüyü “Neqativ Entropiya İstehsalını Maksimallaşdıran” İqtisadi İnkişaf modeli iqtisadiyyatın ən fundamental suallarına:

— iqtisadi artımın yavaşıması və
— iqtisadi qeyri-bərabərliyin artması
kimi suallara asanlıqla cavab verir və potensial həll yollarını da əminliklə göstərir.
Bu suallara sonrakı bölmələrdə riyazi hesablamalar və statistik məlumatlar ilə daha detallı aydınlıq gətirəcəyik. İntilik isə induitiv olaraq, metafordan (bənzətmədən) istifadə edərək, dediklərimizi izah edək:
— İqtisadi Artımın Yavaşıması.
Əgər iqtisadi artımı, küləkli havada göldə üzdürdüyümüz yelkənli qayıqların sayına bənzətsək, göldə üzdürdüyümüz qayıqların sayı artdıqca, üzdürə biləcəyimiz əlavə qayıqların sayı azalmağa başlayır. Çünki, bizim fəaliyyətimiz nəticəsində göldə nizamsızlıq artar. Əgər biz yelkənli qayıqların quruluşuna əlavə təkmilləşmələr edə bilməsək və ya göldə yelkənli qayıqların üzməsini daha qabaqcıl üsullarla tənzimləyə bilməsək, o zaman göldə idarə etdiyimiz yelkənli qayıqların sayının artımı yavaşımağa başlayar. Metaforumuzu (bənzətməmizi) davam edirsək, deyə bilərik ki, iqtisadi fəaliyyətin və iqtisadi məhsullarımızın kompleksliyini artıra bilməsək, iqtisadi artım yavasıyar;
— İqtisadi Qeyri-bərabərliyinin Artması
Əgər iki nəfər eyni coğrafi-sosial mühitlə üzləşsə, daha mürəkkəb (kompleks), daha səmərəli və effektiv həll yolu icad edən şəxs daha çox iqtisadi dəyər yaradacaq və daha zəngin olacaq. Yenə də yelkənli qayıq metaforuna dönsək: daha çox tələb olunan qayıq düzəldən və sayca daha çox belə qayıq düzəldən şəxs daha çox iqtisadi məhsul istehsal edəcək və daha zəngin olacaq. Daha primitiv qayıq düzəldib primitiv xidmətlərin təklifi üçün istifadə edən isə kasıb qalacaq.

Məsələn, yüksək təhsil səviyyəsi insanlara imkan verər ki, daha kompleks mal və xidmətlər istehsal etsinlər və deməli daha da zəngin olsunlar.

Yekunda bir daha qeyd edək ki, istiqadi inkişafın əsas səbəbi kompleks strukturlar və sistemlər qurmaq ilə (Neqativ Entropiya İstehsalı ilə) əlaqədardır.

3. Entropiya. Ekserji. Termodinamikanın Qanunları.

Fizika və informasiya sahəsində xüsusi təhsil almamış şəxslər sual verə bilər ki, entropiya nədir və onun insanın iqtisadi fəaliyyəti ilə nə əlaqəsi var?! Entropiya ilk növbədə varlığın termodinamik ekvilibriuma maksimum nizamsızlığa meyllənməsi ilə əlaqədar olan bir kəmiyyətdir. Yəni, müəyyən informasiyaya, struktura, nizama malik olan nə varsa, tədricən nizamın, strukturun yox olması ilə nəticələnən hala, termodinamik ekvilibrium, çürüyüb dağılma, məhv olma halına doğru meyl edir.
Termodinamik ekvilibrium halına həmçinin maksimum entropiya halı deyilir. Başqa sözlə, entropiya, sistemin nizamsızlığının artmasını ifadə edən bir kəmiyyətdir. Entropiya bəzi insanların düşündüyü kimi “dumanlı” anlayış və ya ideya deyil: entropiya ölçülə bilən konkret fiziki kəmiyyətdir.

Temperaturun mütləq sıfır nöqtəsində (təqribən, -2730C) istənilən sistemin (ən sadədən ən mürəkkəbinədək) entropiyası sıfıra bərabərdir: sistemdə hər cür hərəkət dayanır.

Entropiyanın statistik mənası, sistemin nizamlılığı ilə əlaqədardır və bu düsturla ifadə olunur:

entropiya = K_B l_n D(E), (3.1). Burada K_B = 1,38 x 10^(-23) C/K və Boltzmann sabiti adlanır. D isə sistemin ola bildiyi hallardır. C – (coul enerjinin), K-isə mütləq temperaturun vahididir.

Yəni, entropiya düsturu onu ifadə edir ki, enerjisi E və E + δE intervalında artan sistemin entropiyası, sisteminin ola biləcəyi makrohalların təbii logaritminə mütənasib olaraq artır.

Entropiya, informasiya nəzəriyyəsində K.Şannon tərəfindən irəli sürülüb və informasiya nəzəriyyəsində entropiyanın (nizamsızlığın artmasının) ölçü vahidi bit-dir. Termodinamikada entropiya üçün istifadə etdiyimiz ölçü vahidi [C/K] ilə informasiya nəzəriyyəsində entropiyanın ölçü vahidi [bit] arasında bu əlaqə var:

Makrobit — saniyə = 0,956 C/K (3.2)
Bütün bu dediklərimiz, entropiyanın dəqiq ölçüləbilən fiziki kəmiyyət olduğunu göstərir.

Məsələn, 2023-cü ildə iqtisadi fəaliyyət (ÜDM-yaradan fəaliyyət) nəticəsində Dünyada adambaşına düşən orta entropiya, istehsalı 10 makrobit/saniyə olub, ABŞ üçün isə bu göstərici təxminən 40 makrobit/saniyə olub. (Bu kontekstdə 10^23 bit informasiyanı biz Makrobit adlandırırıq). Bu fərqin əsas səbəbi ABŞ iqtisadiyyatının daha kompleks sistem olması və həmin ildə ABŞ-da adambaşına düşən enerji istehlakının (76307 (kV·saat)/nəfər), Dünya orta göstəricisindən (21288 (kV·saat)/nəfər), elə təxminən 4 (dörd) dəfə çox olmasıdır.

3.1.Entropiya İstehsalının ölçülməsi və vahidi

Canlı və cansız sistemlərin fəaliyyəti nəticəsində biosferə və ekonosferə dəyən mənfi təsirləri tam şəkildə ölçmək üçün, bu gün mükəmməl göstəricilər istifadə edilmir. Məsələn, yalnız 〖CO〗_2 və bəzi istixana qazlarını ölçməyə can atırlar. Lakin, bu kəmiyyətlər dəqiq ölçülmədiyi və hər bir yan təsiri nəzərə almaqdıqları üçün, görülən tədbirlərin qalıcı faydası olmayacaq. Ramin İsayev təklif edir ki, canlı və cansız sistemlərin entropiya istehsalı əsas göstəricisi kimi qəbul edilsin.

Entropiya dəqiq ölçülə bilən kəmiyyətdir və həmçinin sistemlərdə informasiya komponentinin nizamsızlığının artmasını əhatə edə bilir.

Entropiya istehsalının əsas göstərici kimi qəbul edilməsi, ölçülməsi və statistikasının aparılması imkan verəcək ki, Yer biosferi və ekonosferində artan problemləri dəqiq başa düşək və həll edək.

Bu göstəricinin dəqiq düsturu, hesablanması və tətbiqi barədə təkliflər kitabda ayrıca fəsildə verilib. Məsələn, yetkin insan orqanizmi fizioloji proseslər nəticəsində 0,7 makrobit/saniyə (Vt/K) qədər entropiya istehsal edir. Dünyada, iqtisadi fəaliyyət nəticəsində adambaşına istehsal edilən entropiya isə 10 makrobit/saniyə (Vt/K) qədərdir.

Sual oluna bilər: əgər Kainatda baş verən proseslərdə entropiya artırsa və varlıq termodinamik ekvilibrium (yəni ölüm, məhvolma) halına yaxınlaşırsa, o zaman bizə məlum olan canlı və canlı olmayan sistemlərin hələ də mövcud olmasını necə izah etmək olar? Bu sualın cavabı çox sadədir: canlı və cansız sistemlərdə baş verən proseslərdə yaranan müsbət entropiyanı, ən azı eyni miqdarda əks işarəli entropiya ilə əvəz edə bilsək, onda sistem ölməz, sağ qalar və hətta inkişaf da edə bilər.

Başqa sözlə, sistem mənfi entropiya “yeməklə” öz mövcudluğunu davam etdirə bilər:

˗ (entropiya) = K_B ln⁡〖(1/D)〗 (3.3)

Mənfi entropiya elə nizamlılığın ölçüsüdür. Mənfi entropiya sistemi ölümündən uzaqlaşdırır.

Bəs, mənfi entropiyanı canlı və cansız sistemlər necə əldə edirlər ki, öz mövcudluqlarını davam etdirə bilsinlər? Cavab çox sadədir və elə entropiyanın tərifindən aşkar görünür: sistemlər öz mövcudluqlarını davam etdirmək üçün:

1) “enerji” ilə qidalanmalıdırlar;
2) sistemin komplekliyini əlavə informasiya və bilik hesabına daha da artırılmalıdır (bu proses özü də “enerji”-nin istifadəsi ilə gedir).

Burada enerji sözünü ona görə dırnaq işarəsi içərisində yazırıq ki, əslində doğru termin ekserji olardı. Bu barədə aşağıda məlumat verəcəyik.

Məsələn, insanların qida ilə aldıqları enerji və informasiya onların həyatlarını davam etdirmələrinin ən vacib şərtidir. Çox maraqlıdır ki, insan mənfi entropiya anlamına gələn informasiyanı, kompleksliyi artıran biliyi həm də İntellekti sayəsində əldə edir. Bu olduqca vacib bir məsələdir və Ramin İsayevin yazdığı digər kitabda: “Artificial İntelligence: Computer Program, Super Mind or New Form of Life” kitabında detallı araşdırılıb. Burada qısaca olaraq onu qeyd edək ki, Süni İntellektin inkişafı, kompleks sistemlər yaratmaq qabiliyyətini qat-qat artırmaq potensialına malikdir və müvafiq fiziki və institusional infrastrukturun yaradılacağı təqdirdə, keyfiyyətcə yeni iqtisadi sistemlərin meydana çıxmasına səbəb olacaq.

Bu bölməni belə yekunlaşdıra bilərik:

a) “Fəaliyyəti zamanı yaratdığı müsbət entropiyanı, daha kompleks strukturlar quraraq və enerji ilə qidalanaraq tam kompensasiya edən, hətta azalda bilən iqtisadi sistemlər yaşamağa və tərəqqiyə davam edəcəklər;
b) Fəaliyyəti zamanı yaratdığı müsbət entropiyanı kompensasiya edə bilməyən və azalda bilməyən iqtisadi sistemlər isə qaçılmaz məhvə məhkumdurlar. Son 200 ildən artıq müddətdə Yer kürəsində insan fəaliyyəti ilə əlaqədar olan (antropogen) entropiya (istilik və toz) istehsalı kəskin artıb və bu da ayrı-ayrı ölkələrin və yekunda bütün Yer kürəsinin ekonosferinın və biosferinın məhvinə gətirib çıxara bilər!

İnsanlar hələ qədim zamanlardan müəyyən etmişlər ki, hər hansı maddəyə strukturlu elementlər, maddə əlavə etdikcə, belə strukturlar, tikililər daha gec aşınır, dağılır. Məsələn, adi torpaqdan özlərinə yuva tikən insanlar, torpağın daxilinə saman, ot, qamış qatmaqla ondan tikilənin ömrünü uzatmağı öyrəniblər. Sonralar daş, dəmir və sair də əlavə etməklə, insanlar daha qalıcı strukturlar yaratdılar.

Lakin, maddədən yaranan hər bir şey gec-tez dağılır, toza çevrilir, yaradıcı enerji istilik enerjisinə çevrilir; bəs istənilən yaradıcı ideya necə olur, bu barədə elm hələ bir yekdil fikirə gələ bilməyib. Bəlkə Süni İntellekt sahəsində aparılan işlər bu məsələyə aydınlıq gətirə. İndilik isə onu qeyd edim ki, Kainatda getdikcə hər şey istilik enerjisinə və toza çevrilir. Böyük Partlayışdan bu yana, baryonik maddə daim istilik və toza çevrilərək yayılır. Yerdə hər il santimetrlərlə yerli və kosmik toz çökür, Yer səthi qızır. Varoluşun inkişaf məntiqi, sonu budur.

Yer kürəsində getdikcə daha çox entropiya istehsal olunur və bu da Yer üzərində iqtisadi inkişafı məhdudlaşdırır. Bu barədə Ramin İsayevin digər kitabında: “Antropogenic Climate Change. Science and Cooperation Will Save the World” kitabında ətraflı bəhs edilir.

3.2.Entropiya Haqqında Əlavə Qeydlər:

Bəzən entropiyanın anerji (enerjinin iş görə bilməyən hissəsi) ilə eyniləşdirməyə çalışsalar da, bu belə deyil. Entropiya Kainatın varoluşu ilə bağlı olan bir anlayışdır və bizə məlum olan ən fundamental iki anlayışdan biridir.

Entropiyanın artması qanununa əsasən, mövcud olan nə varsa, tədricən dağılır və ölür, hərəkətedəbilməyən hala çatır. Bu dağılma və ölü hala gəlmə prosesi cansız və canlı materiyada fərqli yollarla baş verir:

1. Cansız materiya. Canlı olmayan sistem təcrid olunubsa və ya eynixassəli mühitdə yerləşdirilibsə, sistemdəki bütün hərəkət nəhayətdə sona çatır, elektrik və kimyəvi potensiallar fərqləri bərabərləşir, temperatur fərqləri yoxa çıxır, sistem “ölür” və hərəkətsiz materiya parçasına çevrilir. Materiya əbədi sükunət halına qovuşur, heç bir hadisə, dəyişiklik müşahidə olunmur. Fiziklər bu hala “termodinamik ekvilibrium və ya maksimum entropiya” halı deyirlər.

2. Canlı materiya. Canlı olanların sirri ondan ibarətdir ki, onlar termodinamik ekvilibrium və ya “maksimum entropiya” halına tez qovuşmaqdan yayına bilirlər. Canlı orqanizmlərin entropiyanın artması ilə mübarizəsi, elə canlı həyatın özüdür. Görəsən canlı orqanizmlər, canlı sistemlər ölməkdən, termodinamik ekvilibriuma çatmaqdan, maksimum entropiya halına çatmaqdan necə, hansı üsullarla yayına bilirlər? Sadə cavab belədir: yeyərək, içərək, nəfəs alaraq, yuxu yataraq. Bitkilər isə mənimsəyərək. Canlı orqanizmlərin bu qabiliyyətinə metabolizm deyilir. Metabolizmə bəzən maddələr mübadiləsi də deyirlər. Lakin, maddələr mübadiləsi çox mənasız görünür: axı, orqanizm üçün oksigen, azot, kükürd, fosfor və sair. atomu ilə eyni növdən olan başqa atomların heç bir fərqi yoxdur. Canlı orqanizm niyə biz azot atomunu digər azot atomu ilə mübadilə etsin ki?! Yəni, eyninövlü atomları mübadilə etməklə nə əldə etmək olar?

Əksər alimlər bu suala aşağıdakı kimi cavab verərək uzun illər həqiqəti müəyyən etməkdən yayınıblar: maddələr mübadiləsi nəticəsində biz enerji ilə qidalanırıq. Bu iddia da elmi baxımdan cəfəngiyyatdır: yetkin orqanizmin atom tərkibi kimi enerji miqdarı da sabitdir. Yəni, əgər yetkin orqanizm sabit miqdarda enerjiyə malikdirsə, onda enerji mübadiləsi nəyə lazımdır? Coul elə Couldur!

Bəs onda görəsən bizim qidanın tərkibindəki nədir, yuxumuzun bizə verdiyi nədir ki, bizi ölməkdən, termodinamik tarazlığa “çatmaqdan” qoruyur? Sualın elmi cavabı çox sadədir, lakin adı insanların dərk etməsi üçün çox mürəkkəbdir: canlı orqanizmlərdə baş verən proseslər entropiyanın artmasına səbəb olur, sistemin nizamlılığı azalır. Canlı orqanizm nizamlılığının tam yoxa çıxmasından ölümdən, məhvdən yalnız o halda özünü müvqqəti də olsa uzaqlaşdıra bilər ki, mühitindən və əlaqələrindən davamlı olaraq mənfi entropiya alsın. Yəni orqanizmin qidalandığı şey mənfi entropiyadır! Orqanizm həyatı fəaliyyət zamanı yaratdığı entropiyanı, metabolizm prosesləri və yuxu nəticəsində əldə etdiyi mənfi entropiya ilə ən azı kompensasiya edir və sağ qalır. Bəs mənfi entorpiyanı nə yaradır? Mənfi entropiyanı yaradan amillər sistemin struktur zənginliyini artıran informasiya və kompleks sistem qurmaq, davam etdirmək üçün lazım olan exerjidir. Həyat mənfi entropiyadan asılıdırsa, deməli həyatın müddətli (ömrünü uzatmaq) və sağlamlıq problemlərinin həlli məhz mənfi entropiyanı artırmaq yolu ilə mümkündür.
Sual oluna bilər: bu dediklərimizin iqtisadiyyata və iqtisadi sistemlərə nə aidiyyatı var ? Qısa cavabımız belədir: birbaşa aidiyyatı var! Çünki, iqtisadi sistem sosial-təbii kompleks sistem olaraq, həm canlı, həm də cansız materiyanın tabe olduqları Entropiya Qanununa uyğun dəyişir! İqtisadi sistemin dayanıqlı olması üçün, o istehsal etdiyi müsbət entropiya qədər mənfi entropiya almalıdır. İqtisadi sistemin artımı, tərəqqisi, böyüməsi üçün isə, sistem öz mühitindən istehsal etdiyi müsbət entropiyadan çox mənfi entropiya almalıdır. Bu isə o anlama gəlir ki, iqtisadi sistemin kompleksliyi artırılmalıdır və sistemi böyütmək, strukturunu daha da zənginləşdirmək üçün daha çox ekserji istifadə edilməlidir.

Qapalı sistemlərdə baş verən proseslər nəticəsində entropiya daim artır. Entropiyanın bu artımı özünü, ekserjinin istilik enerjisinə keçməsi və ətraf mühitin tozla çirklənməsi şəklində büruzə verir. Bu isə qapalı sistemlərdə dövran iqtisadiyyatının (hər şeyin təkrar emalını nəzərdə tutan iqtisadiyyatın) nəzəri olaraq qeyri-mümkün olması deməkdir.
Yer planetində möcvud iqtisadi sistemlər ekserjini əsasən Günəşdən alırlar; yəni ekserji təminatı baxımından açıq sistemlər ola bilərlər. Lakin, iqtisadi sistemlərin tikinti materialları olan əsas elementlər istifadə nəticəsində sonda toza-tullantıya çevrildikləri üçün tükənirlər və bu da Yerdəki iqtisadi sistemlərin davamlılığını və artımını qeyri-mümkün edir. Tezliklə Yerdə ya belə elementləri əvəz edən elementlər tapılmalıdır, yaradılmalıdır, ya da ki, Yerdə və ya Kosmosda bu vacib elementlərin yeni mənbələri tapılmalıdır.

3.3. Bəs Enerji, Ekserji. Anerji nədir?

Enerji ən vacib, ən geniş istifadə olunan, lakin ən çətin başa düşülən anlayışdır. Məşhur fizik, Nobel mükafatı laureatı Riçard Feynman özünün “Fizika Mühazirələri” (1963) kitabında yazır:

“Etiraf etməliyik ki, hətta bu gün də biz fiziklər enerjinin nə olduğunu bilmirik… Biz yalnız bəzi düsturlar vasitəsilə müəyyən kəmiyyəti hesablaya bilirik və buna enerji deyirik. Bu sadəcə mücərrəd bir yoldur: belə ki, enerji barədə biliklərimiz, müxtəlif düsturların meydana çıxma səbəblərini və mexanizmlərini bizə izah edə bilmir”.

Enerji termini yunan mənşəli düzəltmə sözdür və bu termini elmə ilk dəfə Aristotel (b.e.ə. 384-322) özünün Metafizika əsərində istifadə etməklə daxil edib. Aristotelə görə, hər bir obyektin mövcudluğu, obyektin funksiyasından asılı olan (energeia) adlı anlayışla xarakterizə olunur. Bu sözlə əlaqədar fel (energein) isə hərəkət, fəaliyyət, iş, dəyişiklik mənalarında işlənir. Aristoteldən sonra iki min ildən artıq müddətdə heç bir alim enerji ilə əlaqədar elmə heç bir yenilik gətirmədi. Orta əsrlərin görkəmli türk-müsəlman alimləri Aristotelin Mefafizika əsərinə çox dəyərli izahlar yazsalar da, enerji anlayışı ilə əlaqədar heç bir əhəmiyyətli izah verməyiblər. Deyvid Hyum (1711-1776), 18-ci əsrin ortalarında güc, qüvvə və enerji anlayışları ilə əlaqədar bəzi mülahizələr irəli sürsə də, elm üçün, fəlsəfə üçün əhəmiyyətli bir fikir ərsəyə gətirə bilmədi. 1807-ci ildə Tomas Yanq (1773-1829), Kral Cəmiyyətindəki çıxışı zamanı yanlış olaraq, enerjini cismin kütləsi ilə hərəkət sürətinin kvadratının hasili kimi təyin etmişdi.

Enerji barədə fundamental fikirlər irəli sürməsə də, bu anlayışın mahiyyətini aşkar edən mülahizələr meydana çıxarmasa da, gənc, istedadlı Fransız mühəndisi Sadi Karno (1796-1832) istilik enerjisi barədə apardığı tədqiqatlarla, elm adamlarının enerjini daha dərindən anlaması, tətbiqi və tədqiqi üçün 19-cu əsrin əvvəlində ciddi bir intellektual prosesə təkan verdi.

19-cu əsrin ortalarında, müasir kimyanın və elmə əsaslanan kənd təsərrüfatının banilərindən biri kimi tanınan Yustus von Liebiq (1803-1873) insan və heyvan orqanizmlərindəki metabolizmi demək olar ki, düzgün izah etdi və metabolizm nəticəsində karbon dioksidin (C_2 O) yaranmasını ərzaq və yemlərin oksidləşməsi kimi təsvir etdi.
Maraqlıdır ki, müasir fizikanın və ümumiyyətlə müasir elmin ən fundamental qanunlarından biri olan Enerjinin Saxlanması qanununu (Termodinamikanın 1-ci Qanunu) gənc alman həkimi Yulius Robert Meyer kəşf edib. 1840-cı ildə gənc gəmi həkimi kimi Yava adasına səyahət zamanı Meyer xəstələri qanalma yolu ilə müalicə edəndə müşahidə etdi ki, Yava yaxınlığında (tropik zonada) insanların qanının rəngi daha açıq idi, nəinki onun Almaniyadakı xəstələrinin qanının rəngi. Yaxşı müşahidə və təhlil qabiliyyətinə malik şəxs olan Meyer bu müşahidə etdiyi fərqi təhlil edərək bu nəticəyə gəldi ki, isti regionlarda metabolizm üçün nisbətən az enerji tələb edildiyi üçün, tropik zonada (Yavada) qan, soyuq regionlardakına (Almaniyadakına) nisbətən daha az oksidləşir və buna görə də, rəngi daha açıq olur. Meyer çox vacib bir nəticəyə gəldi: insan bədəni sadəcə istilik şüalandıraraq enerji itirmir, həm də iş görərək enerji itirir və deməli insan bədəninin gördüyü iş üçün sərf etdiyi enerji də qanın oksidləşməsi nəticəsində meydana çıxır, iş görülən zaman isə ətraf aləmə istilik enerjisi kimi keçir.

Bu təhlillərdən Meyer belə nəticə çıxardı ki, istilik və iş ekvivalentdirlər və nisbətləri sabitdir (sabit nisbətdə bir-birinə çevrilirlər). Bu ideyanı inkişaf etdirərək, Meyer Enerjinin Saxlanılması Qanununu irəli sürdü. Meyer, Enerjinin Saxlanması Qanununu (istilik və işin ekvivalentliyi qanununu) 1842-ci ildə kəmiyyətcə ifadə etdi, bundan üç il sonra, 1845-ci ildə isə Enerjinin Saxlanması Qanununu inkişaf etdirərək, bu qanunun işıq, elektrik və maqnetizm hadisələrində də doğru olduğunu sübut etdi.

Enerji ilə kütənin ekvivalentliyi düsturunu irəli sürən Eynşteyn sübut etdi ki, hər hansı kütləni enerjiyə çevirmək olar.

Kütlə ilə enerjinin ekvivalentliyi barədə

Eynşteyn düsturu:
E = 〖mc〗^2 (4.1)

Lakin, biz adi cismlərin kütləsini enerjiyə çevirə bilmirik: bunun üçün bizə antimaddə lazımdır. Məsələn, 7 ton kütləsi olan maddənin enerjisi (4.1)-ə əsasən kifayət edərdi ki, 2024-cü ildə Yerdə insanların hamısının enerjiyə tələbatını ödəyər.

Termodinamikanın 1-ci Qanunu kimi də tanınan Enerjinin Saxlanması Qanununa əsasən, enerjini yaratmaq və məhv etmək mümkün deyil: qapalı sistemin enerjisi sabit qalır.

Bəs enerji özü nədir? Çox təəssüf ki, elmdə biz yalnız dolayı yolla bu suala cavab verə bilirik: “Enerji, fiziki sistemin zaman keçdikcə təkamülü ilə əlaqədar olan kəmiyyətdir: Stabil fiziki qanunlarla təsvir edilən istənilən qapalı sistem sabit bir kəmiyyətlə xarakterizə edilir və biz bu kəmiyyətə enerji deyirik”.

Bu tərif bizi tam qane etmir, belə ki, bu tərifdə istifadə edilən “sistem”, “zaman” və fizikanın stabil qanunları” kimi terminləri də tam və aydın təyin edə bilmirik.

Kainatda hazırda nə qədər enerji var? Enerji hansı əsas formalarda mövcuddur? Biz yenə də dolayı yollarla müəyyən etmişik ki, Kainatda enerji aşağıdakı formalarda mövcuddur:

— qaranlıq enerji: 68%;
— qara materiya: 27%
— bizə tanış olan baryonik materiya: 5%

Alman fiziki Rudolf Klausius (1822-1888), 1865-ci ildə elmə ilk dəfə entropiya anlayışını daxil etdi. Yunan dilində entropiya (εγτρoπıα),
en (ε↓- hal vəziyyət) və tropos (τρoπoƨ- yol, istiqamət) sözlərinin birləşməsindən yaranıb. Klausiusa görə, entropiya qapalı sistemdə nizamsızlığın vəziyyətini ifadə edir. Klausius həmçinin, Termodinamikanın 2-ci Qanununu irəli sürdü: “Kainatın entropiyası artır, öz maksiumumuna can atır”.

Qeyd edək ki, entropiya maddi və qeyri-maddi olan varlığın dəyişməsi ilə əlaqədar olan və insanlara məlum olan ən fundamental anlayışdır. Entropiya Kainatın yaranışı və təkamülü ilə əlaqədar olan ən vacib kəmiyyətdir. Entropiya, artır. Kainat məhvə, ölümə doğru gedir, lakin Yaradanın ağılı, ruhu canlı və cansız kompleks sistemlər vasitəsilə bu labüd sonluğa aparan proseslə mübarizə aparır. Kainatın təkamül dinamikası, məhvə, ölümə məhkum maddi olanla, Kainatın ağılı və ruhu arasında əbədi mübarizədir. Elm, maddi olanı yaxşı öyrənə bilsə də, ruhu, şüuru və intellekti hələ də tam izah edə bilmir. Bəşəriyyətin tərəqqisində, inkişafın növbəti mərhələsi öz köklərini Qədim Yunanıstandan başlayan Qərb elmi və Şərq fəlsəfəsinin sintezi ilə başlaya bilər. Şərqdə min illər mövcud olan düşüncə məktəblərinin topladığı biliklər hələ tam dərk edilməyib. Bu məktəblərdə formalaşmış biliklərin öyrənilməsi və Qərb elmi ilə sintezi, bəşəriyyətin mübarizə apardığı və elm ilə hələ ki həll edilə bilməyən problemləri həll edə bilər: maddi olan, enerji və materiya ilə əlaqədar olan məhduddur, məhvə məhkumdur, ruh, şüur və intellekt ilə bağlı olan isə əbədi olanın təzahürüdür. Maddi olan vasitədir: ruhsal olan isə məqsədlə bağlıdır.

Entropiya bu iki varlıq formasının ziddiyyətli simbiozunu özündə birləşdirən və insanlara məlum olan ən universal bir Kainat parametridir.

Termodinamikanın 2-ci Qanunu Kainatın inkişafını təsvir edən ən fundamental və ən vacib qanundur. Biz elmdə, Termodinamikanın 2-ci Qanunundan daha ümumi və daha fundamental heç bir qanun tanımırıq hələ ki! İnformasiya entropiyasını da nəzərə alsaq, daha doğru olar ki, Termodinamikanın 2-ci Qanununa məhz Entropiya Qanunu deyək.
Burada xüsusi olaraq hökmən qeyd etməliyik ki, Termodinamikanın 2-ci Qanunu yalnız və yalnız termodinamik ekvilibrium halında olan qapalı sistemlərə aiddir. Yerin biosferi (canlı aləm) və ekonosferi (sivilizasiya) açıq sistemlərdir. Açıq sistemlər isə kənardan enerji və informasiya alaraq, müvafiq proseslərə əsasən daha nizamlı, daha kompleks və daha az entropiyalı yeni təbii və maddi-mədəni sistemlər yaradırlar və daim, öz qlobal ekvilibrium vəziyyətinə çatmaqdan yayınıblar müəyyən müddətə.

Məhz bu fundamental məsələ indiyədək bütün iqtisadi məktəblər tərəfindən nəzərdən qaçırılıb: insanların iqtisadi fəaliyyətinin davamı və artımı üçün hökmən faydalı enerji mənbəyi və ekonosfer sistemlərinin kompleksliyini, struktur zənginliyini artıran, nizamlılıq yaradan informasiya lazımdır.

Bizim enerji kimi tanıdığımız kəmiyyət özü iki komponentdən ibarətdir:

1) ekserji – iş görməyə yarayan enerji;
2) anerji – iş görməyə yaramayan enerji.
Enerji = Ekserji + Anerji (3.4)

Hər hansı proses zamanı enerjinin istifadəsi dedikdə, biz əslində ekserjinin istifadəsini nəzərdə tuturuq. Hər hansı sistem öz termodinamik tarazlıq halına yaxınlaşdıqca, sistemin ekserjisi azalır. Termodinamik tarazlıq halında ekserji sıfıra bərabər olur!
Ekserjinin canlıların, ekonosferin və cansız təbiətin təkamülü ilə əlaqədar proseslərdə mühüm rol oynaması, 20-cı əsrdə və 21-ci əsrin əvvəllərində ekserjinin iqtisadi artım və inkişaf modellərinə daxil edilməsi ilə nəticələndi.
Bu səbəbdən, əsassız olsa da, bəzi modellərdə enerjinin (əslində ekserjinin) iqtisadi artımın əsas səbəbi və insan inkişafının əsas göstəricisi kimi təqdim edilməsi enerjini siyasətçilərin, iqtisadçıların və iş adamlarının əsas mövzusuna çevirə bildi.

Məsələn, neoklassik iqtisadi artım nəzəriyyəsində ekserji (E) dəyər yaradan əsas istehsal amili kimi istifadə olunmağa başladı. Alimlər yanlış olaraq, iqtisadi məhsulun maya dəyərində ekserjinin payı (5%) ilə, iqtisadi məhsulun əlavə edilmiş dəyərində ekserjinin “payı”nın təxminən 50% olması arasındakı ziddiyyətin aydınlaşdırılmasına çox çalışdılar. Hətta, bəzi alimlər ekserjinin məhsulun maya dəyərində payının çox az olmasını, ekserjinin (əlçatan və iş görə bilən) çox ucuz olması kimi izah edirdilər və Dünya ölkələrini ekserjinin gələcəkdəki qıtlığı ilə qorxudurdular.

4.0.İqtisadi Potensial İqtisadi və Artımı

Məhdudlaşdıran Amillər. Bunlarla Əlaqədar Problemlərin Həll Yolları.

İnsanın ontogenezi elə baş verir ki, hər bir insan öz həyatı müddətində daha çox mənfi entropiya istehlak etmək istəyir. Bu insanın fərd və növ olaraq: təkamülünün (ontogenez və filogenezinin) indiyədək onun orqanizmindən kənarda, texnoloji inkişaf şəklində getməsi ilə əlaqədardır.

İnsanlar texnologiyalar icad edir, kompleks sosial, iqtisadi, siyasi və sair institutlar yaradırlar, öz ətraf təbii mühitlərini dəyişirlər, öz ömürlərini uzatmağa və daha intensiv həyat yaşanağa çalışırlar. İqtisadi terminologiyada bu o deməkdir ki, insanlar iqtisadi tərəqqi və iqtisadi artım tələb edirlər. Yer planetində yaşayan insanların sayının artması da iqtisadi artıma əlavə tələbat yaradır: artan əhali daha çox iş yerləri və daha çox iqtisadi məhsul tələb edirlər. Bu isə Yerdəki material resurslarının və ekserjinin daha çox istifadə olunması deməkdir. Əvvəldə də qeyd etdiyimiz kimi bu antropogen entropiyanın (istilik enerjisi + toz) artması deməkdir.

Bu isə iki növ problemlərin artmasına:

1) Antropogen iqlim dəyişiklikliyinə (Yer səthinin qızması səbəbindən);
2) İqtisadi fəaliyyət üçün vacib olan elementlərin, mineralların tükənməsinə,
gətirib çıxarır və iqtisadi artımı məhdudlaşdırır.

Bəs, çıxış yolu, yəni iqtisadi artımı məhdudlaşdıran amilləri “yumşaldan” addımlar nə ola bilər? Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi sistemlərin tərəqqisi və artımı üçün, belə sistemlər kənardan mənfi entorpiya almalıdırlar. Bunu praktikada necə etmək olar? Çox sadə:

–İqtisadi sistemin struktur zənginliyini, kompeksliyini artırmaqla. Yəni, iqtisadi sistemin daha yüksək texnoloji məhsullar istehsal etməsi, daha çox dəyər yaradan kompleks sistemə çevrilməsi üçün islahatları davamlı aparmaq: bu islahatlara insan kapitalının təkmilləşdirilməsi, yeni texnologiyaların və institutların icad edilməsi və geniş tətbiqi aiddir;
–Yeni ekserji mənbələrinin tapılıb, iqtisadi sistemlərdə tətbiqi. Bu baxımdan ən uğurlu həll yolu bərpaolunan Günəş və külək enerjisinin (ekserjinin) istifadəsidir.
Digər, daha baha başa gələn və nəticəsinə elmi baxımdan tam əmin olmadığımız (hələlik!) həll yolları bunlardır:
–İqtisadi sistemlərdə istifadə edilən elementlərin, maddələrin təkrar emalı və istifadəsi;
–Entropiyanı kəskin artıran istehsal proseslərinin Yerətrafı orbitə və başqa göy cisimlərinə daşınması, orada həyata keçirilməsi;
Yerdənkənar mədən işinin təşkili;
Kvant – hesablayıcı texnologiyaların, robotların və Süni İntellektin tətbiqi ilə daha səmərəli iqtisadi sistemlərin yaradılması, israfçılığın azaldılması və məhsuldarlığın kəskin artırılması;
–Biomühəndislik (Biologiya 2.0) vasitəsilə insanın təbiətini təkmilləşdirməklə, fərqli iqtisadi sistemlərin təsis olunmasına nail olmaq;
–“Həyatın” tam fərqli, karbon -əsaslı olmayan formalarının meydana yaratmaq;
Daha dözümlü struktura malik və daha çox miqdarda exerjini özündə toplayan elementlərin kəşfi və ya uzaq göy isimlərində tapılması.

5.0. Nəticələr və Həllini Gözləyən Məsələlər:

Ramin isayevin bu kitabda təklif etdiyi yeni iqtisadi nəzəriyyə iqtisadi fəaliyyətə tamamilə yeni bir baxışın məhsuludur.

Yeni nəzəriyyə tamamilə orijinal fikirlər üzərində qurulub, Kainatın maddi hissəsinin ən əsas və bizə məlum olan ən əhatəli qanunundan (entropiya Qanunundan) qaynaqlanır. Bu yeni nəzəriyyə həmçinin Kainatda baş verənlərin qeyri-maddi mənbələrdən də qaynaqlandığını inkar etmir və bunu informasiya entropiyası ilə ifadə edir.

İqtisadi sistemin və iqtisadi fəaliyyətin mərkəzində insan dayandığı, insanın həm maddi, həm də ruhsal varlıq olduğunu nəzərə alaraq, biz iqtisadi fəaliyyətin əsl səbəbini göstərir, sosial-təbii kompleks varlıqlar olan iqtisadi sistemlərin tərəqqisi və böyüməsinin şərtlərini geniş müzakirə edir və bəşəriyyətin üzləşdiyi problemlərin fundamental elmlərə əsaslanan həll yollarını təklif edirik.

Kitabda irəli sürülən yeni iqtisadi nəzəriyyə iqtisadi artımın yavaşımasının elmi əsaslarını təqdim edir və karbon-əsaslı olmayan həyatın meydana çıxmasını proqnozlaşdırır.
Kitabda irəli sürülən nəzəriyyə, fundamental prinsiplərə söykənən istənilən elmi nəzəriyyə kimi yeni tədqiq olunmalı məsələləri göstərir və Dünya elmi ictimaiyyətini bu məsələlər barədə müzakirə və tədqiqatların aparılmasına dəvət edir.

Müzakirə olunmalı mövzuların qısa siyahısı burada təqdim edilir:

— informasiya və enerji;
— ruh və materiya;
— süni intellekt və həyatın yeni formaları;
– süni intellekt və texnoloji sinqulyarlıq;
— qeyri-ekvilibrium hallarında optimallaşdırmanın riyazi həlləri;
— enerji (yeni formaları və mənbələri);
— entropiya hesablanması üsulları (entropiya statistikası və hesabatı);
— mənfi entropiya istehsal edən proseslərin yaradılması;
— mənfi entropiya ilə qidalanan və işıq sürətindən qat-qat yüksək sürətlə hərəkət edə bilən superintellektin yaradılması;
— Biologiya 2.0 (biomühəndislik);
— Etika və texnologiya…
Biz hesab edirik ki, bu yeni nəzəriyyə iqtisadi problemlər içində çabalayan bəşəriyyətin köməyinə gələcək və Qərb elmi ilə Şərq fəlsəfəsinin birləşərək həyatın bütün formalarına xidmət etməsinin ilk uğurlu layihəsi olacaq.

Müəllif müzakirələrə və təkliflərə hörmətlə yanaşır və oxuculardan tənqidi qeydlər və konstruktiv təkliflər gözləyir.

6.0. Mövcud İqtisadi Artım Nəzəriyyələri və Onların Məhdudiyyətləri.

Kitabda bir neçə yerdə qeyd etdiyimiz kimi, insan həyatı entropiyanın artması qanununa qarşı üsyandır. İnsan ətraf aləmdən neqativ entropiya alır ki, fəaliyyəti nəticəsində yaratdığı entropiyanı kompensasiya etsin, öz termodinamik ekvilibrium halına, yəni ölümünə tez çatmasın.

İnsan orqanizmi çox mürəkkəb ruhsal-təbii sistemdir və insanın ömrünün uzunluğu onun bir ruhsal-təbii sistem kimi kompelskliyindən və ətraf aləmdən mənfi entropiya (informasiya + ekserji) “udması” imkanından asılıdır.

İnformasiya insanın öz ruhsal –təbii sistem olan orqanizmini daha mükəmməl (effektiv və səmərəli) sistem kimi saxlaması üçün lazımdır; ekserji (iş görəbilən enerji) isə insanın orqanizmində (mürəkkəb ruhsal-təbii sistemdə) getməsi vacib olan prosesləri “yanacaq” ilə təmin etmək üçün lazımdır. İnformasiya “qidası” informasiya entropiyası ilə asanlıqla və dəqiq ölçülə bilər (K.Şannon düsturlarına əsasən), ekserji ilə əlaqədar termodinamik entropiya da asanlıqla və dəqiq ölçülə bilər. (L.Boltzmann düsturuna əsasən).

Bu yanaşma, insanların iqtisadi fəaliyyətinin ən düzgün və ən elmi qiymətləndirilməsi olardı. Lakin, köhnə iqtisadi nəzəriyyələr tam fərqli yol ilə gediblər: ümumi iqtisadi məhsulun, artımının və insanlar arasında bölünməsinin ölçülməsi yolu ilə gedib. Bu isə qıt resurslardan səmərəsiz istifadəyə, biznes tsikllərinin meydana çıxmasına və ümumi iqtisadi məhsulun kəskin qeyri-bərabərliklə bölünməsinə gətirib çıxarıb. Bu məsələdə iqtisadçıları çox da günahlandırmaq lazım deyil: belə ki, iqtisadi fəaliyyət, insan sivilizasiyası uzun tarixə malik olsa da, iqtisadiyyat elmi cəmisi 250-lik tarixə malikdir.

İqtisadi sistemlər mürəkkəb sosial-təbii sistemlər olduğu üçün və iqtisad elminin əsasını qoyan alimlər əsasən sosial elmlərdən və riyaziyyatdan gəldikləri üçün, iqtisad elminin inkişafı çox vaxt yanlış istiqamətdə gedib və buna görə də iqtisadi siyasəti formalaşdıranlar, insanlara daha çox bədbəxtlik gətiriblər, nəinki xoşbəxtlik. Son 250 il ərazində Qərb ölkələrində, 20-ci əsrdə Çin və SSRİ-də baş verənlər dediklərimizi sübut edir.

Bu kitabın müəllifinin — Ramin İsayevin şansı olub ki, neoklassik iqtisadi artım nəzəriyyəsinin banisi, Nobel mükafatı laureatı Robert Solo ilə ekzogen, endogen və hibrid iqtisadi artım nəzəriyyələrini və bu nəzəriyyələrin limitlərini və problemlərini detallı müzakirə etsin. Müxtəlif istisadi artım nəzəriyyələrinin riyazi təhlilləri bu kitabda növbəti fəsillərdə detallı verilib.

Burada sadəcə bir-neçə ümumi nəticəni qedy edək:

1) iqtisadi sistemlərin fəaliyyətinin nəticəsinin ÜDM (Ümumi Daxili Məhsul) ilə ölçülməsi özü qüsurludur: birincisi, ÜDM iqtisadi fəaliyyətin əsl səbəbi barədə heç nə demir və bununla əlaqədar deyil; ikincisi, ÜDM iqtisadiyyatın kompleksliyini əks etdirmir; Məsələn, Finlandiyanın və Qazaxıstanın ÜDM-ləri təxminən bərabər olsalar da, bu iki iqtisadi sistemin komplekslik dərəcəsi və dayanıqlığı müqayisəedilməz dərəcədə fərqlidir. Deməli, ÜDM-ləri ilk baxışdan oxşar görünsə də, bu iki iqtisadiyyatın entropiya istehsalları dəfələrlə fərqlənir. Bu isə, daha çox xalis entropiya yaradan ölkənin (Qazaxıstanın) iqtisadi artımını ciddi şəkildə məhdudlaşdırır və nəticədə adambaşına düşən ÜDM-in Finlandiyada, Qazaxıstana nisbətən 4 (dörd!) dəfə çox olmasına gətirib çıxarır;
2) Müasir iqtisadiyyat elminin banisi Adam Smit hesab edirdi ki, iqtisadi istehsalın əsas amilləri L (əmək), K (kapital) və M (torpaq) idi. Ən aparıcı amil isə əmək idi. Sənayeləşmiş iqtisadiyyatların təhlili göstərir ki, bu yanlış nəticədir. Sənayesi inkişaf etmiş ölkələrin ÜDM-nin maya dəyərinin təhlili göstərir ki, xərcin 70%-i L (əmək), 25%-i K (kapital) və 5%-i E (enerji) üçün ödənir. Lakin, ÜDM-də istehsal amillərinin elastiklikləri çox fərqlidirlər bu rəqəmlərdən: təxminən 15% L (əmək), 40% K (kapital) və 35% E (enerji) və 10% A (innovativlik) kimi mənbələrdən formalaşır;
3) Müxtəlif endogen iqtisadi artım nəzəriyyələri isə texnoloji tərəqqinin hansı səbəbdən qaynaqlandığını izah etməkdə çətinlik çəkirlər. 3-cü və 4-cü sənaye inqilablarında iqtisadi artımın niyə çox aşağı düşdüyünün mövcud endogen iqtisadi artım nəzəriyyələrində ciddi və əsaslı izahı yoxdur.

Robert Solo ilə uzun müzakirələrin nəticəsi bu idi ki, mövcud iqtisadi nəzəriyyələr iqtisadi artımın kəskin azalmasını izah edə bilmirlər, yeni iqtisadi nəzəriyyələrə ehtiyac var. Bu kitabda Ramin İsayevin irəli sürdüyü nəzəriyyə (iqtisadi fəaliyyət mənfi entropiya istehsalı kimi) müasir iqtisadi sistemlərin mövcudluğu və fəaliyyətinin əsas səbəbləri ilə birbaşa bağlıdır və buna görə də həm iqtisadi artımın limiti, həm iqtisadi artımın sürətləndirilməsi imkanları və bir sıra başqa iqtisadi problemləri asanlıqla və əsaslı şəkildə izah edə bilir.

Bir sıra məşhur iqtisadçılar belə fərziyyələr irəli sürüblər və empirik olaraq sübut etməyə çalışıblar ki, hər müharibədən sonra iqtisadi artım sürətlənir və iqtisadiyyat tərəqqi edir. Onlar bu prosesi “yaradıcı dağıdıcılıq” (creative destruction”) adlandırırlar. Lakin real tarixi proseslərdən məlumdur ki, heç də həmişə müharibədən sonra iqtisadi artım və iqtisadi tərəqqi müşahidə olunmur. Mövcud iqtisadi nəzəriyyələr bunu izah edə bilmir. Məsələn, müharibənin viranə qoyduğu Almaniya və Yaponiya çox qısa müddətdə inkişaf edərək, Dünyanın ən zəngin, sənayesi inkişaf etmiş ölkələrinə çevrildilər. Ramin İsayevin təklif etdiyi iqtisadi nəzəriyyədə bunun izahı çox sadədir.

Belə ki, Ramin İsayevin irəli sürdüyü inkişaf, o cümlədən iqtisadi inkişaf nəzəriyyəsinə əsasən, iqtisadi dəyər yaradan əsas səbəblər bunlardır:

— insanların, strukturu zəngin və kompleks sistemlər qurmaq potensialı və bacarığı;
— ucuz, etibarlı və bol ekserji mənbələri;
— kompleks sistemin fiziki infrastrukturunu qurmaq üçün lazım olan, intrinsik kompleks strukturuna malik elementlərin və maddələrin iqtisadi səmərəli şəkildə əlçatan olması.

Bu sadalananlar hamısı yüksək mənfu entropiya deməkdir və yüksək iqtisadi dəyər yaratmaq deməkdir. Almaniya və Yaponiya mütəxəssisləri kompleks sistemlər qurmaq informasiyasına və biliklərinə malik olduqları üçün, onlar çox qısa zamanda çox yüksək kompleksliyə malik sistemlər qurdular və çox əlavə dəyər yaradan kompleks məhsullar və xidmətlər istehsal etməyə başladılar. Bu onları zəngin ölkələrə çevirdi. Lakin, bir sıra ölkələrdə yüksək komplekslərə malik sistemlər qurmaq və yüksək əlavə dəyər yaradan məhsul və xidmətlər istesal etmək üçün bilik və informasiya olmadığı üçün, belə ölkələr bəsit, primitiv iqtisadi sistemlər qurur və az dəyər yaradan mal və xidmətlər istehsal edirlər, kasıb qalırlar.

Deməli iqtisadi tərəqqinin və iqtisadi artımın olması, yüksək kompleksliyə malik sistemlər qurmaq və struktur kompleksliyi zəngin olan məhsullar istehsal etməkdən asılıdır. Bu isə yüksək bilik, informasiya və ekserji tələb edir, yəni yüksək mənfi entorpiya yaratmaq tələb edir. Effektiv, səmərəli, yüksək kompleksliyə malik sosial iqtisadi və siyasi institutlar qurmaq özü mənfi entropiyanı artırır. Belə sistemləri isə yüksək təhsilli insanlar yarada bilər. Ona görə də istənilən cəmiyyət üçün ən böyük mənfi entropiya mənbəyi bilik və informasiyadır.

Bu səbəbdən də, Süni İntellektin meydana çıxması və bəşəriyyətin yaratdığı informasiyanın kəskin artması, iqtisadi tərəqqi və iqtisadi artım üçün misli görünməmiş fürsətlər yaradır! Bu dəyişikliklər xoş niyyətlə istifadə olunarsa, bəşəriyyət tarixdə görünməmiş rifah halına yüksələcək və bu da potensial olaraq hər kəsi faydalandıra bilər.

Məlumat üçün qeyd edim ki, təxminən 25 il sonra bir kompyuterin intellekti bütün insanların birgə intellektindən yüksək olacaq. Əgər 2010-cu ildə 2 ZB informasiya yaradılmışdırsa, 2024-cü ildə Yerdə təxminən 200 ZB informasiya yaradılıb. (1 ZB = 10^21 bayt).

7.0. Enerji (ekserji) istehlakı və iqtisadi fəaliyyətin nəticələrindəki fərqlərin mümkün izahları

İnsan sağ qalmaq, çoxalmaq və tərəqqi etmək üçün hər zaman enerjiyə (ekserjiyə – iş görə bilən enerjiyə) ehtiyac duyub. İnsanın ruhsal komponentini nəzərə almasaq, insan termodinamika qanunlarına tabe maşın kimi davranır.

İnsanın ruhsal aləmi hələ dərk edilməmiş bir sahədir və bu sahədə biliklərimizin artması həm insanın iqtisadi, həm sosial, həm də təkamül fəaliyyəti üçün olduqca əhəmiyyətlidir.
İnsan termodinamik maşın kimi enerji ilə qidalanır ki, fəaliyyət göstərə bilsin. İnsanın matobolizm vasitəsilə əldə etdiyi və gün ərzində sərf edə biləcəyi enerji məhduddur. Məsələn, ən gərgin rejimdə işləyəndə insan bir gündə maksimum 2500 kkalori ≈ 2,9 kVt.saat enerji sərf edə bilir.

Bu elə də böyük rəqəm deyil. İnsan özünün bu işgörmə limitini aradan qaldırmaq üçün qullardan, ev heyvanlarından və maşınlardan (texnoloji avadanlıqlardan) istifadə etməli olub.

Biz bu gün müxtəlif ölkələrdə adambaşına düşən enerji istehlakını hesablasaq və onu bir nəfərin gündəlik enerji sərfinə bölsək (≈ 2,9 kVt.saat), o zaman biz həmin ölkə vətəndaşının neçə “enerji qulu”-na malik olduğunu deyə bilərik. (bax: Cədvəl 1.):

— məsələn, Azərbaycan üçün bu rəqəm təxminən 60 kvsaatdır. Yəni, Azərbaycan vətəndaşı 20 “enerji qulu” işlədir;
— ABŞ vətəndaşı üçün bu rəqəm 210 kVsaat edir. Bu o deməkdir ki, ABŞ vətəndaşı təxminən 70 “enerji qulu” işlədir.

Bu göstərici həm ölkə vətəndaşının həyat səviyyəsini, həm də ölkə iqtisadiyyatının texnoloji inkişafının göstəricisidir. Lakin, unutmayaq ki, bu göstərici kobud göstəricidir. Belə ki, enerji səmərəliliyi barədə məlumat vermir.

İnsan min illər boyu öz həyatı üçün lazım olan ekserjini qullardan və ev heyvanlarından istifadə etməklə təmin etməyə çalışıb. Lakin, qullar və ev heyvanları çox böyük ekserji verə bilmədikləri üçün insanlar 1-ci Sənaye İnqilabına qədər elə də zəngin ola bilmədilər. 1-ci Sənaye İnqilabı (buxar maşınları və daha çox dəyər yaradan kompleks iqtisadi təsisatlar) imkan verdi ki, insanlar 200 il ərzində görünməmiş zənginliyə qovuşsunlar.

Məsələn, gücü 70 Vatt olan maşın 10 saat ərzində 230 insanın gördüyü qədər iş görə və dəyər yarada bilirdi. Bu bəşəriyyətin inkişafında keyfiyyətcə yeni mərhələ idi:

–2023-cü ildə Yer üzərində olan termodinamik maşınların toplam gücü;

— 20 TVt (TVt = trilyon Vatt) təşkil edir. Təxminən. Yerdəki termodinamik maşınların gün ərzində gördükləri iş;

— 80 PVt-saat (PVt · saat = 10^15) Vt ·saat);

— Bu isə o deməkdir ki, sanki Yer kürəsində hər gün;

— (80 ·10^15 Vt ·saat)/(2,9 kVt · saat) ≈ 30 · 10^12 işçi = 30 trilyon ·- işçi işləyir.

Yəni, yalnız iqtisadi fəaliyyətin enerji (ekserji) komponentini nəzərə alsaq, belə çıxır, maşınlar insanlar üçün əlavə 30 trilyon “enerji qulu”-nu əvəz edirlər. Bu isə hər Yer sakininin təxminən 4000 (!) “enerji qulu”-na malik olması deməkdir. Sivilizasiya tarixində hələ belə şey olmamışdı!!

 Cədvəl 1.-dən digər nəticələrə də gəlmək mümkündür:

— məsələn, Azərbaycan iqtisadiyyatında 2023-cü ildə hər 1 dollar (sabit olan dollar) məhsul istehsal etmək üçün təxminən 3,98 kVsaat enerji sərf edilir;
— lakin, Böyük Britaniyada hər 1 dollar ÜDM istehsalı üçün 0,6 kVsaat enerji sərf edilir.

Bu o deməkdir ki, Böyük Britaniyada (2023) istehsal Azərbaycandakı ilə müqayisədə təxmin 6,7 dəfə (enerji istifadəsi baxımından) daha səmərəlidir. Bu əlbəttə ki, BB iqtisadiyyatının daha kompleks xidmət iqtisadiyyatı olmasının nəticəsidir.

Bu cədvəldən başqa nəticələrə də gəlinə bilər. Əsas nəticə budur ki, daha kompleks iqtisadi sistemlər quran, yüksək əlavə dəyər yaradan, mallar və xidmətlər istehsal edən iqtisadiyyatların artım potensialı da yüksəkdir, əhalisi də daha zəngin yaşayır. Qabaqcıl məhsul və xidmət istehsalı modelli iqtisadiyyatlar həmdə enerji (ekserji) baxımından daha səmərəlidirlər.

Azərbaycanın çox sayda ölkələrə neft-qaz, elektrik ixracı əslində həmin ölkələrin kompleks iqtisadi sistemlərini yaşatmaq və tərəqqi etdirmək üçün çox mühümdür. Gələcəyin iqtisadi sistemləri enerji və informasiya amilləri sayəsində inkişaf edəcəklər. Nadir Torpaq Elementləri (Metalları) isə gələcəyin iqtisadiyyatının infrastrukturunun qurulması üçün əvəzedilməzdilər. Bu səbəblərdən, yaxın və orta müddətdə əsas rəqabət və münaqişələr informasiya resursları, enerji (ekserji) resursları və Nadir Torpaq Metalları uğrunda olacaq. Əsl kök səbəb isə Neqativ Entropiya İstehsalı uğrunda olacaq!

araz.az xəbər portalı.