“Qarabağ” futbol klubunun uğurlarının təməli müharibədən əvvəl qoyulsa da, əsas qələbələrin intensivləşməsi II Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf edir. Futbol azarkeşi deyiləm, futbol izləmək hər nə qədər əyləncəli olsa da, bir o qədər xaotik vaxt itkisidir. Bəlkə də domino, nərd oynamaq, bir çaynik çayın başında saatlarla deyinmək daha faydalıdır, halbuki bu oyunlarla da aram yoxdur. Bu, mənim şəxsi fikrimdir.

Amma düşünürəm ki, klubun qələbələri Qarabağın coğrafi-siyasi olaraq Azərbaycanın bir parçası olmasının idman müstəvisində təsdiqidir və “Qarabağ”ın coğrafi-siyasi olaraq Azərbaycana məxsusluğunu da möhkəmləndirmiş olur. Bu amil istisna olmaqla, “Qarabağ” futbol komandasının, eləcə də digər komandalarımızın, millimizin mənim üçün zərrə qədər də əhəmiyyəti yoxdur. Ölkədə futbol oldu, ya olmadı, nə fərqi var, ayaq yox, baş inkişaf etməlidir.

Çox maraqlı bir tendensiyanı müşahidə edirəm, toplu halda insanlarımızı sevindirən yeganə şey bəlkə də “Qarabağ” klubunun oyunlarıdır. Qışqırmaq, əsəblərini küyləmək, emosiyalarını çıxarmaq təhtəlşüurun melodik ifadəsidir. Başqa heç nəyə sevinə bilmirlər. Hələ bizdə yaxşıdır, çox sönükdür, inteqrasiyasına sinov getdiyimiz Avropada futbola görə adam öldürürlər.

Cəmiyyətimizin altşüurun arayışsız və xroniki depressiyadan əziyyət çəkən ritmi futbolda qalxır, restoranda düşür. Real xoşbəxtlik tablosunu restoranlardan paylaşılan yarıçılpaq gülüşlər minib çapır, fotolar kabab qoxuyur.

Sevinmək yaxşı şeydir, sevinin!

Samir FEYRUZOV.

araz.az xəbər portalı.