Mayın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılacaq. Muzeyin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, sərgidə rəssamın təsviri sənətin müxtəlif növ və janrlarında yaratdığı 50-dək əsəri nümayiş etdiriləcək.

Eldəniz Babayevin 55 illik yubileyi ərəfəsində təşkil edilən tədbir ideya və məzmun baxımından bir neçə mühüm məqamı özündə birləşdirir. Sərginin 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına təsadüf etməsi Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını sənət dili ilə ifadə edir.

Ekspozisiyada Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də türk tarixində və xalqlarımızın istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, Azərbaycan və Türkiyənin müstəqillik ideyalarını yaradıcılığında tərənnüm etmiş görkəmli şairlərin portretləri yer alacaq. Burada rəssamın 2025-ci ildə yaratdığı və hazırda İstanbulda Türkiyə İş Bankının binasında, M. K. Atatürkə həsr olunmuş salonda sərgilənən “Atatürk İş bankçılarını salamlayır – 1927” adlı əsərinin eskizi, həmçinin hər iki ölkənin mədəniyyətini, ənənələrini, məişətini əks etdirən əsərlər də nümayiş olunacaq.

Sərgidə türk və macar xalqları arasında tarixi dostluq və mədəni yaxınlığın bədii təcəssümü kimi macar xalqının etnoqrafiyasını əks etdirən əsərlər və istiqlal şairi Şandor Petöfinin portreti də təqdim ediləcək.

Ekspozisiyanı müəllifin görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yaratdığı portret və xalça mövzusunda tablolar tamamlayacaq.

“Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Milli Xalça Muzeyi, Atatürk Mərkəzi, Yunus Əmrə İnstitutu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə baş tutacaq.

Sərgi 2 iyun 2026-cı il tarixinədək davam edəcək.

araz.az xəbər portalı.