Təhsil haqqını ödəyə bilmədiyimiz üçün övladım kollecdəki təhsilini yarımçıq qoydu

Xəstə və yaşlı anamın dərmanlarını almaq, qaz, işıq borcunu və internet pulunu ödəmək üçün illərlə topladığım ədəbiyyatı, kitabxanamı və ev əşyalarımı satmalı olmuşuq

İllərlə topladığı kitabları, şəxsi kitabxanasını və ev əşyalarını satışa çıxarmaq məcburiyyətində qalan məşhur ilahiyyatçı Tural İrfan çətin sosial vəziyyətlə üzləşib. O, ictimai və dini fəaliyyətinə, dövlətçilik və milli maraqlarla bağlı mövqeyinə görə müxtəlif təzyiq və təhdidlərə məruz qaldığını bildirir.

Onun sözlərinə görə, bu təzyiqlər zamanla sosial vəziyyətinə də təsir göstərib, ailəsinin gündəlik ehtiyaclarını qarşılamaq imkanlarını məhdudlaşdırıb. Xəstə və yaşlı anasının dərmanlarını almaq, kommunal xərcləri ödəmək və övladının təhsilini davam etdirmək üçün ailə əmlakını satışa çıxarmaq məcburiyyətində qalıb. İllərlə topladığı kitabların satışından əldə etdiyi gəlir isə ən zəruri ehtiyacların qarşılanmasına yönəlir.

İlahiyyatçı Tural İrfanın Sherg.az-la müsahibəsini Arazpress.com da oxucularına təqdim edir:

— İllərlə topladığınız kitabları, şəxsi kitabxananızı və ev əşyalarınızı satışa çıxarmaq məcburiyyətində qalmısınız. Çox təəccübləndik. Sizi belə bir qərar verməyə vadar edən səbəblər nədir?

— Kitablarımı və ev əşyalarımı satmağa məni bir neçə səbəb vadar edib. Uzun müddətdir maarifləndirici, dini və siyasi yöndə dövlətə bağlı, milli məfkurəyə əsaslanan fəaliyyətimə qarşı şiddətli hücumlar, təzyiqlər və təhdidlər davam edirdi. Xarici ölkələrin, əsasən İranın təsirində olan və ya həmin ölkələrə bağlı yaxud dolayı yollarla yad maraqlara qulluq edənlər məni hərtərəfli təcridə məruz qoyurdular. Mütəmadi olaraq bu haqda ictimaiyyətə açıqlamalarımda və müsahibələrimdə imkan olduğu qədər məlumat verirdim. Sosial şəbəkə paylaşımlarında yazılan təhqir, təhdid və təzyiq rəylərində də bu hücumların, mənfur kampaniyanın hansı dairələrin və hansı ölkələrin maraqlarına xidmət edənlərin etdiyi aydın görünür.

Son olaraq Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı televiziya müsahibələrimdən sonra isə bu təzyiqlər daha da artdı. Demək olar ki, tamamilə mənəvi terrora məruz qaldım. Dövlətin qərarının haqlı olduğu, bunun dinlə də heç bir ziddiyyət təşkil etmədiyini vurğulayıb İslam hüququna görə də əsaslandırmışam. Əsasən İrandan, Qumdan qaynaqlanan şəbəkələrin ölkəmizdəki sızıntılarına və dünyəvi dövlət quruluşuna yönəlik açılmış hibrid savaşa qarşı mübarizə aparan millət vəkili Fazil Mustafanın terrora məruz qalmasından əvvəl və sonra da təzyiqə məruz qaldım. Onun dövlətçiliyin qorunması yönündəki fikirlərini və hibrid hücumlara qarşı mübarizəsini dəstəkləyib mövqeyini müdafiə etməyim də bu dairələrin hədəfinə gəlməyimə səbəblərdən biri olub.

— Sizdən nə tələb edirlər ki?..

— Onun kimi mənim də terrora məruz qala biləcəyim bildirildi. İrançılığa, içində irançılığın yeridildiyi siyasi məzhəbçiliyə qarşı çıxış etməməyim tələb olundu. Ancaq mən xalqın, millətin və dövlətin yolunda şəhid olmaqdan çəkinmədiyimi, millət vəkilinə atılan güllənin dövlətə atıldığını rəsmən bəyan etmişəm.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimai Şurasının üzvü olaraq həmin komitənin tədbirlərində fəal iştirak edib ictimaiyyətlə sağlam münasibətlərin inkişafına xidmət etmişəm. Din pərdəsi altında radikalizm və ekstremizm yayanlara qarşı barışmaz olmuşam. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi maarifləndirmə işini elmi və publisistik məqalələrlə, çoxsaylı müsahibə və televiziya verilişləri vasitəsi ilə davam etmişəm. Mən təsadüfi ilahiyyatçı deyiləm, məzhəb ilahiyyatçısı da deyiləm. 30 ilə yaxın təhsil, tədris və ictimai-siyasi fəaliyyətim, həmçinin dini maarifçilik təcrübəm var.

— Bir az ətraflı danışa bilərsiniz, məqsəd nədir?

— İrana bağlı qüvvələr istəyir ki, ölkəmizdə yalnız orada təhsil və təlim görmüşlər, oradakı siyasi – dini liderlərə təqlid edənlər üzdə olsun. Bütün təşkilatlarda, ictimai və dini qurumlarda yalnız İranın teokratik siyasi məzhəbçilik doktrinasına qulluq və təqlid edənlər yerləşsin. Elələri də yad ideologiyalara xidmət etdiklərini məzhəb, ənənəvi din, tarixçilik, siyasətçilik və başqa peşələrlə pərdələsinlər.

Hər zaman tolerantlığa və multikultural dəyərlərin inkişafına töhfə verməyə çalışmış, dövlət başçısının din siyasətini dəstəkləmiş və ölkədə sağlam dövlət ilə din münasibətlərinin inkişaf etməsinə xidmət etmişəm. Bu fikirlərdən və mövqeyimdən dönməyimlə bağlı xüsusilə son illərdə gizli və açıq mesajlar almış, müxtəlif yol və üsullarla təcridə, təhdidə və təzyiqlərə məruz qalmışam. Xaricdən mayalanan, məzhəbçilik altında gizlənən, müxtəlif təşkilat və dairələrdə təmsil olunan, yad maraqlara xidmət etdiyini gizlətmək üçün müxtəlif peşə və ad altında fəaliyyət göstərənlər və onların əlaltıları məni ictimai fəaliyyətdən məhrum edilməyim üçün davamlı təsirlərə məruz qoyublar.

— Bu təzyiqləri əsasən sizi işsiz qoymaqla edirlər?

— Məni həyatdan götürmək o qədər də asan olmadığından zəif nöqtə kimi sosial iqtisadi vəziyyətim hədəf seçildi. Ailəmi, məişətimi, elmi və ictimai fəaliyyətimi məhdud da olsa təmin edə biləcək bütün maddi və mənəvi resurslardan, işimdən məhrum edildim. Evimə və ailəmə qədər təhdid və təhqir olundum. Hazırda bütün ailə üzvlərim və özüm işsizik, təkcə 85 yaşlı anamın təqaüdünün ümidinə qalmışıq.

Son dövrlərdə gözətçi və fəhlə işləyirdim. O işi də güc bəla ilə tapdım. Uzun müddət qapı- qapı düşdüm və ancaq tanışlıqla, xahişlə, minnətlə bir işə düzələ bildim. Çünki ictimai mövqeyimə görə hər yerdə qapılar üzümə bağlanırdı. Nəhayət tapdığım bu işlə ailəmi dolandırır, eyni zamanda ictimai fəaliyyətimi də davam etdirirdim. Sonra siyasi fəaliyyətimi bəhanə gətirərək məni o işdən də çıxardılar. Açıq şəkildə dedilər ki, sənin ictimai fəaliyyətin bizə zərər vurur. Əsl səbəb isə başqa idi. Bu, İranın ölkəmizə qarşı təhdidlərinə qarşı göstərdiyim duruş və həmin məsələ ilə bağlı verdiyim müsahibələr idi. Məni açıq şəkildə hədəfə ala bilmədikləri üçün çörəyimlə oynadılar. Yəni güc- bəla ilə tapdığım son iş yerimdən də məhrum edilməyim təsadüfi inzibati qərar deyildi. Səsimi kəsmək üçün seçilmiş dolayı təzyiq üsulu idi. Məqsəd o idi ki, maddi sıxıntı içində boğulum. Ailəmin dolanışığını düşünməkdən ictimai fəaliyyətə, xarici təsirlərlə, din pərdəsi altında dövlətə qarşı fəaliyyət göstərənlərlə mübarizəyə vaxtım və gücüm qalmasın. Hər dəfə harasa işə düzəlmək istəyəndə də eyni ssenari təkrarlandı. Siyasi fəaliyyət bəhanə edildi. Əslində isə milli, dini, dövlətçi mövqeyimə görə cəzalandırıldım.

— Jurnalistlərin də ekspert kimi tez-tez müraciət etdiyi şəxs bu hala necə salına bilər…

— Fərqli və müasir fikir söyləyənlərin, xurafatı və mövhumatı tənqid edənlərin sonu həmişə belə olur. Seyid Əzimi məscid qapısında sıxıb öldürüblər. Mirzə Cəlil uşaqları soyuqdan donmasınlar deyə əlyazmalarını sobada yandırıb. Hadi biyabanlarda ölüb, itib batıb. Son illərdə əvvəllər Türkiyədə fəaliyyət göstərmiş Fazil İsmayılov adlı ilahiyyatçı alimimiz kirayə pulunu ödəyə bilmədiyi üçün küçələrdə acından öldü. Cəmiyyətin də biganəliyi var. Lakin mən dövlətimi müdafiə etdiyim üçün bu hala salınmağımı qəbul edə bilmirəm. Ömrümü sağlam, dövlət maraqlarına uyğun dini, siyasi və ədəbi fəaliyyətə həsr etmişəm. 8 kitab müəllifiyəm, onlardan ikisi milli vətənpərvərlik ruhunda yazılmış, faciələrimizdən bəhs edən sənədli romandır. Xarici təsirləri, radikal qrupları və təfriqə salanları ifşa etmişəm.

— Bu vəziyyətin ailənizə, xüsusilə övladınıza təsiri barədə nə deyə bilərsiniz?

— Övladımı təşviq edirdim ki, Azərbaycan İlahiyyat İnstitutuna daxil olsun. İndi mənə sual edir ki, ata, mən də oxuyub bitirəndən sonra sənin kimi kitablarımı satmağa məcbur olacağam? Mən ona hələ cavab verə bilməmişəm. Yəni tanınmış bir ilahiyyatçının bu cür çıxdaş edilməsi və düşmən hədəfində naçar buraxılması ölkədə dini təhsil almaq və din sahəsində fəaliyyət göstərmək istəyən gənclərdə ruh düşgünlüyü yaradar. Xarici ideologiyaları din pərdəsi altında yeridənlər milli ilahiyyatçıları məhv etməyi hədəf seçiblər. Çünki məzhəb yox, din ilahiyyatçıları milli din modelimizi müdafiə edir və xarici din modellərinə qarşı çıxır. Belələri də barmaqla sayılacaq qədərdir. Açıq hədəfə ala bilməyəndə də dolayı təzyiq edirlər. Zəif tərəfimi axtarıblar, görüblər ki, maddi çətinliklər içində yaşayıram. Düşünüblər ki, Tural İrfanın səsini kəsmək üçün onu maddi problemlərin ağuşunda boğmaq lazımdır. Beləcə vaxtilə əldə etdikləri dost tanış, təsir dairələri və sosial baza hesabına bütün işıq gələn yolları tıxaya biliblər. Açıqlaya bilmədiyim, mətbuat üçün bəlkə də məqbul olmayan nöqtələr də var…

Hər dəfə tolerantlığı, dünyəvi dövlət modelini və dövlətin mövqeyini müdafiə etdiyimdə dəhşətli və dözülməz təzyiqlərə, təhdidlərə, təhqirlərə, təcridə və məhrumiyyətlərə məruz qalmışam. Təbii ki, mən və mənim kimilərə qarşı bu proses çox məharətlə və təcrübəli formada aparılır, iz qoymamağa çalışırlar. Tanınmış bir ilahiyyatçını, yazıçını və ictimai fəalı silahlı yaxud açıq terrora məruz qoymaq asan deyil. Bu kimi halların qarşısının alınması üçün Azərbaycan Respublikasının xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları çox aktiv fəaliyyət göstərirlər. Odur ki, mənə qarşı mənəvi terroru, sosial iqtisadi çarəsizliyə məhkum etməyi və daha fərqli başqa yolları seçiblər.

— Sizə dəstək olmaq üçün kitablarınızı alanlar var?

— Özüm və bütün ailə üzvlərim işsiz və təcrid vəziyyətindəyik. Təhsil haqqını ödəyə bilmədiyimiz üçün övladım kollecdəki təhsilini yarımçıq qoymalı oldu. Xəstə və yaşlı anamın dərmanlarını almaq, qaz, işıq borcunu və internet pulunu ödəmək üçün illərlə topladığım ədəbiyyatı, kitabxanamı və ev əşyalarımı satmalı olmuşuq. Bəli, alanlar, cüzi də olsa məbləğ ödəyənlər var. Bu gün bir nəfər bir neçə kitab aldı, anamın dərmanlarının yarısını ala bildim. Sabaha da mərhum atamın arxivindən qramafon vallarını satışa qoymuşam, Allah kərimdir. Son ana qədər səbr etmişəm, 14 il fəhlə işləyərək ictimai fəaliyyətlə məşğul olmuşam. Gündüz müsahibə verib, məqalə yazıb, axşam gözətçilik etmişəm. Daha yaş da gedir. Təhdid və təzyiqlərin çoxunu ictimailəşdirməmişəm, ona görə ki, ondan sonra daha şiddətli hücumlara və təhdidlərə məruz qalırdım.

— Bu gün həm dövlət qurumlarına, həm də cəmiyyətə əsas çağırışınız nədir?

— Zamanla aidiyyatı qurumlara da məlumat verib müraciətlər etmişik. Dövləti və dövlətçiliyi dəstəkləyən, xarici təsirlərə, dini radikalizmə, ekstremizmə və terrora qarşı çıxmış bir ilahiyyatçının mənəvi terrora məruz qalmasına dövlət qurumlarının və cəmiyyətin susqun qalmamasını rica edirəm.

araz.az xəbər portalı.