11 mart 2019-cu ildə Bakı Dövlət Universitetinə rektor təyin olunan, 19 noyabr 2026-cı ildə isə vəzifəsindən azad edilən Elçin Babayev heç də düşünüldüyü qədər sadə fiqur deyilmiş. Onun rəhbərliyi altında keçən yeddi ilə yaxın dövrün təhlili göstərir ki, BDU-da baş verənlər yalnız uğursuz idarəçilik, elmi mühitin zəifləməsi və universitet ənənələrinin aşınması ilə məhdudlaşmır. Bu dövrün arxasında daha ciddi kadr, maliyyə və himayədarlıq münasibətlərinin dayandığına dair çoxsaylı suallar mövcuddur.

Jurnalist araşdırmaları və universitet əməkdaşlarının açıqlamaları Elçin Babayevin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi mənzərə ortaya qoyur.

Universitet müəllimlərindən birinin dediyinə görə, əvvəllər dəhlizlərə çıxanda illərlə bir yerdə çalışdığı çoxsaylı müəllim və əməkdaşlarla qarşılaşmaq adi hal idi. Son yeddi ildə isə mənzərə köklü şəkildə dəyişib: Universitetin dəhlizləri və struktur bölmələri kollektivə tanış olmayan, universitet mühitinə yad insanlarla dolub. Nəticədə uzun illər bu ali təhsil müəssisəsində çalışan əməkdaşlar belə özlərini doğma universitetlərində ögey və yad hiss etməyə başlayıblar.

25 mindən çox tələbəsi olan universitetin Tələbə və gənclərlə iş şöbəsinə BDU-dan seçmə kadr tapa bilməyən E. Babayev Azərbaycan Dövlət İqtisad Universitetini 2019-cu ildə bitirmiş məzunu bu vəzifəyə gətirdi ki, bu da öz növbəsində tələbə-gənclər arasında ciddi narazılıq yaratdı.

Bu, sadəcə kadr dəyişikliyi deyil, universitetin formalaşmış elmi mühitinə, ənənələrinə və kollektiv yaddaşına vurulan zərbədir.

Elçin Babayevin kadr siyasətinin hansı prinsiplər üzərində qurulduğunu göstərən nümunələrdən biri də Ləman Əliyeva ilə bağlıdır.

Azərbaycanda bakalavr təhsilli şəxsin müxtəlif vəzifələrdə çalışmasına qanunvericiliklə ümumi qadağa yoxdur. Lakin məsələ elmi işçi vəzifəsinə gəldikdə qanunun tələbi birmənalıdır.

“Elm haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, elmi işçinin magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir. Həmin Qanunun 8.2.1-ci maddəsində isə kiçik elmi işçi vəzifəsi birbaşa elmi işçi vəzifələri sırasına daxil edilib.

Məlumatlara görə, Elçin Babayevə yaxınlığı və şəxsi münasibətləri ilə seçilən, sonradan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilən Əliyeva Ləman Rövşən qızının magistr təhsili yoxdur. Buna baxmayaraq, 03.11.2020-ci il tarixində ona əlavə ştat ayrılaraq Sənaye kimyası laboratoriyasında kiçik elmi işçi vəzifəsi verilib.

Beləliklə, ortaya çox konkret suallar çıxır: Magistr təhsili olmayan bir şəxs hansı hüquqi əsasla kiçik elmi işçi vəzifəsinə təyin edilib? Bu təyinat hansı qanuni meyarlarla əsaslandırılıb? Əlavə ştat hansı elmi zərurətdən yaranıb? Universitetin kadr xidməti və hüquq şöbəsi qanunun tələbini bilməyib, yoxsa bilərəkdən nəzərə almayıb?

Burada söhbət adi kadr səhvindən getmir. Söhbət qanunvericiliyin konkret tələbini nəzərə almadan, şəxsi yaxınlıqla əlaqələndirilən bir təyinatın həyata keçirilməsindən gedir.

Elçin Babayevin rəhbərliyi dövründə BDU-nun məzunu olmayan yüzlərlə şəxsin müxtəlif vəzifələrə gətirilməsi də kollektivdə ciddi narazılıqlar yaradıb. Burada məsələ kiminsə mütləq BDU məzunu olması deyil; əsas məsələ peşəkarlığın, elmi hazırlığın və qanuni tələblərin şəxsi münasibətlərdən üstün tutulmasıdır.

Lakin bunlar Elçin Babayevin fəaliyyəti ilə bağlı araşdırılmalı olan məsələlərin yalnız görünən tərəfidir. Əsl diqqət daha böyük maliyyə əməliyyatlarına və onun ətrafında formalaşmış münasibətlər sisteminə yönəldilməlidir.

16 MİLYONLUQ QRANT, 4–5 DƏFƏ BAHALI AVADANLIQLAR VƏ NAZİM MƏMMƏDOV FAKTORU

Əvvəllər AMEA-nın Fizika İnstitutunun direktoru olmuş, Elçin Babayevin BDU-ya rektorluğu dövründə isə onun məsləhətçisi kimi fəaliyyət göstərmiş Nazim Məmmədovla Elçin Babayev arasındakı münasibətlərin kökündə nələrin dayandığı ayrıca araşdırılmalıdır.

Xüsusilə 2014–2016-cı illərdə Nazim Məmmədovun Fizika İnstitutuna rəhbərlik etdiyi dövrə diqqət yetirmək lazımdır. Həmin illərdə Elmin İnkişafı Fondu tərəfindən ayrılmış 16 milyon manatlıq qrant layihəsi çərçivəsində alınan avadanlıqlar və bu satınalmalar zamanı həyata keçirilmiş maliyyə əməliyyatları ciddi suallar doğurur.

İddialara görə, alınmış avadanlıqların əhəmiyyətli hissəsi sonradan işlək vəziyyətdə olmayıb, istifadəsiz qalıb və hətta yararsız hala düşüb.

Daha ciddi məqam isə həmin avadanlıqların satınalma qiymətləri ilə bağlıdır. Dövlət satınalmaları sahəsində əvvəllər çalışmış bir şəxsin məlumatına görə, avadanlıqların qiymətləri bazar dəyərindən 4–5 dəfə yüksək olduğuna görə satınalma sənədləri bir neçə dəfə geri qaytarılıb. Lakin həmin dövrdə AMEA-nın prezidenti olan Akif Əlizadənin şəxsən satınalma idarəsinə gedərək tenderin baş tutması üçün xahiş etdiyi bildirilir.

Söhbət adi satınalma nöqsanından deyil, dövlət vəsaitinin istifadəsi ilə bağlı son dərəcə ciddi pozuntulardan gedir. Bu səbəbdən 16 milyon manatlıq layihənin satınalma sənədləri, tender protokolları, müqavilələr, ödənişlər, avadanlıqların faktiki vəziyyəti və hazırkı yerləşmə yeri ictimaiyyətə açıqlanmalıdır.

Elçin Babayevin Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dövrlə bağlı irəli sürülən iddialar isə daha ağırdır. Məlumatlara görə, E. Babayev Fondun rəhbəri olduğu müddətdə ayrılan qrant layihələrinin icrasında 50 faizlik “şapka” mexanizmindən istifadə edirdi. Başqa sözlə, elmin inkişafı üçün ayrılan vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-rəsmi maliyyə mexanizmləri vasitəsilə mənimsənildiyinə şübhə yeri qalmır.

Bu əməllərin həmin dövrün siyasi-inzibati himayədarlıq münasibətləri olmadan mümkün ola bilməyəcəyi aydındır. Əslində, Elçin Babayevin arxasında o zaman Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev kimi güclü bir fiqurun dayandığı heç kəsə sirr deyil.

Burada çox sadə, lakin cavablandırılması vacib bir sual ortaya çıxır: Elmin İnkişafı Fondu tərəfindən ayrılan qrant vəsaitlərinin hansı hissəsi həqiqətən elmin inkişafına, hansı hissəsi isə başqa maraqlara xidmət edib?

Bu gün Elçin Babayevin Fond rəhbəri olduğu dövrdəki maliyyə əməliyyatlarını hesablamaq və iddiaların miqyasını müəyyənləşdirmək mümkündür. Həmin dövrdə ayrılmış qrant layihələrinin ümumi həcmini götürüb ikiyə bölmək belə 50 faizlik “şapka” iddialarının nə qədər böyük rəqəmlərlə ölçüldüyünü göstərir.

İNTİQAM HACIYEV: YOXLAMALARIN ARXASINDA NƏ DAYANIRDI?

Bu məsələlərdə adı çəkilən digər şəxs Hesablama Palatasının keçmiş əməkdaşı İntiqam Hacıyevdir. Rüşvət iddiası ilə Xaçmazda saxlanılan İntiqam Hacıyevin Elçin Babayevlə yaxın münasibətləri və bu münasibətlərin hansı məqsədlərə xidmət etdiyi də diqqətdən kənarda qalmamalıdır.

İddialara görə, İntiqam Hacıyevin Elçin Babayevlə yaxınlığı Fond, Akademiya və Universitet üzrə müxtəlif yoxlama proseslərinə cəlb olunması ilə müşayiət edilib. Bu yoxlamaların nəticəsində tərtib olunan aktların real maliyyə pozuntularını üzə çıxarmaq əvəzinə, şübhəli əməliyyatları rəsmiləşdirmək və onların izlərini itirmək məqsədinə xidmət edib-etmədiyi araşdırılmalıdır.

Burada əsas məsələ yoxlamaların keçirilməsi deyil, onların nə qədər obyektiv və müstəqil olmasıdır. Əgər yoxlamalar dövlət vəsaitinin istifadəsindəki pozuntuları aşkar etmək əvəzinə, onları ört-basdır etmək üçün istifadə olunubsa, bu, artıq adi inzibati məsuliyyətsizlik deyil. Bu, dövlət vəsaitinin taleyi ilə bağlı daha ağır hüquqi məsuliyyət doğura biləcək məsələdir.

Belə çıxır ki, Fond, Akademiya və Universitet üzrə yoxlamaların aparılması, aktların tərtib edilməsi və nəticələrin rəsmiləşdirilməsi ilə mümkün qanunsuzluqların izlərinin itirilməsi arasında çox ciddi əlaqə mövcuddur. İntiqam Hacıyevin bu proseslərdəki əsas rolu məhz onun Elçin Babayevlə yaxın münasibətlərindən qaynaqlanıb. Elə bu səbəbdən Hesablama Palatasından işdən çıxarılan bu şəxs son üç ilini BDU-nun divarları arasında qeyri-rəsmi olaraq keçirib.

Bu sualların cavabı rəsmi sənədlər və müstəqil araşdırma ilə ortaya qoyulmalıdır.

MEHRİBAN İMANOVA TƏYİNATI: KÖHNƏ SİSTEMİN DAVAMI, YOXSA ÖRT-BASDIR CƏHDİ?

Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsinə gətirilmiş Mehriban İmanovanın təyinatı da bu kontekstdə xüsusi diqqət tələb edir.

İddialara görə, Qalina Mehdiyevanın “çantasını daşıyan” ləqəbli şəxs kimi xarakterizə edilən, elmdən uzaq Mehriban İmanovanın Fondun icraçı direktoru vəzifəsinə gətirilməsi əvvəlki dövrlərlə bağlı sualların cavabsız qalmasına və mümkün maliyyə pozuntularının ört-basdır edilməsinə xidmət edən addımlardan biri olub. Azərbaycan elmində kifayət qədər sanballı alimlərin olmasına baxmayaraq, xanım İmanova hələ də bu postu tutmaqda davam edir.

Bu təyinatın arxasında hansı məqsədlərin dayandığı, Mehriban İmanovanın Fondun əvvəlki maliyyə əməliyyatları barədə hansı məlumatlara malik olduğu və onun rəhbərliyi dövründə bu məsələlərin araşdırılmamasının səbəbləri ictimaiyyətə açıqlanmalıdır.

Elmin inkişafı üçün yaradılmış bir qurumun rəhbər vəzifələrinə təyinatlar elmi və peşəkar meyarlarla deyil, şəxsi yaxınlıq və himayədarlıq münasibətləri ilə müəyyənləşdirilirsə, belə bir qurumdan elmin inkişafına xidmət etməsini gözləmək mənasızdır.

2014–2016-CI İLLƏRİN AVADANLIQLARI: BU GÜN DƏFƏLƏRLƏ UCUZ ALMAQ MÜMKÜNDÜRSƏ, BƏS O ZAMAN NƏ BAŞ VERİB?

Nəhayət, 2014–2016-cı illərdə alınmış avadanlıqların qiymətləri ilə bağlı məsələ xüsusi diqqət tələb edir. İddia olunur ki, həmin dövrdə alınmış avadanlıqları bu gün — hətta sonrakı illərdə bazarda baş vermiş qiymət artımları nəzərə alınsa belə — o vaxt ödənilmiş məbləğdən bir neçə dəfə ucuz qiymətə əldə etmək mümkündür.

Bu iddianın yoxlanılması üçün mürəkkəb prosedurlara ehtiyac yoxdur. Satınalma tarixindəki müqavilə qiymətləri, həmin dövrün bazar qiymətləri, avadanlıqların texniki göstəriciləri və bugünkü ekvivalent qiymətlər müstəqil ekspertiza vasitəsilə müqayisə edilməlidir.

Əgər dövlət vəsaiti hesabına alınmış avadanlıqların qiyməti bazar dəyərindən 4–5 dəfə yüksək olubsa, bu fərqin hara yönəldiyi müəyyənləşdirilməlidir. Əgər milyonlarla manat xərclənərək alınan avadanlıqlar bu gün işləmirsə və istifadəsiz qalıbsa, onların satın alınmasına qərar verən, tenderləri təsdiqləyən və ödənişləri həyata keçirən şəxslər məsuliyyət daşımalıdırlar.

Burada artıq şəxsi münasibətlərdən, dostluqdan və vəzifə təyinatlarından danışmırıq; söhbət dövlət büdcəsindən maliyyələşən, elmin inkişafı üçün yaradılmış bir qurumun maliyyə fəaliyyətindən gedir.

ELÇİN BABAYEVİN VƏZİFƏDƏN GETMƏSİ MƏSƏLƏNİ BAĞLAMIŞ SAYILMIR!

Elçin Babayevin rektorluqdan azad edilməsi onun rəhbər vəzifələrdə olduğu bütün dövrlərin məsuliyyətini aradan qaldırmır. Əksinə, indi onun həm Elmin İnkişafı Fondunda, həm də Bakı Dövlət Universitetindəki fəaliyyəti hərtərəfli araşdırılmalıdır.

BDU-nun kadr siyasəti, 16 milyon manatlıq qrant layihəsi, satınalmaların qiymətləri, istifadəsiz qalmış avadanlıqlar, 50 faizlik “şapka” iddiaları, İntiqam Hacıyevin yoxlamalardakı “ört-basdır” rolu, Mehriban İmanovanın təyinatı və bütün bu proseslərdə adı çəkilən şəxslərin qarşılıqlı münasibətləri ayrı-ayrılıqda deyil, vahid araşdırma çərçivəsində təhlil edilməlidir.

Xüsusilə Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Elçin Babayevin hansı imkanlara malik olduğu, hansı himayədarlıq münasibətlərindən yararlandığı və bu münasibətlərin onun karyerasına, eləcə də rəhbərlik etdiyi qurumların fəaliyyətinə necə təsir göstərdiyinə hüquqi qiymət verilməlidir.

İndi əsas sual budur: Bu qədər ciddi iddialar qarşısında aidiyyəti dövlət qurumları susmağa davam edəcəklər, yoxsa nəhayət, Elçin Babayevin rəhbər vəzifələrdə olduğu dövrlərin maliyyə və idarəçilik fəaliyyətinə hüquqi qiymət veriləcək?

Universitet şəxsi münasibətlərin mükafatlandırıldığı, dövlət qrantları isə qeyri-rəsmi maraqların təmin edildiyi məkan ola bilməz. Elmi işçi vəzifəsi dostluq və yaxınlıq əsasında paylanan ştat deyil. Elmin inkişafına ayrılan milyonlar kimlərinsə şəxsi maraqlarına xidmət etmək üçün nəzərdə tutulmayıb.

Elçin Babayevin vəzifədən getməsi ilə bu suallar yoxa çıxmır; əksinə, indi həmin suallara cavab verməyin əsl vaxtıdır. Dövlət vəsaitinin taleyi, elmin nüfuzu və universitetin gələcəyi naminə heç bir məsələ ört-basdır edilməməli, heç bir şəxs məsuliyyətdən kənarda qalmamalıdır.

Məhi ELSEVƏR,
“Araz” Media Qrupu MMC-nin /Arazpress.com/ Araşdırma Qrupunun rəhbəri

araz.az xəbər portalı.