
Böyük ustadın xatirəsini dərin ehtiramla anırıq. Ruhu şad olsun!
Bu gün Azərbaycan təhsil sistemində, milli pedaqoji fikir tariximizdə silinməz izlər qoymuş kamil şəxsiyyət, böyük alim Əjdər Ağayevin haqq dünyasına qovuşmasının ildönümü – anım günüdür.
Əziz dostumu, ziyası ilə yolumuza işıq saçan o nurlu insanı dərin ehtiram və qəlb ağrısı ilə yad edirəm. Allah rəhmət eləsin!
Əjdər müəllim pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, yazıçı-publisist, şair, tənqidçi, Prezidentin fərdi təqaüdçüsü olmaqla yanaşı, 20 il boyunca təsisçisi olduğu Azərbaycan Təhsil Şurasına rəhbərlik etmiş zəngin və mənalı ömür yolu keçmiş böyük bir şəxsiyyət idi. Müdrik insan, sözün əsl mənasında “müəllimlər müəllimi” olan Əjdər Ağayev həyata fəlsəfi baxışları, sanballı elmi əsərləri, çoxşaxəli və yorulmaz yaradıcı fəaliyyəti ilə bütöv bir məktəb yaratmışdır. O, Azərbaycanda pedaqogika elminin tədqiqi, tədrisi və təbliği sahəsində özünəməxsus dəst-xətti ilə əbədi yaşarlıq qazanmışdır.
Xatirələrin işığında…
Əjdər müəllimlə bağlı yaddaşıma əbədi həkk olunmuş unudulmaz, yaradıcı və səmimi xatirələrim o qədər çoxdur ki…
Böyük ustadla yaxın dostluğumuz uzun illər boyu qırılmaz bir tellə davam etdi. Bakıya yolum düşəndə bir gün əvvəldən xəbər verərdim; nə qədər məşğul olsa da, mütləq vaxt ayırar, görüşərdik. Bəzən isə bölgələrdə keçirilən müxtəlif elmi-pedaqoji tədbirlərdə bir araya gələrdik. İstər üz-üzə görüşlərimizdə, istərsə də telefon söhbətlərimizdə ümumi mövzulardan savayı, ikilikdə təhsilimizin uğurlarından, ağrılı problemlərindən və həyati məsələlərdən saatlarla fikir mübadiləsi aparardıq.
İlk tanışlığımız 2002-ci ilə təsadüf edir. O vaxtlar mən İmişli Rayon Təhsil Şöbəsində Metodik Kabinetin direktoru vəzifəsində çalışırdım. Xatırlayıram, rayonda «Fəal təlim metodları» mövzusunda konfrans keçirməyə hazırlaşırdıq. Həmin günlərdə Əjdər müəllim gözlənilmədən rayona gəlmişdi, gəlişindən əvvəlcədən xəbərim olmamışdı. İş otağıma daxil olanda böyük bir maraq və məmnuniyyətlə dedi:
“Təhsil şöbəsinin binasına girəndə ümumi dəhlizdə «Metodik Kabinet» yazısını gördüm. İçəri keçdim, uzun dəhlizin hər iki tərəfinə vurulmuş zəngin stendlərlə diqqətlə tanış oldum”.
Söhbət əsnasında məlum oldu ki, o, qısa müddətdə rayondakı 25-ə yaxın qabaqcıl müəllimin iş təcrübəsi, rayonu əhatə edən dayaq məntəqələri və müasir təlim metodları haqqında bütün məlumatları incəliyinə qədər nəzərdən keçirib. Hər bir müəllimin qabaqcıl təcrübəsinin müxtəlif istiqamətlər və fərqli mövzular üzrə öyrənilib yayılmasını, metodistlər üçün yaradılmış iş şəraitini və məlumat xarakterli tərtibatları xüsusi təqdir etdi.
Saatlarla sürən dərin və maraqlı söhbətimiz oldu. Görkəmli pedaqoq alimimizlə bu görüşü fürsət bilib, ürəyimi sıxan bəzi peşəkar narahatlıqlarımı onunla bölüşdüm. Bildirdim ki, bu yeni təlim metodlarının əksəriyyəti xarici ölkələrdən sadəcə sinxron tərcümə edilib, yerli metodologiyası işlənməyib, bəziləri isə ümumiyyətlə milli ruhumuza və mövcud şəraitimizə uyğun gəlmir.
Nəticədə, savadlı müəllimlərimiz belə bu metodların mahiyyətinə varmadan, onları mexaniki şəkildə əzbərləyib tətbiq etməyə çalışırlar. Tətbiq uğursuz alınanda isə müəllim özünü aciz, hətta günahkar hiss edir. Belə səthi yanaşmaların müəllimin müstəqil yaradıcılıq axtarışlarını buxovladığını, buna görə də bu mövzularda konfranslar və «dəyirmi masalar» təşkil etdiyimizi diqqətinə çatdırdım.
Əjdər müəllim fikirlərimi böyük diqqətlə dinlədi, geniş müzakirələr apardıq, mənə çox dəyərli elmi-metodiki tövsiyələrini verdi. Bir neçə saatdan sonra xudahafizləşərkən qətiyyətlə: “Mütləq nə vaxtsa yenidən sizin qonağınız olacağam”, – dedi.




Böyük etimad və mənəvi dayaq
Əjdər müəllim Bakıya qayıtdıqdan cəmi bir neçə gün sonra «Azərbaycan müəllimi» qəzetinin peşəkar müxbiri, rəhmətlik Şamxal müəllim və Müəllimlər İnstitutunun Təlim Metodları Kabinetinin müdiri Zülfiyyə müəllim mənə zəng edərək xoş xəbər verdilər. Bildirdilər ki, Əjdər müəllim qəzetdə sizin fəaliyyətiniz haqqında çox maraqlı bir yazı dərc etdirib. Hətta məqalədən bu sətirləri mənə oxudular:
“Vahid müəllimi görəndən, onun fəaliyyəti ilə tanış olandan sonra özümü illərlə axtardığımı tapmış kimi hiss etdim…”.
Böyük bir alimin dilindən bu sözləri eşitmək mənim üçün misilsiz mənəvi stimul idi.
Bu səmimi tanışlıqdan sonra işgüzar əlaqələrimiz dərin, etibarlı bir dostluğa çevrildi.
Təhsil Şurasının fəaliyyəti və qarşıda duran vəzifələr barədə Azərbaycan Televiziyasında (AzTV) birgə çıxışlarımız oldu. Bir dəfə canlı yayımda, əvvəlcədən planlaşdırılmadığı halda, mənə üz tutub Metodik Kabinet xətti ilə gördüyümüz işlər barədə danışmağımı istədi. O dövr üçün yenilik sayılan layihələrimizdən bəhs etdim. Elə canlı efirdəcə elan etdi ki, “Sizin bu fəaliyyətiniz həm də Azərbaycan Təhsil Şurasının metodik mərkəzidir”.
Bu, həm böyük bir ustad etimadı, həm də çiyinlərimə qoyulan şərəfli bir məsuliyyət idi. Onun apardığı verilişlərdə, iştirak etdiyi bütün tədbirlərdə müzakirələri son dərəcə təbii, səmimi və demokratik ruhda qurmaq məharətinə hər zaman heyran qalırdım.
Əjdər müəllimin rəhbərliyi və Azərbaycan Təhsil Şurasının təşkilatçılığı ilə 2003–2018-ci illər ərzində İmişli rayonunda dörd dəfə möhtəşəm elmi-təcrübi konfrans keçirdik.
Paytaxt Bakıdan və respublikanın əksər bölgələrindən gələn çoxsaylı nümayəndələrin qatıldığı bu konfranslarda dəyərli məruzələr dinlənilir, təhsilimizin gələcəyinə işıq tutan sanballı müzakirələr aparılırdı. Həmin tədbirlər dövri mətbuatda da geniş işıqlandırılırdı.
Əjdər müəllimlə bağlı xatirələri danışmaqla bitməz…
Bir dəfə təhsil sahəsində rastlaşdığım bəzi neqativ hallara etiraz əlaməti olaraq ərizə yazıb işdən ayrılmaq qərarına gəlmişdim. O zaman təhsil şöbəsində müdir müavini vəzifəsində çalışırdım. Əjdər müəllim bu addımıma qəti şəkildə etiraz etdi:
“Bundan kim qazanacaq? Mən səni tanıyıram, nəyə qadir olduğunu bilirəm. Onlar ərizəni qəbul edib səni yola salacaq, sonra heç yada salan da olmayacaq. Yerində qalıb mübarizə aparmalısan!” – dedi.
Onun zəngin həyat təcrübəsi və müdrikliyi var idi; Balansı ustalıqla qoruyur, ən kəskin tənqidi fikirlərini belə son dərəcə nəzakətli, yumşaq, lakin hədəfə dəyən ifadələrlə ən yüksək tribunalardan çatdırmağı bacarırdı.
Əjdər müəllimin işığına, Azərbaycan Təhsil Şurasının ətrafına ölkənin ən istedadlı, fədakar müəllimləri toplaşır, bir-birini yaxından tanıyır, uğurları bölüşür və problemlərin həlli yollarını birgə axtarırdılar.
Əbədiyaşar ideyalar…
Mənim üçün yeri həmişə görünən əziz insan!
Bu gün təhsilimizdə sizin müdrik məsləhətinizə, sizinlə müzakirə edilməli o qədər vacib məsələlər var ki… Dostlarla bir araya gələndə tez-tez sizi xatırlayır, yoxluğunuzu dərindən hiss edirik. Ruhunuz şad, məkanınız cənnət olsun, böyük ustad!
Yazını Əjdər müəllimin hər zaman müasir səslənən, bütün dövrlərin müəllimləri üçün əsl yol xəritəsi olan bu hikmətli kəlamı ilə tamamlamaq istəyirəm:
«Əgər dərs müəllimin ömür yaşantısına çevrilmirsə, şagirdi sevindirmir, kədərləndirmir, təəccübləndirmirsə, o dərsdə sxematik varlıqlar yetişər, kamil şəxsiyyətlər formalaşmaz… Əsl müəllimin hər bir dərsi onun yaradıcılıq əsəridir… Müasir dərs sağlam əqidə, yenilik ehtirası, peşəyə məhəbbət tələb edir».

Dərin ehtiramla,
Vahid TAĞIYEV,
təcrübəli təhsil işçisi
araz.az xəbər portalı.




