Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı, II Qarabağ müharibəsi iştirakçısı Qurbanlı Vüsalın vəfat xəbərini artıq çoxu eşidib.

Vüsal bir dəfə mənə demişdi: “Bir gün elə şey yaz ki, bütün ölkə oxusun”. Mən də zarafatla cavab vermişdim: “Elə bir şey et ki, yazım”.

Deyəsən, sözümə əməl etməyin vaxtıdır…

Vüsalın ölümü qəfil olsa da, taleyi sanki əvvəldən yazılmışdı. Çünki o, əmisinin – Qurbanov Mikayıl Oruc oğlunun yolunu getmişdi.

Mikayıl dayım I Qarabağ müharibəsinin iştirakçısı idi. Müharibə başlayanda hərbi xidmətə çağırılıb, sonradan könüllü şəkildə xidmətdə qalaraq Vətənin müdafiəsində qəhrəmancasına döyüşüb. İki dəfə yaralansa da, ailəsinin geri dönmək xahişlərinə baxmayaraq, ordudan ayrılmayıb. Sonadək döyüşüb. Müharibədən sonra taksi fəaliyyəti ilə məşğul idi, lakin təəssüf ki, bir avtomobil qəzasında dünyasını dəyişdi.

44 günlük Vətən müharibəsi başlayanda Vüsal heç kimə demədən könüllü yazılmışdı. Ona “Evin tək oğlusan, getmə” desəm də, qulaq asmadı. Zarafatla “Onda mən də gedəcəyəm” dedim, amma alınmadı, onu çağırdılar, məni yox. Sonradan öyrəndim ki, tək oğul olduğu üçün onu əvvəlcə aparmaq istəməyiblər, lakin Vüsal israrla döyüşə getmək istədiyini bildirib və nəticədə istəyi qəbul edilib.

Müharibə zamanı o, Qubadlının işğaldan azad olunmasında qəhrəmancasına iştirak edib və Prezident tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Sonralar medalların təqdimatında müəyyən gecikmələr vardı. Sosial şəbəkələrdə bu barədə paylaşımlar görürdüm. Bir dəfə bu mövzuda onunla danışanda gülümsəyib dedi: “Mən medal üçün döyüşə getməmişdim”.

Elə bu söhbətimizdən qısa müddət sonra onun adını medal alanlar arasında oxudum. Dərhal zəng edib xəbər verdim.

Müharibədən sonra Vüsal dövlət qulluğuna hazırlaşmağa başladı. Dəfələrlə israr etməyimə baxmayaraq, dövlətdən heç nə istəmədi. Deyirdi: “Dövlətə sevgi minnətsiz olmalıdır”.

Gecə-gündüz oxuyurdu, yorulmaq bilmirdi. Əzmi və biliyi ilə dövlət qulluğu imtahanını uğurla keçdi və Dövlət Əmək Müfəttişliyi Xidmətində işə qəbul olundu.

Hər kəs deyir ki, “arxanda dayağın olmasa, bir yerə gələ bilməzsən”. Amma Vüsal bu tabuya meydan oxudu, öz gücü, zəhməti və iradəsi ilə yüksəldi. İşləyərək evini düzəltdi, ailə qurdu, toy etdi, iki övladı dünyaya gəldi.

Təəssüf ki, ölümü vaxtsız oldu…

Bəzən insanın taleyi elə yazılır ki, dünyadan tez köçür, geridə qalanlar isə onun haqqında yazır. Yaradan ona Vətən uğrunda döyüşmək, qəhrəmanlıq etmək, mənə isə onun etdiklərini yazmaq missiyasını nəsib etdi.

İndi mən onun arzusunu yerinə yetirir, dilim döndükcə, qələmim tutduqca yazıram. Ümid edirəm ki, ruhu şaddır.

Məkanın cənnət olsun, qardaşım!

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.