
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən, ev dustağı elan edilməsindən dərhal sonra daha çox onun özü haqda sensasion xəbər və açıqlamalar gündəmi zəbt etməyə başladı. Günü bu günədək nəinki mətbuat səhifələrində, hətta sosial şəbəkələrdə də deyilən mövzu tüğyan edir.
Ramiz Mehdiyevin nəsil şəcərəsi barədə yazılan və deyilənlər də olur — Əksəriyyəti sensasiya xarakterli. Çoxuna inanmaq da olmur.
Az öncə isə, bu barədə onun kəndçisi, sabiq deputat Fərəməz Novruzoğlu həqiqəti əks etdirən yazısını ictimaiyyətin diqqətinə çatdırıb. O bildirib ki, Ramiz Mehdiyevin erməni qarışığı olması barədə yayılan iddialara görə bu faktları təqdim etməyi lazım bilib. Müəllif təkcə Ramiz Mehdiyevin ata və anası ilə bağlı deyil, nəsil şəcərəsi barədə də camaatın sensasion hesab etdiyi faktları üzə çıxarıb.
Böyük marağa səbəb olan həmin yazını Arazpress.com da öz oxucularının diqqətinə çatdırmağı lazım bilib. Yazını olduğu kimi təqdim edirik:
“Ramiz Mehdiyev kimdir, əsli, nəcabəti hara bağlıdır, doğrudanmı o, etnik mənşəcə ermənidir? Son bir həftədə bu sualları demək olar ki, hər gün eşidirəm. Çünki mövzuya maraq göstərən əksəriyyət Ramiz Mehdiyevlə eyni kənddən olduğumuzu bilir və elə bu səbəblə də, həqiqəti ilkin qaynaqdan öyrənməyi düşünürlər. Digər bir səbəb isə Mehdiyev mövzusu ilə bağlı yazılarımdan qaynaqlanır. Hesab edirəm ki, ictimaiyyət üçün aktual olan məsələyə — Mehdiyev cənablarının etnik kimliyinə aydınlıq gətirmək həm siyasi tariximiz baxımından əhəmiyyətlidir, həm də fikri haçalanmış insanlara əsil həqiqəti çatdırmaqla onları rahatlata bilərik.
Beləliklə, Ramiz Mehdiyevin etnik mənşəyi ilə bağlı bildiyim və həqiqəti əks etdirən faktları sayğıdəyər oxucularımın da diqqətinə çatdırıram…

Əvvəla, onu qeyd edim ki, Ramiz müəllimin erməni kökənli olmasını iddia edən kimsələr bu iftiralarıyla hakimiyyətə yarınmaq istəsə də, əslində, mərhum dövlət başçısı Heydər Əliyev və onun yolunu layiqli şəkildə davam etdirən İlham Əliyevin fəaliyyətlərinə kölgə salmış olurlar. Belə çıxır ki, mərhum Heydər Əliyev tanımadığı, xalqa düşmən olan kadrları önə çəkibmiş. Əgər o, bunu bilərəkdən edibsə, deməli, elə özü də xalqa düşmən mövqedə durubmuş. Bu, başqa cür izah oluna bilməz, məntiq bu nəticəni ortaya qoyur.
Ramiz Mehdiyevin siyasi mövqeyi, korrupsiya və rüşvətlə bağlı hər hansı bir əməli fəaliyyəti barədə istənilən qədər yaza bilərlər və mən bu məsələlər barədə əsla kiməsə irad tutmaram, çünki çox gözəl bilirəm ki, rüşvət və korrupsiya bu ölkənin kaderidir. Amma vətənə xəyanət, erməni kökənli olması kimi ittihamları eşidəndə istər-istəməz deməli olursan: bir dəqiqə, arkadaş, siz nə demək istəyirsiniz? Yəni siz iddia edirsiniz ki, Heydər Əliyev, sonra da oğlu İlham Əliyev kimi siyasi qrossmeysterlər Ramiz Mehdiyevi tanımayıblar; o, onları aldada bilib, həm də tam 25 il?!
Xülasə, keçək mətləbə…
İlk öncə Ramiz Mehdiyevin xanımı haqqında… O, əsla erməni deyildir, menqrel gürcülərindəndir, ən azından rəsmi mənbələr bunu təsdiq edir. Hətta bildiyim qədərilə Qalina Mehdiyeva gürcü knyazları nəslindəndir.
Ramiz Mehdiyevin anası haqqında…
Bəlkə də ictimai-siyasi çevrələrdə bir nəfər belə olsun onun adını bilmir, amma əksəriyyət ağlına və ağzına gələni yazır: erməni əsillidir, Qarxun kəndinə gələndə Ramizi yanında gətirib və s. Çox maraqlıdır ki, bu gün Ramiz Mehdiyevin anasına erməni deyən əbləh sürüsü 25 il öncə Heydər Əliyevin anası İzzət xanıma da erməni deyirdilər.
Ramiz Mehdiyevin anasının adı Bətulədir. Əslən Naxçıvan şəhərindəndir. 1930-cu illərdə hər yerdə olduğu kimi Şərurda, eləcə də bizim kənddə kolxoz quruluşuna keçildi. Kollektivləşmənin tələblərindən biri də o idi ki, hamı, hətta körpə uşaq sahibi qadın vətəndaşlar səhərdən-axşama kolxoz tarlalarında ketmən vurmalıdır. Bəs gənc anaların uşaqlarına kim baxsın? Kommunist rejimi problemi həll etmək üçün bir neçə kəndin birləşdiyi kolxozun mərkəzi mülkündə uşaq bağçaları təşkil edirdilər. Qarxun kəndində də uşaq bağçası təşkil edilir. Kənddə oxumuş qadın olmadığı üçün baxçanı idarə edəcək müdirə Naxçıvan şəhərindən gətirilir. Həmin qadın Ramiz Mehdiyevin anası Bətulə xanım olur. Və bu yolla o xanım Ənvər Mehdiyevlə tanış olub evlənir, onların izdivacından doğan uşaq Ramiz Mehdiyev olur.
Ramiz Mehdiyevin atası Ənvər Mehdiyev isə köklü qarxunludur, onların bizə məlum olan 300 illik nəsli Qarxun kəndinin yerli sakinləridir.
Qarxun kəndi haqda qısa məlumat verim. Bir dəfə kəndimiz barəsində ətraflı yazmışam – “Babamın babasının babası” adlı yazımda göstərdiyim kimi, qarxunlular qədim “qara hun” və oğuzların “karkın” tayfalarının varisləridirlər, xalis və tər-təmiz türk kökənli tayfalardır. Doğrudur, bu kənddə bir əlin barmağının sayını keçməyəcək qədər, ən çoxu 4-5 ailə var ki, kürd kökənlidir, amma onlar çox sonralar o kəndə gəliblər. Yerli qarxunlular hamısı, istisnasız olaraq, xalis türk kökənlidirlər. Məsələn, mən ana tərəfdən qarxunluyam, bu kəndin az qala yarısı mənim ulu babalarım – Novruz ağanın, Nağı bəyin, Həmdullanın, Məşədi Ulxanın olub. 1937-ci ildə nəslimizin 95 faizi qolçomaq adı ilə Orta Asiya ölkələrinə sürgün olunublar. Ata tərəfdən isə ulu əcdadlarım Təbriz ətrafından Qarabağa, oradan da Dərələyəz mahalına köçüblər. Babam Qurban, atası Cəbrayıl Dərələyəzdə — Qurdqulaqda doğulublar. Soyadımızı götürdüyümüz Allahverdi, onun atası Tanrıyar və onun atası İbrahim isə Təbrizdə doğulublar. Mənim atam Novruz Şərurda – Sovxoz kəndində doğulub. Mən özüm isə qarxunluyam və kəndimizi dünyanın heç bir yerinə dəyişmərəm; onun tozlu-torpaqlı yolları, məhəllələri mənim üçün cənnəti əvəz edir. Tanrı qismət etsə, ölümün iyini aldığım zaman kəndimizə gedib, ayaqlarımı uzadıb ruhumu Tanrıma təslim edəcəm. Mən kəndimizi çox sevirəm…
Ramiz Mehdiyevin ulu əcdadları Qarxun kəndinin sakinləri olub. Şərur mahalının 1831 və 1843-cü illər, eləcə də Şərur-Dərələyəz mahalının 1873-cü il kameral təsvirlərindən onun 9-cu qurşaqdan ulu əcdadını müəyyən etmək olur. 1831-ci il kameral təsvirindən görürük ki, o tarixdə bizim kəndimizdə 28 ailədə birləşən 148 sakin olub. Həmin 28 ailənin dördü mənim ulu babam Molla Cəfər və onun dörd oğlunun ailələridir. İki ailə isə Ramiz müəllimin ulu əcdadları ilə bağlıdır:
— Kərbəlayı İbrahim;
— Kərbəlayı Məmmədvəli.
Bizi maraqlandıran ikinci oğuldur — Məmmədvəli, çünki Ramiz Mehdiyev o xətdən gəlir. 1831-ci ildə Məmmədvəli 70 yaşında imiş, yəni hardasa 1760-cı illərdə anadan olub. Bu hesabla kameral təsvirdə Məmmədvəlinin atası kimi adı keçən Mehdixanı 1730 təvəllüd göstərə bilərik. Beləliklə, Mehdiyevin ulu əcdadlarının 300 illik tarixi bizə məlum olur.
Kameral təsvir materiallarına əsaslanaraq, Ramiz müəllimin Mehdixan və Kərbəlayı Məmmədvəlidən sonrakı nəsil şəcərəsi belə davam edir:
— Məmmədvəlinin iki oğlu olub: Bayram Yüzbaşı və Məhəmməd Sultan;
— Bayram Yüzbaşının İsmayıl, Sadıx, Sail və Abbas Qulu adlı 4 oğlu olub. Abbasquludan Abbasovlar tayfası törəyib, bu gün də çox böyük tayfadır və sonradan Ramiz Mehdiyevə gələn xətdən qız almaqla qohumluq əlaqələrini təzələyiblər;
— Məmmədvəlinin digər oğlu Məhəmməd Sultanın 3 oğlu olub: Şirəli, Nəcəfqulu və Hüseynqulu;
— Hüseynqulu 1829-cu ildə anadan olub, çünki kameral təsvir tərtib olunanda iki yaşında imiş. Onun oğlu Mehdi (soyadları burdan gəlir), Mehdinin oğlu Hüseynquludur. Hüseynqulunun 3 oğlu, Çiçək adlı bir də qızı var. Çiçək nəslin digər qanadı olan Abbasovlardan biri ilə evlənir, 4 oğlu olur – Abbas, Maqsud, Hüseyn və Əli. Təkcə Abbasın 8 oğlu var – Əsəd, Aydın, Qorxmaz, Oktay, Hafiz, Firuz, Səfər və Nizam. Digər qardaşların da hər birinin 5-6 oğlu var, onların hər birinin övladları, nəvələri var.
Çiçəyin böyük qardaşı Həsənin 3 oğlu var:
— Hüseynqulu, Xanlar və Arif. Hüseynqulunun da 3 oğlu var: Telman, Nəriman və Mərdan. Xanlar və Arifin də oğul övladları var.
Ramiz Mehdiyevin doğmaca əmisi oğlanları olan bu üç qardaş — Hüseynqulu, Xanlar və Arif mənim müəllimim olublar. Hüseynqulunun oğlu Nəriman isə sinif yoldaşım olub, 10 il eyni parta arxasında oturmuşuq.
Həsənin digər iki qardaşı Ənvər və Cümşüddür. Ənvər Mehdiyev Ramiz Mehdiyevin atasıdır.
Mən çox istərdim ki, Mehdiyevin yaxın qohumları Xanlar müəllimin, Arif müəllimin və onun oğlunun şəkilini bu yazının altına atsınlar. Əgər onları Ramiz Mehdiyevdən ayıra bilsəniz, mən adımı dəyişərəm.
Yəni deməyim o ki, Ramiz Mehdiyev haqqında nə deyirsiniz deyin, amma o, əsla erməni kökənli deyil, onun ulu əcdadları tərtəmiz türk qara hun və karkın boylarındandır.
P.S. Ramiz Mehdiyevin anasının adı Bətulə xanımdır, səhvən yazıda bacısının adını yazmışdım. Düzəltdim. Səhvliyə görə dəyərli oxuculardan üzr istəyirəm. Bir əlavə də edim ki, Bətulə xanım sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun atasıgillə qonşu olub. Jurnalistlər istəsələr Tofiq müəllimdən bu məsələni öyrənə bilərlər. Bətulə xanım köklü naxçıvanlıdır və xalis türk qızıdır”.
araz.az xəbər portalı.