
Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxunmaqla, dilimizin əsil təəssübünü çəkən, zənginliyini qoruyan və inkişaf etdirmək üçün çalışan lider olduğunu göstərdi. Bununla bağlı siyasi elmlər doktoru olaraq mən də bəzi fikirlərimi bölüşmək istərdim.
Azərbaycan dili əsrlər boyu müxtəlif mədəniyyətlərin təsirinə məruz qalsa da, rus və fars imperiyalarının təsiri altında yaşayan xalqımızın milli ənənələrinə, eləcə də 70 il ərzində sovet rejimi dövründə dilimizin saflığına ciddi zərərlər vurulsa da, dilimiz nəsillərdən-nəsillərə ötürülərək öz saflığını, şirinliyini qoruyub saxlayıb.
Dil həm də siyasi mədəniyyətdir, dil siyasətdir. Sovet dövründə və müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş bəzi dilbilməzlər Ana dilinə hörmət etmədən yad dillərdə danışaraq, bu siyasi mədəniyyətdən uzaq olduqlarını nümayiş etdiriblər.
Bütün bu amilləri nəzərə alaraq, hesab edirəm ki, dilimizin siyasi mədəniyyət atributu kimi saflığının qorunması siyasi elmlər sahəsində də xüsusi diqqətdə saxlanılmalıdır.
Siyasi təhlil və yanaşmalarda xarici dillərdən alınma sözlərə, ifadə və terminalogiyalara, lazımsız və dəxli olmadığı halda yer verilməməlidir.
Biz dilin siyasi etika və mədəniyyət nümunəsi kimi zənginliyindən Ulu Öndər Heydər Əliyevin çıxışlarına diqqət etməklə faydalana bilərik. Onun nitqləri olduqca sadə, milli, ifadə zənginliyi və səlisliyi ilə seçilir.
Azərbaycan dilinin əsil təəssübkeşi və qoruyucu olan Ulu Öndər həmişə dilimizin qorunmasının qayğısına qalırdı, sovet dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi üçün əzmkar fəaliyyəti də dilimizin hamisi olduğunu göstərir.
Onun dilə qayğısı sayəsində 70-ci illərdə ilk dəfə olaraq bir-neçə dilçi alimə dövlət mükafatı verildi, Ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi Ana dilində idi.
Ulu Öndərin genetik dil mədəniyyəti bütün çalarları ilə Cənab İlham Əliyevdə cəmləşib. İlham Əliyevin siyasi nitqlərinə diqqət etdikdə nə qədər təmiz, milli və şirin olduğunu görə bilərik. O, Azərbaycan dilində səlis danışaraq, heç zaman dilimizin ahəngini pozan yad kəlmələr, xarici alınma sözlərdən istifadə etmir. Nitq zamanı fasiləyə, vurğuya, melodiya və tempə diqqət edir ki, bu da onun nitqinin kamilliyini göstəriir, zəngin söz ehtiyatına malik olduğunu nümayiş etdirir.
Eyni zamanda, İlham Əliyev danışarkən axıcı, təkrarçılıqdan uzaq, söz və ifadələrin yerini əsil qrammatik üslubda müəyyənləşdirməklə peşəkar mütəxəssis təsiri bağışlayır. Türk, ingilis və rus dillərində olan müsahibələrində də yüksək nitq nümayş etdiririr. 44 günlük müharibə zamanı İlham Əliyevin nitq siyasəti dünya siyasətçilərini, jurnalistlərini də heyran etdi.
Dünyada az liderlər siyasətin fəlsəfəsini bilirlər, ancaq bu ecazkar dil fəlsəfəsini bilən birinci çəxs də məhz Prezident İlham Əliyevdir. O, siyasətdə bütün şəxslərin öyrənə biləcəyi, mənimcəyəcəyi elitar nitq mədəniyyəti formalaşdırıb. Bu, yüksək nitq mədəniyyəti bütün siyasətçilər üçün əsil örnəkdir.
Təvazökarlıqdan uzaq olaraq deyə bilərəm ki, Azərbaycan Prezidenti görkəmli natiq, söz ustası kimi Azərbaycan dilinin tarixi ensiklopediyasına da öz adını yazdırıb. Bu baxımdam İlham Əliyevi həm də Dilimizin Akademiki, Ana Dilinin Prezidenti də adlandırmaq olar.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.