
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı və bir qrup Azərbaycan ziyalısının iştirakı ilə, srağagün, “İranda milli haqlar və repressiyalar: Azərbaycan ziyalılarının baxışı” mövzusunda dəyirmi masa keçirilib.
Arazpress.com-a təşkilatçı qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, bu tədbirin sonunda aşağıdakı sənədlər qəbul olunub:
Azərbaycan ziyalılarının Güney Azərbaycanın istiqlal və milli azadlıq mübarizəsinə dəstək
BƏYANATI
Güney Azərbaycanda on milyonlarla soydaşımızın öz təməl haqları, milli kimliyi və siyasi iradəsi uğrunda apardığı mübarizə, sadəcə bir bölgənin deyil, bütün bəşəriyyətin azadlıq və ədalət idealının bir parçasıdır. İllərdir davam edən sistematik asimilasiya siyasətinə, ana dilində təhsil qadağasına və fundamental insan hüquqlarının pozulmasına qarşı göstərilən bu müqavimət, sarsılmaz bir iradənin təzahürüdür.
Arazın güneyində – Təbrizdən Urmuya, Ərdəbildən Zəncana, Qəzvindən Həmədana və Tehrana qədər uzanan ulu torpaqlarımızda on milyonlarla soydaşımızın onillərdir davam edən zülmə qarşı apardığı mübarizə artıq özünün ən ali və dönüşü olmayan mərhələsinə – Milli Müstəqillik mərhələsinə qədəm qoymuşdur. Güney Azərbaycanda yüksələn bu səs, sadəcə bir bölgənin etirazı deyil, bütün bəşəriyyətin azadlıq və ədalət idealının sarsılmaz bir parçası, insan ləyaqətinin qorunması yolunda atılan tarixi bir addımdır.
Beynəlxalq hüququn ən ali prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyin etmə hüququ Güney Azərbaycan türklərinə şamil edilməli olan ən təbii haqdır və bu haqqın reallaşması bölgədəki teokratik və repressiv sistemin yerinə insan haqlarına hörmət edən, dünyəvi və demokratik bir milli hökumətin qurulması deməkdir.
Biz güneyli soydaşlarımızın Güney Azərbaycanın tam müstəqilliyi və suverenliyi uğrunda aparılan bu müqəddəs mübarizəni qətiyyətlə və birmənalı şəkildə dəstəkləyirik. Bu dəstəyimiz həm milli qardaşlıq vəzifəmiz, həm də beynəlxalq hüququn ədalət prinsiplərinə olan sadiqliyimizin ifadəsidir. İnanırıq ki, xalqımızın iradəsi qarşısında heç bir imperiya və ya diktatura rejimi duruş gətirə bilməz. Güney Azərbaycanın müstəqil dövlət kimi dünya xəritəsində yerini alması tarixi ədalətin tam bərpası olacaqdır. Biz bu şərəfli yolda sonuna qədər soydaşlarımızın yanındayıq və onların azadlıq bayrağının Təbrizdə əbədi dalğalanacağına tam əminik.
Yaşasın Müstəqil Güney Azərbaycan!
Yaşasın Azadlıq, Ədalət, Milli Hökumət!
***
Birləşmiş Millətlər Təşkilatının Baş katibi
Antonio Gutterresə
Cənab Baş katib!
Məlum olduğu kimi, 15 gündən çoxdur ki, İran İslam Respublikasının (İİR) bir çox bölgə və şəhərlərində sosial-iqtisadi problemlər, o cümlədən İran valyutasının kəskin ucuzlaşmasıyla bağlı başlayan tətil və etirazlar getdikcə daha da böyüyərək kütləvi xalq üsyanlarına çevrilmişdir. İranın müxtəlif şəhərlərində etirazçıların polis və başqa asayiş qüvvələri ilə toqquşması baş vermiş, məlumatlara görə minlərlə dinc sakin həlak olmuş və yaralanmış, hüquq mühafizə orqanları tərəfindən saxlanmışdır.
Etiraz aksiyalarının ilk günlərində aksiyalara qoşulmayan Güney Azərbaycan şəhərlərinin əhalisi də sonradan etiraz aksiyalarına kütləvi şəkildə qoşulmağa başlamışdır. Bununla da ayrı-ayrı bölgələrdəki yerli narazılıq və tətillərin coğrafiyası getdikcə daha da genişlənmiş, müxtəlif xalqların yaşadığı müxtəlif bölgələri əhatə etmişdir. Təsadüfi deyil ki, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası xalq etirazlarının dəstəklənməsi və küçə etirazlarına çağırışla bağlı bəyanatı yaymışdır. Biz – Azərbaycan ziyalıları olaraq Güney Azərbaycan türklərinin siyasi, sosial-iqtisadi və milli-mədəni haqlar uğrunda şovinist rejimə qarşı apardığı fədakar mübarizəni dəstəkləyir, İran rejiminin etirazçılara qarşı həyata keçirdiyi sərt repressiyaları pisləyirik.
Cənab Baş katib!
İİR-da rejimin apardığı şovinist və antidemokratik siyasət, o cümlədən etirazçılara qarşı həyata keçirdiyi sərt repressiyalar Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1, 3, 27-ci, II hissənin 2.1-ci, III hissəsinin 26-cı maddələrinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələrinə, BMT Nizamnaməsinin 55, 73(A) maddələrinə, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquq və prinsiplərə, həmçinin İİR Konstitusiyanın dövlət dili haqqında 15-ci maddəsinə, “Millətin hüququ” adlı III fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrə, şuralar haqqında 7-ci fəslin 100 və 103-cü maddələrinə ziddir. İİR-da yaşayan xalqların, o cümlədən sayı on milyonlarla olan Azərbaycan türklərinin milli, siyasi, fərdi hüquq və azadlıqlarının təmin olunmasının bölgədə və dünyada sülhün bərqərar olmasına, xalqların dayanıqlı
inkişafına müsbət təsirini və beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətini unutmamalıyıq. İİR-da rejimin etiraz edən əhaliyə qarşı tətbiq etdiyi sərt repressiyalar regionda beynəlxalq təhlükəsizlik üçün də ciddi təhdidedici proseslərə təkan verə bilər.
Cənab Baş katib!
Biz – Azərbaycan ziyalıları olaraq İİR-da yaşayan xalqlarının, o cümlədən Azərbaycan türklərinin hüquq və azadlıqlarının təmin edilməsi məsələsinin BMT tərəfindən nəzarətə götürülməsi, bu istiqamətdə beynəlxalq sənədin qəbul edilməsi və İİR-na beynəlxalq hüquq çərçivəsində təsir və təzyiqlərin göstərilməsi üçün lazımı addımların atılmasını Sizdən xahiş edirik.
araz.az xəbər portalı.