Paytaxt Bakıdakı Heydər Əliyev Sarayının səhnəsi yenə tarixin qaranlıq səhifələrinə işıq salan, yaddaşları təzələyən və tamaşaçıda emosional təsir oyadan möhtəşəm bir sənət hadisəsinə ev sahibliyi edib. Arazpress.com bildirir ki, Sarayda ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri, elmlər doktoru, yazıçı-publisist, tədqiqatçı Adəm İsmayıl Bakuvinin müəllifi olduğu “Məhşər divanı: Yalanın 17 anı” kitabı əsasında səhnələşdirilən “Məhşər divanı” tamaşasının təqdimat mərasimi keçirilib.

Tarixi həqiqətlərin və milli yaddaşın bədii dillə mühakimə olunduğu tamaşa ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Peşəkar yaradıcı heyətin ərsəyə gətirdiyi və zalda əyləşən hər kəsi dərindən təsirləndirən bu səhnə əsərinin premyerasında ölkənin tanınmış ziyalıları, mədəniyyət xadimləri və ictimai-siyasi simalar iştirak ediblər.

Tarixi yaddaşa çağırış

Tarixi-detektiv janrında qələmə alınmış “Məhşər divanı” tamaşası dərin məzmunu, kəskin ideya xətti və qaldırdığı taleyüklü məsələlərlə diqqət mərkəzinə düşüb. Müəllif bu əsəri ilə tamaşaçıları Azərbaycanın tarixi yaddaşına qayıtmağa, xalqımızın başına gətirilən müsibətləri yenidən dəyərləndirməyə və tarix qarşısında mənəvi məsuliyyət daşımağa səsləyir.

Tamaşanın əsas qayəsini tarixi həqiqətlərin bədii müstəvidə mühakiməsi, haqq-ədalətin təntənəsi və milli yaddaşın qorunması təşkil edir. Əsərin adından da göründüyü kimi, səhnədə adi bir məhkəmə prosesi deyil, tarixin, vicdanın və zamanın üz-üzə gəldiyi simvolik bir məhşər divanı qurulub. Bu mənada “Məhşər divanı” sadəcə bir teatr nümunəsi yox, dünənlə bu gün arasında sarsılmaz mənəvi körpü yaradan, keçmişdən dərs almağa çağıran bir sənət manifestidir.

Yaddaşın hökmü

Səhnə əsərində xüsusilə XX əsrin sonlarında ölkəmizin üzləşdiyi mürəkkəb siyasi oyunlar, qanlı 20 Yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, dədə-baba torpaqlarımızın işğalı və yüz minlərlə soydaşımızın məcburi köçkünlük həyatı bütün ağrı-acısı ilə canlandırılıb.

Zaman ötsə də, şahidlər sussa da, bu tamaşada xalqın yaddaşı dilə gəlib, tarixin ədalət məhkəməsi qurulub. Həmin simvolik mühakimədə xalqımıza qarşı cinayətlərdə və ədalətsizliklərdə adı hallanan Mixail Qorbaçovun, Əbdürrəhman Vəzirovun, Andranik Ozanyanın, Robert Köçəryanın, Zori Balayanın və Kim Kardaşyanın adları xüsusi olaraq çəkilib. Onlarla yanaşı, millətimizin taleyində silinməz yaralar açmış faciələr, illərlə qəlblərdə daşınan nisgil və yarımçıq qalmış ömürlər də sorğu-sual edilib. Bu dəfə tarixin kəsdiyi hökmü bütün salon eşidib.

Tamaşada bu tarixi fiqurların və siyasi proseslərin bədii dillə ifadə olunması əsərin ictimai-siyasi siqlətini daha da artırıb. Müəllif bu obrazlar vasitəsilə Azərbaycan xalqının keçdiyi şərəfli və ağrılı yolu, milli maraqlarımızı və tarixi ədalətin gec-tez öz yerini tapması həqiqətini ustalıqla ön plana çıxarıb.

NATƏVAN

 

araz.az xəbər portalı.