Astara rayonunun Şahağacı kənd icra nümayəndəsi Samir Mailovun adı növbəti dəfə qalmaqallı hadisələrdə hallanır. Arazpress.com-un redaksiyasına daxil olan və ölkə rəhbərliyinə, eləcə də hüquq-mühafizə orqanlarına ünvanlanan şikayət məktubunda dövlət məmurunun vətəndaşları kriminal aləmin adından istifadə edərək hədələdiyi, keçmişdə cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, yenidən vəzifəyə gətirildiyi və etik davranış qaydalarını kobud şəkildə pozduğu iddia edilir. Məsələ ilə bağlı ciddi faktlar və videogörüntülər də əlimizdədir…

…Şahağacı kəndində baş verən və sakinlərin dərin narazılığına səbəb olan bu hadisələr dövlət məmuru adına yaraşmayan davranışların nə qədər təhlükəli həddə çatdığını açıq şəkildə göstərir. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək, Lənkəran İstintaq Təcridxanasında saxlanılan Şahağacı kənd sakini Həsənov Tural Vidadi oğlunun həbsindən əvvəl üzləşdiyi qanunsuz təzyiqlər bu məsələnin əsasını təşkil edir. Belə ki, Tural Həsənov tutulmazdan öncə vaxtilə kənd bələdiyyəsinin sədri olmuş, hazırda isə Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə (icra nümayəndəsi) vəzifəsində çalışan Mailov Samir Məharət oğlu tərəfindən yanına çağırılmışdır.

Dövlət qulluqçusu kimi qanunun aliliyini qorumalı olan Samir Mailov vətəndaşın borclu olduğu şəxslərə pulu qaytarması üçün Rusiya və digər şəhərlərdən kriminal avtoritetlərin ona zəng etdiyini və Turalı danışdırmağı tələb etdiklərini bildirmişdir. İcra nümayəndəsi vətəndaşa açıq şəkildə hədə-qorxu gələrək, kriminal avtoritetlərin zəng vurduğunu və borcu qaytarmayacağı təqdirdə ona ciddi problemlər yaradacaqlarını söyləmişdir. Dövlət məmurunun kriminal aləmin adından istifadə edərək vətəndaşları qorxutması və bu yolla pul tələb etməsi ilə bağlı həmin söhbət Tural Həsənov tərəfindən videoqeydə alınmışdır.

Bu fakt bir daha sübut edir ki, Samir Mailov dövlət adından çıxış etmək əvəzinə, kriminal ünsürləri təbliğ edir və onların vasitəsilə insanlara təzyiq göstərir.

Əslində, Samir Mailovun qanunlara və cəmiyyətin yazılmamış əxlaq qaydalarına sayğısız yanaşması ilk dəfə deyil. Onun əvvəlki bələdiyyə sədri vəzifəsindən azad olunma səbəbi də məhz törətdiyi cinayət əməli ilə bağlı olmuşdur. Belə ki, o, Astara rayonunda yerləşən “Ceyhun Palas” şadlıq sarayında həddindən artıq spirtli içki qəbul edərək, özünü idarəetmə qabiliyyətini itirmiş və keçmiş kənd icra nümayəndəsi Sokrat adlı şəxslə birləşərək, həmkəndlisi Elduz adlı vətəndaşı amansızlıqla döyüb, ona ağır xəsarətlər yetirmişdir.

Bu hadisə ilə əlaqədar Astara rayon Prokurorluğunda cinayət işi başlanmış və iş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hökmü ilə Samir Mailov 2 il müddətinə ictimai islah işləri cəzasına məhkum edilmiş və tutduğu bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmışdır. Lakin məhkumluq həyatı yaşamasına və dövlət məmuru adına ləkə gətirməsinə baxmayaraq, müəmmalı şəkildə çox qısa zaman ərzində Şahağacı kənd icra nümayəndəsi kimi daha məsuliyyətli bir vəzifəyə təyin olunmuşdur.

Onu da qeyd edək ki, hələ bələdiyyədə işlədiyi vaxtlar, o, kənd sakinlərinin torpaqlarını qeyri-leqal yollarla satmaqda ad çıxarıb. Qanunsuz nə qədər torpaq satdığı barədə danılmaz faktlar əlimizdədir. Vətəndaşların torpaqlarının talanması da bağışlanmaz cinayət deyilmi?!

Bütün bunlarla yanaşı, Samir Mailovun şəxsi həyatındakı davranışları da kənd sakinləri arasında ikrah hissi doğurur və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərini kobud şəkildə pozur. O, bələdiyyə sədri işlədiyi dövrdə rəsmi nikahda ola-ola Şahağacı kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Əsədullayeva Pərvanə ilə qeyri-rəsmi münasibət qurmuşdur. İş o yerə çatmışdır ki, Samir Mailov Pərvanə Əsədullayevanın rəsmi həyat yoldaşı, iki azyaşlı uşaq atası Rahib Məmməd oğlu Əliyevin evində, öz yataq otağında yaxalanmışdı. Bütün kəndin gözü qarşısında baş verən bu rüsvayçı hadisə bir ailənin dağılmasına, boşanmaya və iki günahsız körpənin dərin psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Bu gün də rəsmən evli olmasına baxmayaraq, həmin qadınla qeyri-rəsmi əlaqələrini davam etdirən icra nümayəndəsi gənclərə və uşaqlara son dərəcə pis örnək olur.

Şahağacı kənd sakinləri haqlı olaraq hesab edirlər ki, Samir Mailov tutduğu vəzifədən sui-istifadə edərək həm kriminal təhdidlərlə insanları qorxudur, həm də cəmiyyətin mənəvi dəyərlərini ayaqlar altına alır. Bütün bu sadalanan faktların və əlimizdə olan videogörüntülərin aidiyyatı hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmasını və Samir Mailovun barəsində qanunamüvafiq tədbirlərin görülməsini istəyirik.

Məhi ELSEVƏR /Arazpress.com/

 

araz.az xəbər portalı.