
20 Yanvar — şəhidlərimizin qanı ilə yazılan şərəf və qəhrəmanlıq tariximizdir!
36 il öncə, bu tarixdə, paytaxt Bakıda və ölkənin digər şəhərlərində kütləvi etiraz mitinqləri ilə öz haqqını, torpağının bütövlüyünü və milli ləyaqətini müdafiə edən yenilməz Azərbaycan xalqına qarşı amansız Rus imperiyasının öncədən düşünüb, həyata keçirdiyi qisas planının dəhşəti çox ağır oldu. Heç bir xəbərdarlıq olmadan xalqımıza qarşı törətdiyi planlı hərbi cinayəti ilə, yüzlərlə soydaşımızın həyatına son qoydu, vurduğu sağalmaz ağır yaralarla çoxlarının rahat həyatını əlindən aldı. Qan yaddaşımızda əbədiliyini qazanan bu anım günündə şəhidlərimizin ruhu qarşısında baş əyən hər kəs öz vətəndaşlıq borcunu ürəkdən gələn bir istəklə yerinə yetirməyə çalışır.
“Bir qələm sahibi olaraq, bu borcun nə demək olduğunu yaxşı bildiyimə görə, “İmperiyanın qisası” kitabını yazmağa qərar verdim. Həm də ona görə ki, doğulub boya-başa çatdığım Qərbi Azərbaycanın Loru — Pəmbək mahalından olanlar da, bu qətliam zamanı şəhidlik zirvəsinə ucalanlar sırasında idi. Biri Şəhidlər Xiyabanındakı birinci, ikisi digər məzarlarda uyuyanlardır. Bu günahsız insanların qətlinin onların doğma-yaxınlarına yaşatdığı müsibətin ağrısını özüm də çəkirdim.
Daha çox buna və digər səbəblərə görə, Rus imperiyasının əliylə törədilən ağır cinayətlər dolu bu unudulmaz faciə barəsində çoxlarının bilmədiyi həqiqətləri əsas mövzunun ana xəttinə gətirməklə, kitabı fərqli bir stildə hazırladım.
O vaxtlar belə bir kitabın hazırlanması çox çətin idi. Böyük zəhmət və xeyli vaxt tələb edirdi. Tərif olmasın, dərin araşdırmalar, təhlillər, müsahibələr, şərhlər… hesabına kitab çox sanballı alındı. Nəfis şəkildə çap olunan yüksək tərtibatlı bu fundamental əsərdə oxunası və baxılası nələr yoxdur?! Bunların çoxu barədə bundan xeyli sonra yazıldı”, — “Araz” Media Qrupu MMC-nin təsisçisi və Baş redaktoru Hüseyn Əzizoğlu müəllifi olduğu bu kitab barəsində danışdı. Xüsusi olaraq onu vurğuladı ki, Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli faciənin tariximizin yaddaşına düşməsində “İmperiyanın qisası” kimi kitabların rolu danılmazdır.
“Kitabın ərsəyə gəlməsində azadlıq fədaisi kimi adları tarixə düşən “Bakı və Kəndlər Birliyi”nin mərhum rəhbəri Nəsir Ağayevin, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün, onun qardaşı Məhəmməd Rza Xəlilbəylinin, habelə, o vaxtlar səs-küylü yazılan ilə çıxan və Baş redaktoru olduğum “Meridian” qəzetinin təsisçisi, məşhur iş adamı Yelmar Məmmədovun, “Vicdan Sabir” kimi tanıdığımız Azərbaycan Milli Dövlətçilik Partiyasının başkanı, iş adamı Sabir Tarıverdiyevin, Müstəqil Azərbaycan Universitetinin sahibi Abbas Mustafayevin, Rusiyadakı soydaşımız, iş adamı Hamlet Osmanovun, yüksək vəzifə sahibi Akif Quliyevin, həmçinin, bir vaxtlar peşə fəaliyyətini Azərbaycanda davam etdirən türkiyəli məşhur jurnalist, nüfuzlu Azərbaycan — Türk Agentliyinin (ATA), “Avrasiya” və “Hər gün” qəzetlərinin yaradıcısı İrfan Sapmazın və digər tanınmışların köməyi çox oldu. Məhz buna görə də, kitab oxunaqlı alındı. Belə bir kitabın ərsəyə gəlməsi adlarını çəkdiyim tanınmışların da ürəyincə oldu. Sağ olsunlar, hətta iki dəfə böyük tirajla təkrar nəşr etdirməyə qərar verdilər.
Millət və xalq sevgili bu adamlar matəm günündə kitabın pulsuz paylaşılmasını, bunun hesabına əsil həqiqətləri çoxlarının diqqətinə çatdırmağı tövsiyə etdilər. Elə, bu anım günündə də, bu orijinal kitab bir daha xeyli sayda oxucu qazandı. Bu, bizim üçün bir rahatlıq deməkdir…
…Bu şərəfli tarixi bizə bəxş edən əziz şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun!”, — Hüseyn Əzizoğlu qeyd edir.

Sonda qeyd etmək istəyirik ki, jurnalist Hüseyn Əzizoğlu 8 kitab müəllifidir. “İmperiyanın qisası” kimi, Heydər Əliyevin həyat və fəaliyyətinin görünməyən məqamlarından bəhs edən “Tufanlardan keçən ömür” kitabı da, onun yüksək media mükafatlarına layiq görülməsində əsas kimi götürülüb.
Fərhad MƏMMƏDOV
araz.az xəbər portalı.