
“Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmürlər. Buna görədir ki, rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Heç şübhəsiz onun bu özbaşınalığına rəvac verənlər, arxasında duranlar Mikayıl Cabbarov və Ceyhun Bayramovdur. Üstəlik, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Ceyhun Bayramovun qardaşı Azər Bayramov isə maliyyə nazirinin müavinidir və Yusif Yusibovla çox yaxındırlar. Sahil Babayevin maliyyə naziri təyin olunmasını kollektivimiz sevinclə qarışladı. Dedik, bəlkə, müavin gedə və bu özbaşınalıqların qarşısı alına. Lakin…”.
Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən “Araz” qəzetinin redaksiyasına ünvanlanan daha bir şikayət məktubu bu sözlərlə başlayır. Universitet əməkdaşları xüsusi bir narahatçılıqla yazırlar:
“Rektor o qədər “uzaqgörəndir” ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətizdirərək, korrupsiya əməllərini qanuniləşdirə bilib. Universitet əməkdaşlarının maaşlarının ən aşağı səviyyədə olması isə göz qabağındadır. Halbuki Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, hətta Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat yüksəkdir. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi məlum deyil. Yeni il, Novruz Bayramı ərəfəsində respublikadakı digər universitetlər işçilərə maaşları müqabilində bayram hədiyyəsi verib. Ən az pul verənlər 300 manat bayram hədiyyəsi verməyi qərara alıblar. Yusif Yusibovun isə hər iki bayramda hər bir əməkdaşa 50 manat pul verilməsi haqqında göstərişi olub. Verilən bu hədiyyəyə də vergi tətbiq olunur və nəticədə ortada 37-38 manat pul qalır. Bu, kollektivi təhqir etmək deməkdir. Axı, bu pula nə düşür ki, onu da bayram hədiyyəsi adlandırırlar?!
Guya, “Kimya və biologiya müəllimliyi” ixtisasında pedaqoji fəaliyyətlə məşğul olanlar xüsusi bacarıq və səriştələri olan müəllimlərdir deyə, onların əmək haqlarına əlavələr olunur. Halbuki rektorun özü həmin fakültənin əməkdaşıdır və maaşlarına əlavələr edilən müəllimlər də onun yaxın ətrafıdır”.
Məktubda yazılanlardan görünür ki, bu ali məktəbin büdcəsi müxtəlif adlar altında talan edilir, adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir.
“Dekan və kafedra müdirləri məcbur oub öz maaşları hesabına kağız, dərslərdə markeri isə tələbələr pul yığıb, özləri alırlar. Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın var. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda, bu günlərdə “Leksus” modelli ən son model daha bir bahalı xidməti maşın alıb.
Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsaitlər İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənovun əliylə rəhbərlik tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız Vasif Həsənova yaxın olan bir-neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyətlərə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin ya özləri, ya da yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir.
Universitetin akkreditasiyası zamanı ən az balı İnnovasiyalar Departamenti alıb. Bunlar öz işlərini düzəltmək əvəzinə, bütün günahları kollektivin üzərinə atırlar. Bu departamentdə 5 şöbə var, bunların nə işlə məşğul olduğu və funksiyası hələ də məlum deyil. Bu şöbə öz funksiyasına aid olmayan işlərlə məşğuldur — məsələn, imtahanların götürülməsi işi ilə. Deportamentin direktoru Vasif Həsənov əl altdan prorektor Şahin Xurşudovun quyusunu belə qazıb, onunla rektorun arasını vurub, prorektor olmaq sevdasına düşüb”, — məktubda xüsusi olaraq qeyd olunur.
Şikayətçilər xüsusi olaraq onu da qeyd edirlər ki, bu ali məktəbin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa, bu universitetin ölkədə ən böyük korrupsiya yuvası olduğu aşkar olunar:
“Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır. Bir dərs zamanı beş-altı dəfə müxtəlif adamlar girib, yoxlama aparır, tədris prosesini tam iflic vəziyyətinə salırlar. Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000 — 10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. Görəsən, onda qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?!
Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə müxtəlif adamları göndərib, təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar”.
Məktubda qeyd olunan əsas məsələ
rektorun qəbul saatının yoxluğu ilə bağlıdır:
“Heç bir universitet əməkdaşı rektoru görə bilmir, çünki onları qəbul etmir. Kabinetdən çölə çıxmır.
Bu semestr boyu keçirilən imtahanlarda təkcə İqtisadiyyat fakültəsində 1700-dən artıq imtahan kəsiri var. Elə tələbə var ki, bir-neçə imtahandan kəsilib. Bu kəsirlər Şahin Xurşudovun əl altdan aldığı rüşvət hesabına imtahandan xeyli müddət keçməsinə baxmayaraq, listləri dəyişdirməklə düzəldilir. İmtahandan yığdığı pullar buna bəs etmir. Bu adam pul çıxan hər şeyə girişir. Müxtəlif adamları rüşvət müqabilində universitetə müxtəlif vasitələrlə müəllim təyin etdirir. Belə şəxslərdən biri də, işlədiyi bütün yerlərdən biabırçılıqla qovulan Mais Gülalıyevdir. Göz götürməzlik, yanlış məlumat vermək, mərdiməzarlıq və onun-bunun dalınca danışmaq Mais Gülalıyevin həyat tərzinə çevrilib. Bu adam vaxtilə Soros Fonduyla əlaqəli olub. İqtisadiyyt İnstitutunda, Mingəçevir Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində və s. bu kimi yerlərdə rəhbər vəzifələrdə çalışıb, işlədiyi yerlərdən isə, biabırsızcasına qovulub. Bu şəxc həm də Azərbaycan Yaşıllar Partiyasının Sədri olub. İndi isə, Şahin Xurşudova verdiyi rüşvətin sayəsində Gəncə Dövlət Universitetinə transfer olunub. Hələ bu azmış kimi, verdiyi rüşvətin müqabilində Şahin Xurşudov onu Menecment və Turizm işi kafedrasına müdir təyin etdirməyə çalışır. Halbuki həmin kafedranın hal-hazırda müdiri işləyən Əli Allahverdiyev işlədiyi sahədə respublikada kifayət qədər dəst-xətti olanlardan biridir. Savadlı, böyük iş təcrübəsinə, fakültədə xüsusi nüfuza malik bir şəxsdir. Lakin Şahin Xurşudova belə kadr lazım deyil. Ona rüşvət verən, eyni zamanda, bu iyrənc işdə kifayət qədər təcrübəsi olan adam lazımdır. Yığdığı rüşvətlərin hesabına bahalı maşınlara, Bakıda, Tovuzda, eləcə də Gəncədə kifayət qədər obyektlərə və daşınmaz əmlaka sahiblənməyi bacarıb. İndi isə şəhərin yaxşı yerində “Sehrli dayə” adlı uşaq bağçası açıb. Bu bağçanın yerləşdiyi çoxmərtəbəli villa da Şahin Xurşudovun mülkiyyətindədir. O, hal-hazırda müxtəlif adamlardan işə qəbulla bağlı pullar alıb, lakin rüşvətin miqdarında rektora fırıldaq gəldiyi üçün onun tərəfindən gözdən salınıb. Rektor rüşvət verən həmin şəxslərin əmrini vermir deyə, bu adam onların əlində qalıb. Dəhşət ondadır ki, verdikləri rüşvəti geri tələb edənlər onun kabineti qarşısında növbəyə dayanırlar”.
Ölkənin tanınmış bu ali elm ocağının təəssübünü çəkən şikayətçi müəllimlər məktublarının sonunda elm və təhsil naziri Emin Əmrullayevin onların haqlı etirazlarına tezliklə cavab verəcəyinə ümid etdiklərini yazırlar. Həm rektor Yusif Yusibovun, həm də onun pulyığanları Vasif Həsənovun və Şahin Xurşudovun törətdikləri cinayət əməllərinə görə layiqli cavablarını alacaqlarına tam əmin olduqlarını ifadə etməklə, Uca Tanrıdan istəklərinin bu olduğunu da xüsusi olaraq vurğulayırlar.
Nadir HƏSƏNLİ,
Tahir HÜSEYNOV,
araz.az xəbər portalı.