Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” tədbirinin qonağı olub.

Şirkətin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi iri şirkət və korporasiyaların rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, eyni zamanda tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir.

Tədbirin açılış nitqini ADA Fondunun prezidenti Natiq Hacıyev səsləndirib. O, bu formatlı görüşlərin tələbələrin karyera planlamasında mühüm rol oynadığını və real biznes liderləri ilə birbaşa ünsiyyət imkanının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Eyni zamanda, son iki ildə ADA Universiteti ilə Veysəloğlu Şirkətlər Qrupu arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib, bu tərəfdaşlığın tələbələrin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

“Senior Talks” çərçivəsində çıxış edən Aydın Talıbov Veysəloğlu Şirkətlər Qrupunun formalaşma və inkişaf mərhələləri, strateji baxış, liderlik prinsipləri və korporativ idarəetmə modeli haqqında ətraflı məlumat verib. O, həmçinin böyük pərakəndə və distribusiya şəbəkəsinin idarə olunmasında operativ qərarvermə, komanda işi və insan kapitalının roluna toxunub.

Tədbirdə ümumilikdə 90 tələbə iştirak edib. Çıxış tələbələr tərəfindən böyük həvəslə izlənilib. Sual-cavab sessiyası isə xüsusi aktivliklə seçilib – iştirakçılar həm şirkətin inkişaf strategiyası, həm işə qəbul meyarları, həm də şəxsi karyera inkişafı ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Görüş səmimi və interaktiv mühitdə keçib, tələbələr real biznes təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər.

“Senior Talks” proqramı çərçivəsində keçirilən bu görüş akademik mühitlə biznes sektoru arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

araz.az xəbər portalı.