
Əziz həmvətənlər!
Bu gün xalqımız 2 müqəddəs bayramı eyni gündə qeyd edir. Əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi Novruz və Ramazan bayramlarının sevincini yaşayır. Bu əziz gün münasibətilə mən də hər birinizi səmimi-qəlbdən təbrik edir, möhkəm can-sağlığı, süfrənizdə ruzi-bərəkət arzulayıram.
Novruz Yeni ilin, yeni günün – təbiətin oyanışının, baharın gəlməsinin rəmzidir. Bu, hər birimizin həyatımızda yeni ruh, saf və nemətli həyat deməkdir. Əlbəttə, Novruz, Ramazan və digər bayramlarımızı sevinc və qürurla qeyd ediriksə, ilk növbədə, Cənab Prezident İlham Əliyevə minnətadarıq. Məhz Onun təmkinli, müdrik və uzaqgörən siyasəti sayəsində bir çox islam ölkələrində yaşanan narahatlıqlara və qeyri-sabitliyə baxmayaraq, Azərbaycanda dünya müsəlmanlarının ən mübarək günü olan Ramazan sevincimizə, ovqatımıza təsir edən heç bir məqam yoxdur.
Azərbaycan xoşbəxt dövlətdir ki, Novruz tonqalları 86,6 min kv.km ərazisinin hər bir nöqtəsində alovlanır, Cənab Prezident 6 ildir ki, Novruz bayramını Qarabağda qeyd edir, Novruz tonqalını Qarabağda qalayırıq. Özünün də qeyd etdiyi kimi bu, böyük xoşbəxtlikdir, Xüsusilə də, yaxınımızda baş verən mürəkkəb dövrdə, ən böyük uğurdur.
Bu, həm də Azərbaycan dövləti və cəmiyyətinin güclü və milli birliyinin, xalqımızın və hakimiyyətin güclü vəhdətin, həmrəyliyinin uğuru deməkdir.
Hörmətli həmvətənlərim,
Bir daha Sizi Novruz və Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olmasını, süfrələrinizdə həmişə bol nemətlər diləyirəm.
Bu müqəddəs gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman Şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, Ailələrinə səbir, Qazilərimizə cansağlığı diləyirəm.
Bayramlarınız mübarək olsun!
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.