Azərbaycan iqtisadiyyatında geriləmə müşahidə olunur. Qonşu Gürcüstan və Ermənistan iqtisadi artımı 9 faizə çatdırdığı bir vaxtda, bizdə mənzərə fərqlidir. Əsas sektorlarda durğunluq var, iş adamları narazıdır, camaatın isə alıcılıq qabiliyyəti düşüb. Bütün bunların fonunda ən çox diqqət çəkən məsələ hakimiyyət daxilindəki qohumbazlıq və eyni çevrənin dövlət postlarını zəbt etməsidir.

Yaxın keçmişdə “Qudalar kabineti” ifadəsi xalq arasında geniş yayılmışdı. Hamı ümid edirdi ki, yeni islahatlar bu köhnə idarəçiliyi bitirəcək. Amma zaman göstərdi ki, sadəcə fiqurlar dəyişib, köhnə sistem isə olduğu kimi qalır.

Mikayıl Cabbarovun ön plana çıxması əvvəlcə bir ümid yaratmışdı. Onu “islahatçı” kimi tanıdır, köhnə sistemin dəyişəcəyini deyirdilər. Lakin illər keçsə də, gözlənilən nəticə hasil olmadı. Əksinə, mühüm dövlət qurumlarında və şirkətlərdə eyni ailəyə və çevrəyə yaxın şəxslərin adları daha çox eşidilməyə başladı.

Hazırda M. Cabbarovun yaxın qohumlarının və dostlarının müxtəlif vəzifələrdə olması cəmiyyətdə ciddi müzakirə mövzusudur. İqtisadiyyat Nazirliyindən tutmuş mediaya və vergi sisteminə qədər hər yerdə eyni çevrənin izi görünür. İnsanlar haqlı olaraq soruşur: “Əgər bu şəxslər belə peşəkar idilərsə, niyə məhz son illərdə birdən-birə hamısı yüksək vəzifələrə gəldi?”

Burada ən böyük problem maraqlar toqquşmasıdır. Dövlət idarəçiliyi şəffaf olmalı, hamıya bərabər imkanlar yaratmalıdır. Bir ailənin və ya qrupun bütün mühüm postları tutması bu prinsipləri yerlə-yeksan edir. Üstəlik, məmur ailələrinin sürətlə varlanması və lüks həyatı da diqqətdən yayınmır.

Məsələn, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, İTV-nin rəhbəri Balakişi Qasımov və “AzərGold”dakı Zakir İbrahimov kimi şəxslərin nazirlə yaxınlığı tez-tez gündəmə gəlir. Belə qohumluq əlaqələri “islahat” sözünün mahiyyətini şübhə altına qoyur…

E. ƏLİYEV 

araz.az xəbər portalı.