İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev ənənəyə sadiq qalaraq açılış mərasimində çıxış edib. Ölkə başçısının çıxışı çoxşaxəli olmaqla yanaşı, diqqətçəkən məqamları da özündə ehtiva etdi.

Birincisi, Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurasından tam çıxmağı nəzərdən keçirdiyini açıqladı. Prezident deyib ki, Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq.

“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkə başçısı bu sözləri ilə qətiyyətli mövqeyini ortaya qoymaqla yanaşı, həm də adıçəkilən quruma son xəbərdarlığını edir. Təcrübə göstərir ki, belə açıqlamalar adətən qarşı tərəfə mövcud münasibətlərin bu şəkildə davam edəcəyi təqdirdə, daha sərt addımların mümkün olduğunu bildirmək məqsədi daşıyır. Avropa Şurasının Azərbaycan cəmiyyətinə təsiri də məhduddur və üzvlüyün dayandırılması gündəlik həyata həqiqətən də ciddi təsir göstərməyəcək.

Ümumiyyətlə, Avropa Şurası ilə Avropa İttifaqı eyni deyil. Azərbaycanda bəzən bu iki qurum qarışdırılır. Avropa Şurasından çıxmaq Avropa İttifaqı ilə münasibətlərin kəsilməsi demək deyil. Ona görə də bunun iqtisadi və ya enerji əməkdaşlığı baxımından dərhal böyük nəticələr doğuracağını düşünmürəm.

İkincisi, Prezident İlham Əliyev çıxışı zamanı ABŞ ilə İran arasındakı münaqişəyə də toxunub. Prezident münaqişəyə tezliklə son qoyulacağına ümid etdiyini deyib.

Bu açıqlama mənə görə kifayət qədər diqqətəlayiqdir. Çünki Prezident təkcə İran-ABŞ münasibətlərini şərh etmir, eyni zamanda Azərbaycanın təhlükəsizlik mühitini təsvir edir. Misal üçün Prezident bildirib ki, “Azərbaycan demək olar müharibənin mərkəzindədir”. Burada söhbət Azərbaycanın müharibəyə cəlb olunma risklərindən və ətraf geosiyasi mühitin getdikcə daha riskli olmasından gedir.

Diqqət çəkən məqamlardan biri də odur ki, Prezident ritorikasında tərəf tutmur. O, nə ABŞ-ı, nə də İranı ittiham edir. Əsas vurğunu münaqişənin dayandırılmasına, qan tökülməsinin qarşısının alınmasına və regional sabitliyə yönəldir. Bu, Azərbaycanın formalaşdırdığı balanslaşdırılmış xarici siyasət xəttinin davamı deməkdir. Çünki Bakı həm Vaşinqtonla, həm də Tehranla münasibətləri pisləşdirmək istəmir və hər iki istiqamətdə dialoqu qorumağa çalışır.

Ölkə başçısı Pakistanın və Baş nazir Şahbaz Şərifin vasitəçilik səylərini də qiymətləndirib. Rəsmi Bakı bir tərəfdən İslamabadın regional diplomatiyadakı roluna dəstək verir, digər tərəfdən isə göstərir ki, münaqişələrin həllində yalnız böyük güclər deyil, regional aktorlar da rol oynaya bilər.

Üçüncüsü, Prezident İlham Əliyev deyib ki, ABŞ ilə Azərbaycan arasındakı münasibətlər çox əladır, hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Hesab edirəm, bu açıqlama son dövrlərin ən diqqətçəkən xarici siyasət mesajlarından biridir. Çünki ölkə başçısı sadəcə “münasibətlər yaxşıdır” demir, “strateji tərəfdaşlıq səviyyəsinə qalxıb” deyir.

Dövlət başçısı həm ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşləri, həm də ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfərini və imzalanan strateji tərəfdaşlıq sənədini nümunə göstərərək bu sözləri deyir.

Prezidentin qeyd etdiyi kimi, həqiqətən də Azərbaycan-ABŞ münasibətləri heç vaxt bugünkü qədər yaxşı olmayıb. Vaşinqtonun vasitəçiliyi ilə Ermənistanla sülh sazişinin paraflanması və ya 907-ci düzəlişin icrasının dayandırılması kimi yeniliklər ciddi uğurlardır. Bakının bundan sonrakı əsas hədəfi, heç şübhəsiz, 907-ci düzəlişin tam ləğvidir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı

 

araz.az xəbər portalı.