
Avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti keçiriləcək. Sammitdə 17 dövlətin lideri iştirak edəcək, onlar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da var.
Tədbirdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərlərindən başqa BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT rəsmiləri də təmsil olunacaqlar. Genişləndirilmiş “ŞƏT +” formatında keçiriləcək iclaslarda regional təhlükəsizlik, beynəlxalq hüquq normaları, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq layihələri masaya yatırılacaq. Sammitin yekununda təşkilatın 25 illiyi ilə bağlı ortaq bəyannamənin qəbulu gözlənilir.
Əvvəla onu deyim ki, ŞƏT 15 iyun 2001-ci ildə Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilib. Təşkilat ilk vaxtlar sadəcə məhdud regional çərçivəsində fəaliyyət göstərirdi. Bu gün isə Avrasiyanın böyük hissəsini əhatə edən siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevrilib. Misal üçün 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran və 2024-cü ildə Belarus təşkilata qoşuldu. 2025-ci ildə Çinin Tiencin şəhərində keçirilmiş Sammitin bəyannaməsinə əsasən, ŞƏT-də müşahidəçi və dialoq üzrə tərəfdaş statuslarının vahid “ŞƏT tərəfdaşı” adı ilə birləşdirilməsi haqqında qərardan sonra hazırda Əfqanıstan, Monqolustan, Türkiyə, Şri-Lanka, Azərbaycan, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, BƏƏ, Maldiv, Myanma ŞƏT-də tərəfdaş statusuna malikdirlər.
Göründüyü kimi ŞƏT qısa zamanda coğrafiyasını genişlədib. Əslində, təşkilatın coğrafiyasının qısa zamanda genişlənməsi və vəd etdiyi potensial Azərbaycanın ŞƏT-ə marağını artırdı. 2016-cı ildə Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı, 2024-cü ildə isə rəsmi olaraq dialoq tərəfdaşından müşahidəçi statusuna yüksəlmək üçün müraciət etdi. Bundan öncə isə Prezident İlham Əliyev ŞƏT-in müvafiq olaraq 2022-ci ildə Özbəkistanda, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən Sammitlərində fəxri qonaq qismində iştirak və çıxışlar etdi. Çinin Tiencin şəhərində keçirilmiş ŞƏT Sammitində “dialoq tərəfdaşı” və “müşahidəçi” statuslarının “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi barədə qərar qəbul olundu və bununla Azərbaycanın təşkilatdakı statusu “ŞƏT tərəfdaşı”na dəyişdirildi.
Azərbaycanın ŞƏT-lə əlaqələri
Azərbaycanın bu təşkilata marağı ilk növbədə onun əhatə etdiyi coğrafiyadan qaynaqlanır. Belə ki, təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclər, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib.
Bu gün Azərbaycanın əhəmiyyəti təşkilat üçün çox daha böyükdür. Azərbaycanın ən böyük üstünlüyü, şübhəsiz, coğrafiyasıdır. Bakı son illərdə regionda ciddi infrastruktur qurub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi, Bakı və Ələt Limanı, dəmir yolu infrastrukturu, Bakı-Tbilisi-Qars xətti və Xəzər üzərindən daşımaların genişləndirilməsi Azərbaycanın tranzit potensialını real iqtisadi resursa çevirib.
Bu məqam ŞƏT baxımından da xüsusilə əhəmiyyətlidir. Belə ki, Çin və Mərkəzi Asiyadan Qərbə çıxan yüklərin alternativ marşrutlara ehtiyac duyduğu bir vaxtda Azərbaycan bu marşrutların üzərində yerləşən stratejik ölkədir. Azərbaycan həm də həmin marşrutların işləməsi üçün zəruri infrastruktura sahibdir. Xüsusi ilə Orta Dəhliz üzrə görülən işlər və dəhlizin əhəmiyyəti hər kəs kimi ŞƏT-ə məlumdur. Bundan başqa Mərkəzi Asiya dövlətlərinin Xəzər üzərindən Qərbə çıxışında Azərbaycan mühüm həlqədir. Bu isə Bakının həm Çin, həm Qazaxıstan, həm Özbəkistan, həm də digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə əlavə strateji məna verir.
Bakı-Mərkəzi Asiya tərəfdaşlığı
Son illərdə Mərkəzi Asiya ilə Azərbaycanın münasibətlərində baş verən dəyişiklik də təsadüfi deyil. Bakı region ölkələri ilə enerji, nəqliyyat, investisiya, logistika və rəqəmsal bağlantılar üzərindən yeni əməkdaşlıq modeli qurulur.
Azərbaycanın başqa bir mühüm üstünlüyü də var. Söhbət balanslı xarici siyasətdən gedir. Belə ki, ŞƏT-in daxilində bütün dövlətlərin maraqları eyni deyil. Çin və Rusiya kimi böyük güclərin öz prioritetləri var. Hindistan və Pakistan arasında ciddi siyasi ziddiyyətlər mövcuddur. Mərkəzi Asiya dövlətləri müxtəlif istiqamətlər üzrə öz milli maraqlarını həyata keçirirlər. İranın, Belarusun və digər tərəfdaşların da ayrıca regional gündəlikləri var.
Azərbaycanın xarici siyasət təcrübəsi məhz belə çoxvektorlu əməkdaşlıq üzərində qurulub. Bakı bir tərəfdən Çinlə əlaqələri inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya dövlətləri ilə yaxınlaşır, Rusiya ilə münasibətləri qoruyur, Türkiyə ilə müttəfiqlik əlaqələrini dərinləşdirir və Avropa ilə enerji və nəqliyyat sahəsində əməkdaşlığını genişləndirir.
Əslində, Azərbaycanın ŞƏT siyasətinin əsas məğzi bir cümlə ilə ifadə oluna bilər. Bakı yeni dünya düzənində hansı tərəfin yanında dayanacağını deyil, müxtəlif tərəfləri bir-birinə bağlayan hansı mövqedə dayanacağını müəyyənləşdirir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı
araz.az xəbər portalı.