Tural İRFAN,
ilahiyyatçı və siyasi şərhçi

İnsani dəyərlər və münasibətlər olmadan islami dəyər və münasibətdən danışmaq əbəsdir. İnsanlığı olmayana İslamı versən silah qismində qullanacaq. Neçə ki, bir çoxları hazırda dindən başqa hədəflər üçün sui-istifadə edirlər.

İnsani dəyərlər və münasibətlər olarsa, inanc da bu bünövrə üstündə bərqərar olduğu üçün həm fərdi inkişafa, həm də cəmiyyətə faydaya səbəb olar.

“Vəhdət həftəsi”, “vəhdət namazı” qondarıblar. Sanki İslam nifaq diniymiş, namaz da məzhəblərə bölünərək ayrı qılınmalıymış, sadəcə indi Allahın dininə bir haşiyə əlavə edərək düzəliş, redaktə ediblər.

Məgər dinin özünün mahiyyəti vəhdət deyilmi? Məgər camaat namazı həmrəylik üçün deyilmi? Yoxsa nə fərqi vardı namazı evdə təkcə qılmaqla məsdiddə camaatla qılmağın? İndi belə çıxır ki, təkcə ildə bir səfər Peyğəmbərin mövlud həftəsində müsəlmanlar vəhdətə gəlməli, qalan vaxtda da firqətə bölünməlidirlər?

“Vəhdət namazı”! Məgər başqa namazlar nifrət namazıdırmı ki, İslam şəriətinə yeni bir əlavə gətirib, “vəhdət namazı” qondarırıq? Başqa vaxt zillət namazı qılır müsəlmanlar?

Namazın öz mahiyyətini kənara tullayıb quru inzibati qaydalar, süni metodlar ortaya çıxarmaq əslində İslamda yeni bölünmənin meydana çıxarılması deməkdir. İldə bircə həftə deyil, bütün ömür boyu müsəlmanlar vəhdətdə olmağa əmr olunub. Quranda Allahın qəti əmri var. Sadəcə bu əmrə riayət etmək lazımdır.

Adamlar insan olmalıdır, vəssalam. Əgər insan olsa bazarda, toyda, yasda, iclasda, məktəbdə, institutda bir damın altında oturduğu kimi Allahın evində də eyni səfdə ibadət edəcək. Yox, əgər insanlığı yoxdursa sənin ortaya çıxardığın “vəhdət namazı”nı qılandan sonra gedib namazını təzələyəcək. Çünki bu vəhdət onun daxilindən gəlmir, ürəyindən təpmir, insani, ülvi dəyərlərdən nakamdır…

İnsanlıqda vəhdətə gəlməyəni dində necə vəhdətə gətirə bilərsən? İnsanlıq hissləri, dəyərləri canlı olanda nəinki başqa məzhəblərlə, hətta deist və ateistlə də vəhdətdə ola bilərsən. Ümumbəşəri insani dəyərlər, cəmiyyətə fayda, elmi müzakirə, dövlətə, xalqa sevgi sarıdan bəli, xristianla, yəhudi ilə, hətta inancsızla da vəhdətdə ola bilirsən. Lakin insani dəyərlərdən, insana xas mənəviyyatdan yoxsul olanda eyni məzhəbin içində belə didişirsən, bölünürsən, ədavət yaradırsan. Demək, problem dində, inancda deyil, adamların özündədir. Əgər adamların insanlığı olsa dində də birləşə, bir ibadət edə bilərlər.

Birləşdirici, həmrəyliyə, tolerantlığa çağıran dini dəyərləri, müddəaları əsrlər boyu mövhumatçı ruhanilər və xurafatçı dindarlar təhrif etdiyi üçün hazırda dinin həmin faydalı sütunları öz əslindən uzaq düşüb, nəticədə cəmiyyəti birliyə, ülviyyətə, mənəviyyata cəlb etməkdə effektli olmur. Çünki firqələrə bölüb dinin ümum üçün nəzərdə tutulmuş özəlliklərini sıradan çıxarıblar, qütbləşdirib, məzhəbləşdirib xüsusiləşdiriblər. Xüsusən də dində reform aparılmadığı üçün faydalı qaydaların orta əsr cəmiyyətinə tətbiq üsulları bu gün üçün işlək olmur.

Odur ki, dövlətin dünyəvi qanunları müasir zamanda qəbul edildiyi, tələblər və bütün reallıqları nəzərə aldığı üçün hətta dindarların özünü də elə öz müqəddəs kitablarında deyilən vəhdətə, həmrəyliyə, sosial münasibətlərə, tolerantlığa, mədəniyyətə daha effektli şəkildə cəlb edə bilir. Yəni, küt və kor dindar kütlənin mahiyyətindən uzaq düşdüyü ilahi, insani dəyərləri dövlət daha mütərəqqi və qanuni şəkildə həyata keçirir.

Adi xırda bir məsələ üzərində böyük müzakirələr açan ali ruhanilər Qurandakı vəhdət ayəsini gözardı edib qulaqardına vururlar. Məhz bu cür subyektiv, qərəzli, məzhəbçi, səthi yanaşmalar İslamın ali, ümumbəşəri, beynəlxalq dəyərlərini sıradan çıxarır. Nəticədə, sanki İslamda yoxmuş kimi yeni “vəhdət həftəsi”, “vəhdət namazı” kimi süni bidətlər qondarılır.

Allah harda buyurur ki, il boyu “məzhəb namazı” qıl, ildə bir dəfə də “vəhdət namazı” qıl?

Vəhdətin vacibliyinə etiqad edənlər elə ömür boyu vəhdət şəklində namaz qılanlardır. Etiqadı olmayanların isə ildə bir dəfə süni görüntü xatirinə bir araya gəlib sonra gedib əlini yuması, namazını təzələməsi dini təkbirlə desək münafiqlikdən savayı bir şey deyil.

araz.az xəbər portalı.