İnsan ömrü qəribə bir seçimlər silsiləsidir. Hər gün verdiyimiz qərarlar təkcə cibimizə deyil, düşüncəmizə, ruhumuza, övladlarımızın gələcəyinə və millətin sabahına da təsir edir. Bəzən insan elə zənn edir ki, bir-neçə saatını harada keçirməsinin heç bir əhəmiyyəti yoxdur. Amma əslində bir millətin taleyi də məhz belə kiçik seçimlərin üst-üstə yığılması ilə formalaşır.

Ən təhlükəli yoxsulluq pul yoxsulluğu deyil. Ən təhlükəli yoxsulluq zövq yoxsulluğudur. Çünki cibində pul olmayan insan zəhmətlə varlana bilər. Amma ruhu kasıblaşan insan, nə qədər varlı olsa da, daxildən yoxsul qalacaq. İnsan yalnız qarnı ilə yaşamır. İnsanı insan edən onun vicdanı, düşüncəsi, estetik zövqü və mənəvi dünyasıdır. Bu gün çoxları əyləncəyə vaxt ayırır, lakin düşünməyə vaxt ayırmır.

İnsan gülmək istəyir, amma düşünmək istəmir. Hisslərini oyadan deyil, hisslərini müvəqqəti uyuşduran məkanlara üz tutur. Halbuki insanı böyüdən rahatlıq deyil, düşünmək məcburiyyətidir. Teatr məhz bu düşünmək məcburiyyətini yaradan sənətdir. Səhnədə aktyor rol oynamır. O, insanın vicdanını canlandırır. Tamaşaçı sadəcə tamaşaya baxmır, əslində, öz həyatına baxır. Oradakı qəhrəmanın səhvi bəzən onun öz səhvi olur. Oradakı göz yaşı bəzən illərlə gizlətdiyi peşmanlığın səsi olur.

Kino böyük sənətdir və dünya mədəniyyətinin mühüm hissəsidir. Xarici filmləri izləməyin özü yanlış deyil. Ancaq problem o zaman başlayır ki, insan bütün marağını başqa mədəniyyətlərə yönəldir, öz ölkəsinin sənətinə isə biganə qalır.

Öz evinin işığını söndürüb qonşunun pəncərəsinə heyran qalmaq ağıllı seçim deyil. Psixologiyada “diqqətin istiqaməti şəxsiyyəti formalaşdırır” prinsipi var. İnsan nəyə daha çox baxırsa, zamanla ona bənzəməyə başlayır. Hansı qəhrəmanları alqışlayırsa, düşüncəsi də həmin qəhrəmanların dünyası ilə formalaşır.

Buna görə də, hər bir xalq öz sənətinə sahib çıxmağa çalışır. Çünki sənət təkcə əyləncə deyil, milli şüurun formalaşdığı ən güclü vasitələrdən biridir. Tarix göstərir ki, böyük imperiyalar əvvəlcə iqtisadi zəiflikdən deyil, mənəvi süstlükdən sarsılıblar. İnsanlar düşünməkdən yorulanda, əylənmək düşünməkdən daha vacib görünəndə, cəmiyyət tədricən daxildən boşalmağa başlayır. Xarici görünüş qalır, amma ruh zəifləyir. Qurani-Kərimdə dəfələrlə insan düşünməyə, ibrət almağa və ağlını işlətməyə dəvət olunur.

Düşünən insanla düşünməyən insan eyni ola bilməz. Mədəniyyətə, elmə və sənətə maraq da məhz bu düşüncə mədəniyyətinin bir hissəsidir. Əgər insan yalnız keçici həzzlərin arxasınca qaçırsa, ruhunu qidalandırmağı unudursa, daxilində boşluq yaranır. Bu boşluğu isə nə var-dövlət, nə də əyləncə doldura bilir. Teatrın səhnəsində satılan məhsul yoxdur. Orada satılan düşüncədir.

Aktyor alqış üçün deyil, insan vicdanını oyatmaq üçün çıxış edir. Onun aylarla çəkdiyi zəhmət bir neçə saat ərzində tamaşaçının qəlbinə toxunmağa çalışır. Təəssüf ki, bəzən həmin zəhmətin qarşılığında boş oturacaqlar görünür.

Sual yaranır: “İnsan niyə teatra getmir?”.
Səbəb təkcə vaxt və ya maddi imkan deyil. Əsl səbəb zövqün istiqamətinin dəyişməsidir. Sürətli görüntülərə alışmış beyin səbir tələb edən sənətdən uzaqlaşır. Ani emosiyalar dərin düşüncəni əvəz edir. Nəticədə insan əylənir, amma zənginləşmir. Fəlsəfə deyir ki, insan yalnız istehlak etdikləri ilə deyil, dəyər verdikləri ilə tanınır. Bir millətin hansı sənət növünə daha çox maraq göstərməsi onun gələcək mənəvi simasını müəyyən edir.

Əgər səhnələr boş qalırsa, bu təkcə teatrın problemi deyil, bu cəmiyyətin öz düşüncə gücünü zəiflətməsinin xəbəridir. Valideyn övladına yalnız yemək və geyim verməklə borcunu bitirmiş olmur. Ona zövq, düşüncə və mədəniyyət də öyrətməlidir. Teatra gedən uşaq yalnız tamaşa izləmir, dinləməyi, hiss etməyi, empati qurmağı və fərqli baxışları anlamağı da öyrənir. Bunlar isə heç bir texnologiyanın əvəz edə bilməyəcəyi həyat dərsləridir. Bu gün teatr salonlarının boş qalması bizi bir sual üzərində düşündürməlidir: Biz nəyi alqışlayırıq? Sürətlə unudulan görüntülərimi, yoxsa illərlə yadda qalan fikirlərimi? Çünki millətin gələcəyini onun alqışlarının istiqaməti müəyyən edir.

Əgər bir cəmiyyət öz şairini, yazıçısını, dramaturqunu, aktyorunu və səhnəsini unudursa, zaman keçdikcə özü də unudulmağa başlayır. Mədəniyyətinə sahib çıxmayan xalqın sərvəti çox ola bilər, amma mənəvi dayaqları zəifləyər. Halbuki milləti ayaqda saxlayan yalnız iqtisadiyyat deyil, onu ayaqda saxlayan ortaq yaddaş, ortaq sənət və ortaq ruhdur.

Bəlkə də bu gün bizə ən çox lazım olan yeni binalar deyil, yeni tamaşaçılardır. Çünki kitab oxuyan, teatr izləyən və sənətə dəyər verən insanı aldatmaq daha çətindir. Düşünən insan manipulyasiyaya daha az uyur, cəmiyyətinə daha çox fayda verir. Sonda hər kəs öz vicdanına bir sual versin: mən bu gün yalnız öz əyləncəmə xidmət etdim, yoxsa öz xalqımın mədəniyyətinin yaşamasına da kiçik olsa belə bir töhfə verdim?

Çünki millətlər təkcə müharibə meydanlarında deyil, mədəniyyət salonlarında da qalib və ya məğlub olurlar. Səhnənin işığı sönməsin deyə, əvvəlcə qəlbimizdə düşüncənin işığını söndürməməliyik.

Həsən ŞAHBABAOĞLU

araz.az xəbər portalı.