
Azərbaycanlı gənc yazar və araşdırmaçı Şahin Əliyevin qələmə aldığı “Kiprindən dünyaya hayqıran səs: Zorlu Töre” adlı kitab oxuculara təqdim olunub.
Müəllifin Arazpress.com-un əməkdaşına dediyinə görə, Şimali Kipr Türk Respublikasının keçmiş Məclis sədri və Lefkoşa millət vəkili “Zorlu Töre”nin həyatından, siyasi mübarizəsindən, düşüncə dünyasından və Kipr türk toplumuna xidmət yolundan bəhs edən əsər Azərbaycanda nəşr olunub.
108 səhifədən ibarət kitabda “Zorlu Töre”nin uşaqlıq və təhsil illərindən gənclik dövründəki siyasi və ictimai fəaliyyətlərinə, millət vəkilliyi və nazirlik fəaliyyətindən Məclis sədrliyi dövrünə qədər uzanan həyat yolu əhatəli şəkildə təqdim edilir.
Əsərdə, həmçinin “Töre”nin fikirləri və ideologiyası, Türkiyə–Şimali Kipr Türk Respublikası münasibətlərinə baxışı, eləcə də Azərbaycan–Şimali Kipr Türk Respublikası münasibətlərindəki rolu ayrıca bölmələrdə araşdırılır. Kitabın diqqətçəkən bölmələrindən biri isə “Zorlu Töre” ilə “Əbədi Birlik” Gənclər İctimai Birliyi arasındakı münasibətlərə həsr olunub.
Kitabın sonrakı bölmələrində “Zorlu Töre” haqqında yerli və beynəlxalq ictimaiyyət, siyasət və mədəniyyət nümayəndələrinin fikirlərinə də yer verilir. Əsərin sonunda müəllifin dəyərləndirmələri və fotoqalereya təqdim olunur.
Əsərin redaktoru Serdar Şengüldür. Səhifələnməsini isə Amalya Əhmədova həyata keçirib.
Kitabın annotasiyasında əsər belə təqdim olunur:
“Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” Şimali Kipr Türk Respublikasının keçmiş Məclis sədri və Lefkoşa millət vəkili “Zorlu Töre”nin həyatını, siyasi mübarizəsini, düşüncə dünyasını və Kipr türk toplumuna xidmət yolunu əhatə edən əsərdir.
Şahin Əliyevin bu çalışması Azərbaycandan Kipr türk siyasi tarixinə və “Zorlu Töre”nin siyasi-ictimai fəaliyyətinə həsr olunmuş diqqətçəkən əsərlərdən biri kimi təqdim olunur. Eyni zamanda əsər Azərbaycanla Kipr türk xalqı arasındakı tarixi, mədəni və siyasi bağlara diqqət çəkir.
araz.az xəbər portalı.