Akif AĞAYEV,
jurnalist

Sosial şəbəkələrin həyatımıza daxil olması informasiya dövriyyəsini sürətləndirdi, hər kəsə fikir bildirmək və məlumat paylaşmaq imkanı verdi. Lakin zamanla sosial şəbəkə ilə medianın, paylaşım ilə xəbərin, istifadəçi ilə jurnalistin sərhədləri qarışmağa başladı. Sosial şəbəkəni media, hər paylaşımı isə jurnalistika kimi təqdim etmək peşənin mahiyyətini və əsas meyarlarını aşındırdı.

Halbuki jurnalistika sadəcə məlumat yaymaq deyil. Jurnalistika faktı yoxlamaq, mənbəni araşdırmaq, müxtəlif mövqeləri dinləmək və yayılan informasiyaya görə məsuliyyət daşımaqdır. Sosial şəbəkədə hər kəs yaza və paylaşa bilər, amma bu, onu avtomatik olaraq jurnalist etmir. Eyni şəkildə, hər paylaşım da xəbər deyil.

Bu gün vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri süni intellektdir. Süni intellekt jurnalist üçün faydalı alət ola bilər, amma jurnalistikanın mahiyyətini bilməyən şəxsi jurnalistə çevirmir. Təəssüf ki, bəziləri süni intellektin yaratdığı səliqəli mətnlərin arxasında öz savadsızlığını gizlədərək, jurnalist adı altında fəaliyyət göstərməyə çalışırlar. Halbuki yaxşı yazılmış mətn hələ jurnalistika demək deyil.

Sürət, baxış sayı və paylaşım çoxluğu xəbərin doğruluğuna zəmanət vermir. Jurnalistikanın əsas gücü isə məhz etibarlılığında, peşəkarlığında və məsuliyyətindədir.

Sosial şəbəkə informasiya platforması, süni intellekt texnoloji vasitə, jurnalistika isə peşə və məsuliyyətdir.

Unutmayaq ki, hər yazan jurnalist, hər yazılan isə xəbər deyil.

 

araz.az xəbər portalı.