Tural İRFAN,
MCP-nin sədr müavini, ilahiyyatçı və siyasi şərhçi

Subyektiv düşünən, qatı məzhəbçi adamların birtərəfli şəkildə çıxarılıb açıq efirdən Sultan Səlimə lənət oxudulması məndə şübhə yeri qoymadı ki, bu kampaniya Türkiyə ilə ən azı milli, mədəni, mənəvi əlaqələri korlamağa xidmət edir və İranın təhriki ilədir. Hələ açıq mətnlə “şahı tənqid edənlər bicdir, atasını tanımır”, “yazanları şaqqalamaq, sağ əlini biləkdən kəsmək lazımdır” kimi ekstremist çağırışları demirəm. Yəni, artıq təhrik edirlər ki, bir başqası da başqa efirdən Şah İsmayıl haqqında ağır ifadə işlətsin və ölkəni qarışdırsınlar.

Mən hələ Türkiyə efirindən Şah İsmayıla lənət oxunduğunu görməmişəm. Amma Sultan Səlimə bizdən lənət oxunursa bu artıq elə həmin dövrdəki məzhəb qırğınlarını, qardaş münaqişəsini bilincli şəkildə bu günə daşımaqdır ki, bu da molla rejiminə xidmət edir.

Adı çəkiləndə nifaq düşən, cəmiyyət parçalanan adamın adını daha çox çəkməkdə hansı tərəf maraqlıdırsa nifaq istəyən də o tərəfdir.

Bu müzakirələr əgər bu gün üçün lazımdırsa (mənə görə lazım deyil) obyektiv, normal, təhqirsiz, qərəzsiz, şər və böhtansız, fərqli fikirdə olanlara da bərabərhüquqlu söz imkanı tanınaraq olmalıdır. Birtərəfli, qərəzli və kin, ədavət dolu yox. Yoxsa bir nəfəri çıxarıb tolerantlığı pozmaq, qardaş dövlətin ünvanına təhqirlər yağdırmaqla deyil.

 

araz.az xəbər portalı.