
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə sazişi”ni imzalayıblar.
Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hansısa dövlətə qarşı yönəlmədiyini və “tamamilə müdafiə xarakterli” olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bunu mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi kimi xarakterizə edib.
“Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilibsə, bu, müdafiə paktıdır. Məsələn, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyəni deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir.
Tərəflər sazişin İrana qarşı olmadığını deyirlər. Bununla belə, sazişin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması suallar yaradır. İranın dəstəklədiyi proksi qüvvələrdən olan Yəmən Husiləri son günlər Səudiyyə Ərəbistanına ardıcıl zərbələr endirir. Məsələn, Husilər öncə PUA-larla Səudiyyə Ərəbistanının Nəcran hava limanına zərbə endirib. Bundan başqa, neft tankerini ballistik raketlərlə vurublar. Bu, Husilərin iyulun 22-dən bəri hədəfə aldıqları səkkizinci neft tankeridir.

“Qardian” nəşri Səudiyyə Ərəbistanının Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb.
Əlbəttə, Husiləri İran dəstəkləsə də, bu, indiki məqamda “Məkkə sazişi” ölkələrinin İrana müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyi yenidən hərbi kontekstdə alovlanarsa və rəsmi Tehran ABŞ-ın regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünü İrana müdaxiləyə məcbur edə bilər.
Belə ki, İran NATO faktoru səbəbindən Türkiyəyə zərbələr endirməsə də, Səudiyyə Ərəbistanına və Pakistana zərbələr endirə bilər. Bu isə faktiki olaraq “Məkkə sazişi” ölkələrinə hücum kimi qiymətləndirilərək İrana cavab zərbəsi və vəziyyətdən asılı olaraq müdaxilə imkanı yarada bilər.
“Məkkə sazişi” indiki məqamda üzv ölkələrə xarici təhdidlərə qarşı çəkindirmə məqsədi daşısa da, uzun perspektivdə riskləri özündə ehtiva edir. Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İrana müdaxilə üçün dəstəkçi ölkələr qazandırır.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı
araz.az xəbər portalı.