Daşınmaz əmlak sektoru yalnız mənzil və ya kommersiya obyektlərinin alqı-satqısından ibarət deyil. Bu sektor tikinti, məşğulluq, vergi gəlirləri, investisiya və digər iqtisadi fəaliyyət sahələri ilə sıx bağlı olmaqla ölkə iqtisadiyyatında mühüm rol oynayır.

Arazpress.com bildirir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov daşınmaz əmlak sektorunun iqtisadiyyata təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda son illər tikinti və daşınmaz əmlak sektorunda müşahidə olunan aktivlik iqtisadiyyatın ümumi dinamikasında da özünü göstərir.

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında tikinti sektoru ÜDM-in 6,5 faizini təşkil edib. Azərbaycan Mərkəzi Bankının qiymətləndirmələri də son illərdə tikinti sektorunun həm nominal həcminin, həm də ÜDM-dəki payının artım tendensiyası nümayiş etdirdiyini göstərir”, – deyə F. Rüstəmov bildirib.

AQC rəsmisi qeyd edib ki, bu artımın əsas amilləri sırasında Bakı və ətraf ərazilərdə həyata keçirilən iri tikinti layihələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də daşınmaz əmlak bazarında formalaşan yüksək tələb xüsusi yer tutur.

F. Rüstəmovun fikrincə, daşınmaz əmlak sektorunun iqtisadi əhəmiyyəti qlobal miqyasda da özünü aydın göstərir.

“Savills-in araşdırmasına görə, 2026-cı ilin əvvəlinə dünyada bütün daşınmaz əmlakın ümumi dəyəri təxminən 393,3 trilyon ABŞ dollarına çatıb. Bu göstərici qlobal ÜDM-dən təxminən dörd dəfə çoxdur. Bu baxımdan daşınmaz əmlak dünyanın ən böyük sərvət ehtiyatlarından biri hesab olunur”, – deyə o vurğulayıb.

AQC İdarə Heyətinin sədrinin birinci müavini ABŞ təcrübəsinə də diqqət çəkib. Onun sözlərinə görə, ABŞ-da əmlak, icarə və lizinq sənayesi iqtisadiyyata ən böyük töhfə verən sahələrdən biridir. Milli Rieltorlar Assosiasiyasının hesablamalarına əsasən, 2025-ci ildə bu sektorun ABŞ ÜDM-ə töhfəsi təxminən 4,9 trilyon dollar, yaxud ÜDM-in 18 faizi həcmində olub.

F. Rüstəmov bildirib ki, Azərbaycanda da daşınmaz əmlak sektorunun inkişafı dövlətin həyata keçirdiyi infrastruktur və quruculuq siyasəti ilə birbaşa əlaqəlidir.

“İnfrastrukturun, yol şəbəkəsinin və yaşayış məntəqələrinin inkişafı daşınmaz əmlak bazarının aktivliyinə birbaşa təsir göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri həm tikinti sektoruna, həm də onunla əlaqəli çoxsaylı iqtisadi fəaliyyət sahələrinə əlavə impuls verir”, – AQC rəsmisi qeyd edib.

Onun sözlərinə görə, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, tikinti layihələrinin reallaşdırılmasında bürokratik maneələrin azaldılması və ipoteka bazarının səmərəliliyinin artırılması daşınmaz əmlak sektorunun inkişafı baxımından mühüm məsələlərdir.

“Daşınmaz əmlak sektorunun inkişafı yalnız əmlak bazarının genişlənməsi demək deyil. Bu, eyni zamanda yeni iş yerlərinin yaranması, tikinti və xidmət sahələrinin canlanması, investisiya fəallığının artması və dövlət büdcəsinə daxilolmaların genişlənməsi deməkdir. Bu səbəbdən sektorun dinamikası bütövlükdə iqtisadi aktivliyin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər”, – deyə F. Rüstəmov əlavə edib.

AQC rəsmisi hesab edir ki, Azərbaycanda daşınmaz əmlak sektorunun ÜDM-də payının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.

araz.az xəbər portalı.