Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 10-14 avqust tarixlərində Xızı gəncləri üçün xidmət göstərəcək.

Tədbir təşkilatçısının Arazpress.com-a daxil olan məlumatına görə, “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.

Layihənin Xızıda baş tutan açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsmi hissədə Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri Jalə Həsənova çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların intellektual və sosial potensiallarının üzə çıxarılmasında oynadığı rolu xüsusi qeyd ediblər.

Tədbir zamanı iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici görüşlər və Xızı Peşə Məktəbi tərəfindən sərgi təşkil edilib. Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunub.

Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim edilib. Gənclər mövzular üzrə interaktiv sessiyalarda fəal iştirak edərək mütəxəssislərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavablar alıblar. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Layihənin beş günlük proqramı müddətində Xızı rayonunun gəncləri “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Xatırladaq ki, bu il üzrə artıq səkkizinci dayanacağındakı fəaliyyətini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.

araz.az xəbər portalı.