Tural İRFAN,
ilahiyyatçı alim və siyasi şərhçi

Tarixçilər araşdıra, müqayisə edə bilər: İndiki İran molla rejiminin əməlləri Yezidin törətdikləri ilə müqayisə oluna bilər.

Hicri 61-ci ildə Yezid Kərbəlada Əhli Beyt nümayəndələrini qırdı, əsir etdi. Molla rejimi də zülmünə haqlı etiraz edənləri qırdı, asdı. Əhli Beyt şəcərəsinə mənsub olan, rejimin qanlı sifətinə açıq etiraz edən Ayətullah Seyid Əbülfəzl Burquini, Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarini, Ayətullah Seyid Hüseynəli Müntəzirini və onlar kimi on minlərlə müsəlman alimini, seyidi həbs etdi, terrora məruz qoydu, İmam Kazım kimi məhbəsdə ömrünü tamam etməyə məcbur buraxdı.

Hicri 63-cü ildə Yezid Mədinəyə hücum təşkil edib qadınları zorlatdı, əhalini qılıncdan keçirdi. Molla rejimi də Suriyada, İraqda ABŞ ilə birlikdə müsəlmanların namusuna təcavüz etdi.

Yezid hicri 64-cü ildə Kəbəyə hücum edib mancanaqla müqəddəs məbədi dağıtdı, yandırdı. İndi də Husilərin əli ilə molla rejimi Kəbəni, Mədinəni hədəf aldırıb Peyğəmbərin məzarını dağıtmağa cəhd edir.

Lakin bütün bunlara rəğmən molla rejiminin öldürdüyü müsəlman sayı Yezidin öldürdüyündən müqayisə edilməz dərəcədə çoxdur.

Molla rejimi də Yezid kimi dini təhrif edir, öz siyasi məqsədlərinə alətə çevirir, müsəlmanların qanını hədər sayır və müqəddəs dəyərləri təhqir etdirir. Təəssüf ki, bir çoxu bu həqiqətləri görmək istəmir və molla rejiminin propaqandasına uyub İslam dəyərlərinə zərbə vurmağa çalışır.

Bir rejimin özünü müsəlman elan etməsi heç də onun İslam üzərində bərqərar olması demək deyil. Burada Təbriz əsilli böyük alim, Ayətullah Seyid Əllamə Məhəmmədhüseyn Təbatəbainin sözünü xatırlatmaq istərdim:

“O, “İslam inqilabından” sonrakı peşmançılığını belə dilə gətirmişdi. Ondan soruşulduqda ki, bu inqilabda İslam nə qazandı, nə itirdi? Əllamə cavab verdi ki, bu inqilabda itkimiz elə İslamın özü oldu…”.

araz.az xəbər portalı.