Haqlı olaraq Vətən müharibəsi adlandırılan 2-ci Qarabağ müharibəsindən Azərbaycana təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən möhtəşəm Zəfər miras qalmadı. Müharibədən sonrakı reallıq həm də həyatını itirmiş şəhidlərin ailələrinin, sağlamlıqlarını itirmiş qazilərin qayğı və problemlərini önə çıxardı.

Söz yox, cəmiyyətin bu həssas zümrəsinin maddi və mənəvi ehtiyaclarının qarşılanması üçün dövlətimiz davamlı sosial siyasət yürüdür: Onlara aylıq müavinətlər, təqaüdlər, pensiyaya əlavələr, müəyyən güzəşt və imtiyazlar şamil olunur. Şəhid ailələri və müharibə əlilləri mənzillə təmin edilir, sağlamlıq durumları ölkəmizdəki tibb müəssisələrində nəzarətə götürülür, lazım gəldikdə xarici ölkələrdə müalicə xərcləri ödənilir. Övladlarının ali və orta ixtisas təhsil haqqı dövlət hesabına qarşlanır, iş növbələrində üstünlük verilir və s.

Bu məsələlərdə dövlətimizə həm də Heydər Əliyev Fondu tərəf müqabili kimi çıxış edir, ayrı-ayrı xeyriyyəçilər, iş adamları, vətəndaş birlikləri, qeyri-hökumət təşkilatları da bu xeyirxah təşəbbüslərə dəstək verirlər.

Ancaq Şəhid ailələri, qazilər də bu cəmiyyətin üzvləridir, fəal vətəndaşlıq mövqeyi olan şəxslərdir. Heç də hamısı “mən salim olum, cümlə-cahan batsa da, batsın” prinsipi ilə yaşamır, lazım gələndə məmur özbaşınalıqlarına etiraz edir, korrupsiyaya qarşı çıxır, ədalətsizliklərlə barışmaz mövqedə dayanırlar.

Artıq şəhid ailəsi, qazi statusunu daşıyan vətəndaşlar da media resursları kimi cəmiyyətdə malik olduqları nüfuza görə bir çoxlarının üz tutduqları, pənah gətirdikləri ünvana çevriliblər. Məmurların kabinetlərində bürokratik əngəllərlə, rüşvət tələbi ilə üzləşənlər yuxarı instansiyalara etdikləri şikayətlərə baxılmadığını bildirir, məktublarının yüksək vəzifəli adresata çatdırılmadığını, həqiqəti yazmalı olan jurnalistlərin isə susduğunu, yaxud, susdurulduğunu görüb tanıdıqları şəhid atasına, münasibəti olan şəhid anasına, qonşuluqda yaşayan qaziyə ağız açır, qarşıllaşdığı hüquqpozmaları, süni maneələri adlamaqda köməklik etmələrini xahiş edirlər.

Onlar da adlarını deyib kömək üçün yanlarına gələn çarəsiz qalmis insanlara kömək etməyi özlərinə borc bilirlər. Bunun üçün də gedib məmur qapısı döyür, qonşunun, qohumun, dostun xahişini edir, haqqını tələb edirlər. Məmur da dişi bağırsağını kəsə-kəsə, yarıkönül şəhid atasının, şəhid anasının və ya qazinin xahişinə əməl edir.

Sonra da qəfildən orda-burda söhbətlər yayılmağa başlayır, məlumatlar sızır ki, bəs, sən demə, şəhid anası, şəhid atası, yaxud hansısa bir qazi butun rayonu “boğaza yığıb”. Bu cür məlumatların yayılmasını sifariş edib, “özləri sudan quru çıxmağı bacaranlar” az deyildir. Həmin sifarişlə yayılan söz-söhbətlər bir müddət səngiməsə də, bir gün hər şey açılıb-tökulur. Necə deyərlər, axı, “cidanı çuvalda gizlətmək olmaz”…

Son günlər Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova da belə bir kampaniyanın hədəfinə çevrilib. Heç şübhəsiz ki, burada da məmur barmağı yox deyildir. Yoxsa, hansı media resursunun həddidir ki, müqəddəs bildiyimiz Şəhidlərimizin yaxınlarına “sataşsın”?

İnsafən, bu vaxta qədər belə şeylərə heç rast gəlməmişik də… İndi isə keçək Radə xanımla bağlı yayılan məlumatlara. Öz ehtimallarıma və məntiqi düşüncələrimə əsasən deyirəm ki, Radə xanım sadə, gözəl qəlbli, səxavətli bir insandır.

Yəni bu danışılanlara nə inanmıram, nə də ona yaraşdırmıram. Bundan əlavə, Radə xanımın sadə vətəndaşlarla, yaxud Bərdə camaatı ilə nə işi var axı?! Yəni sadə insanlardan, heç bir səlahiyyəti olmayan qara camaatdan Radə xanımın umacagı nə ola bilər ki, onların boğaza yığılmasına səbəb olsun?! Olsa-olsa, Radə xanım məmurlardan bir kasıbın, yaxud haqsızlıqla üzləşmiş bir vətəndaşın xahişini edə bilər ki, ona kömək etsinlər. Başqa variant ola da bilməz. Mən dəfələrlə Radə xanımın çoxsaylı xeyirxah işlərinin şahidi olmuşam və əminəm ki, o, qol qoyduğu savab əməllərin heç birinə görə heç kəsdən təmənna ummayıb.

Təəssüflər olsun ki, qeyd olunan zümrənin nümayəndələri sırasından elələri var ki, “məndən ötsün, qardaşıma dəysə də olar.” ehkamına əməl edir, hətta başqa həmdərdlilərinə “el üçün ağlayan göz kor olar” deyə “məsləhətlər” verir, onları gördüyü savab əməllərdən çəkindirməyə çalışırlar. Dəfələrlə şahidi olduğum əhvalatlardan danışıram. Şəhid anasından kömək istəyərək, probleminin həlli üçün filankəs müəllimin yanına onunla getməyi xahiş edən çarəsiz bir qadın elə anındaca imtina ilə cavablandırıldı.

Şəhid anası bunu əsas gətirdi ki, mən heç kimə görə heç kimə ağız açmıram, inciməyin. İmdad diləyən qadin şaşırıb qalsa da, mən onun təlatümlü gözlərində çox şey gördüm. Ən birinci gördüyüm də bu idi ki, ümidlə yanına gəldiyi Şəhid anasindan bu cavabı gözləmirdi. Yıxılmış vəziyyətdə əlindən tutub qalxmasına koməklik xahiş etdiyi birindən imtina cavabı onun üçün sanki son idi.

Mən isə bu hadisələrin dönə-dönə şahidi olan biri kimi bilirdim ki, bəziləri bu köməyi bacardığı halda etmirsə, demək, o “bir atım barıtı” özü üçün saxlayır (Yəni, nə üçün buna görə kiməsə ağız açmalıyam? Sabah o məmura mənim özümün də işim düşə bilər və mən bu fürsəti özüm üçün saxlamalıyam – müəllif). Bu mənim nəzərimdə ən naqis əməllərdən biridir. Çünki dara düşənə əl uzatmayıb onu batan vəziyyətdə qoymaq insanlığa sığmayan bir işdir. Bunu bacarmırsa, ondan daha yaxşı heç nə gözləmə. Ələlxüsus da, bunu Şəhid ailəsinin mənsubu edirsə. Onlar sanki unudurlar ki, Şəhid olmuş əzizləri sadəcə torpaq uğrunda deyil, həm də tarixi ədaləti bərpa etmək üçün canlarından keçiblər. Yüksək amallar uğrunda ömürlərini fəda etmiş Şəhid övladlarının adını uca tutmaq onların ən əsas və birinci vəzifəsidir.

…Radə xanım vicdanının səsi, qəlbinin hökmü ilə yüzlərlə insanın köməyinə çatıb, əlindən tutub. Bunları unutmaq, danmaq olmaz. Nə gözəl olardı, digər Şəhid yaxınları da Radə Qurbanova kimi ədalətpərvər, humanist olaydılar (Təbii ki, dediklərim bütün Şəhid yaxınlarına şamil olunmur — müəllif).

Məsələnin İslamla, dinlə bağlı olan bir tərəfi də var: Biz mənşəyi ərəbcə olan “Şəhid” sözünə hələ ki heç bir alternativ tapmamışıq. Bu məfhum həm də ona görə bizə cazibədar gəlir ki, Şəhid haqqı, əqidəsi, ailəsi, milləti, torpağı, malı üçün vuruşub dünyasını dəyişən şəxsə deyilir və onun ən böyük mükafatı özünün qazandığı rəhmətdir, Uca Allah tərəfindən O Dünyada cənnətə varid edilməsidir, daha bu dünyada qalan əzizlərinin var-dövlət, eyş–işrət içində yaşaması deyil.

Çünki şəhidin, qazinin, onların ailə üzvlərinin vətəndaşı olduqları dövlət kasıb da ola bilər. Amma Allahın qüdrəti böyükdür. Şəhid anası, atası, qardaş-bacısı, həyat yoldaşı, oğlu-qızı elə yaşamalı, elə işlərə imza atmalıdırlar ki, günah qazanmasın, o da axirətdə cənnəti haqq etsin və şəhid əzizinin yanında yer alsın. Yoxsa, onlarsız Şəhidin cənnətdəki əbədi bəxtiyarlığı da natamam olar. Həqiqətən də qərar tutduğun o məkan necə cənnət ola bilər ki, doğmaların yanında deyil.

Hazırda xarici düşmənlərimizin öhdəsindən gələn dövlətimizin, xalqımızın ən böyük problemi bəzi qudurğan məmurların korrupsioner əməlləri, maxinasiyalarıdır. Bütün həmvətənlərimi, ələlxüsus da,  həmkarlarımı, qələm adamlarını şəhid ailələrinə, qazilərə, eləcə də haqqı tapdalanan sadə insanlara həyan olmağa, onlara mənəvi dəstək göstərməyə çağırıram.

Nüşabə ƏHMƏD

araz.az xəbər portalı.