Qərbi Azərbaycan İcmasının inzibati binasının akt zalında Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, tanınmış tədqiqatçı-yazar Araz Yaquboğlunun “Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimat mərasimi keçirilib. Bu tədbir Daşkəndli Aşıq Nəcəfin xatirəsinin anılması, erməni vandallarının xalqımıza qarşı törətdiyi faciələrin unudulmaması və tariximizin gələcək nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyət kəsb edir.

Arazpress.com bildirir ki, “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən bu fundamental əsər, ustad sənətkar Daşkəndli Aşıq Nəcəfin faciəli həyatından və zəngin yaradıcılığından bəhs edir. Nəşr ustad aşığın 2027-ci ildə tamam olacaq 160 illik yubileyinə dəyərli bir töhfə kimi oxuculara təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qonaqları salamlayaraq, Qərbi Azərbaycanın mədəni irsinin və tarixi həqiqətlərinin öyrənilməsində bu cür nəşrlərin müstəsna əhəmiyyətini vurğulayıb.

Daha sonra söz kitabın müəllifi Araz Yaquboğluna verilib. Müəllif Aşıq Nəcəfin Göyçə mahalındakı böyük nüfuzundan, onun bənzərsiz yaradıcılığından danışaraq, ustadın və ailəsinin üzləşdiyi dəhşətli faciənin tarixi detallarını diqqətə çatdırıb. Qeyd edib ki, 1919-cu ildə Göyçə kəndlərini viran qoyan erməni daşnakları, mahalın tanınmış simalarını məhv etmək məqsədilə barışıq adı altında hiyləyə əl atıblar. Erməni polkovniki Bolyanikinin başçılığı ilə “Küllü təpə” deyilən yerdə Aşıq Nəcəfin belinə közgərmiş səmavar bağlanaraq, o, 5 oğlu ilə birlikdə misli görünməmiş işgəncələrlə qətlə yetirilib.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc və digər natiqlər ustad aşığın acı taleyindən bəhs edərək, erməni vandallarının xalqımıza qarşı törətdiyi bu qəddar cinayətin Qərbi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcəyini bildiriblər. Vurğulayıblar ki, indiyədək Aşıq Nəcəf haqqında yüzə yaxın məqalə dərc olunsa da, bu yeni kitab onun irsinin sistemli şəkildə gələcək nəsillərə ötürülməsində xüsusi çəkiyə malikdir.

Çıxış edənlər Azərbaycan incəsənətinin və Göyçə mahalının ilk sənət şəhidi sayılan daşkəndli Aşıq Nəcəfin xatirəsinin əbədiləşdirilməsi və gələn il qeyd olunacaq 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin vacibliyini yekdilliklə ifadə ediblər.

Vaqif NAMAZOV

araz.az xəbər portalı.