
Azərbaycan Yazıçılar Birliyində “Rəşadət” ordenli qəhrəmanımız Vasif Tağıyevə həsr olunan “Ölümün bir addımlığında” adlı kitabın təqdimatı keçirildi. Bu barədə Arazpress.com-a daxil olan məlumata görə, müəllifi xeyriyyəçi-milyonçu Ağa Musa Nağıyevin nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva olan bu kitabda tək Azərbaycanda və azərbaycanlılara qarşı törədilən terror aktları deyil, eyni zamanda dünyada baş verən terror faciələrinin acı nəticələri haqqında da söhbət açılıb.
Terrorizm, onun fəsadları və düşmən xisləti barədə klassik ədəbiyyatımızın və müasirlərimizin ən görkəmli nümayəndələrinin fikirləri kitabda öz əksini tapmışdır. Gənclərə Vətənin tək sərhəddən deyil, həm də səfirlikdən başladığını aşılayan tarixi yaddaş nümunəsidir.
Müəllif Dilara Ağamusanın ərsəyə gətirdiyi “Ölümün bir addımlığında” kitabı 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş xain terror hücumu zamanı böyük şücaət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş, o müdhiş səhərin qəhrəmanı – səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevə həsr olunub.
Təqdimatda xalq yazıçısı Çingiz Abdullayev, deputat Razi Nurullayev, Qazi Qabil Quliyev, “Hicab” şirkətinin sədri, Qazi Məmmədov Hidayət, jurnalist-publisist, aparıcı Pərvanə Eyvazqızı, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova çıxış edib, kitabın məzmunu, qəhrəmanın həyatı və şücaəti, müəllifin yaradıcılığı barəsində yaddaqalan, maarifləndirici və təsirli sözlər söyləyiblər.




DİLARƏ AĞAMUSA YARADICILIĞI
Dilarə Nağıyeva respublikanın fəxri simalarındandır. O, Azərbaycanın tarixində quruculuq işləri ilə dərin iz qoymuş, bacarığı ilə cəmiyyətdə yüksək məqama qədər yüksəlmiş milyonçu – xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir. Tarix üzrə fəlsəfə doktoru, 15 kitab müəllifi, “Tərəqqi” medalı, Ankara “Uluslararası Türk Dünyası Elmlər Akademiyasının “Altun Yıldız” medalı, Zadəganlar məclisinin üzvü, “Milli Dəyərlərin Qorunması” İB -nin rəhbəridir.
35 illik yaradıcılıq fəaliyyəti dövründə mesenat-xeyriyyəçi Ağa Musa Nağıyev tədqiqatçısı olduğunun şahidinə çevrilirik. Onun bütün əsərlərinin mərkəzində Ağa Musa Nağıyev dövrü, mühiti, epoxası, fəaliyyət sferası dayanır.
35 illik yaradıcılıq fəaliyyəti dövründə mesenat-xeyriyyəçi Ağa Musa Nağıyev tədqiqatçısı olduğunun şahidinə çevrilirik. Onun bütün əsərlərinin mərkəzində Ağa Musa Nağıyev dövrü, mühiti, epoxası, fəaliyyət sferası dayanır.
Bakı milyonçu – xeyriyyəçilərin həyat və fəaliyyətini, eləcə də Azərbaycan igidlərinin qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ərmağan edən Dilarə xanımın könülləri fəth edən, insanı duyğulandıran əsərləri 15 kitab zəngin təxəyyülünün məhsuludur.
Vətənpərvər xanım, dəyərli qələm sahibi, yazıçı-publisist Dilarə xanımın bu günlərdə işıq üzü görən “Ölümün bir addımlığında” əsəri qəhrəmanlarımız haqqında yazdığı ikinci kitabdır. Kitab cəmiyyətimiz üçün böyük önəm daşıyır. Dilarə xanımın mütəmadi olaraq igid Vətən oğullarının, şəhid və qazilərimizin haqqında yazdığı hər məqalə, hər kitab sanki ilahi bir missiyadır. Vasif Tağıyev və yüzlərlə qəhrəman Azərbaycan oğullarını dünyaya, insanlara tanıtdırmaq onun qarşısında dayanan ən ali məqsədlərdəndir.
O, deyir:
“Yazdığım kitablar, monoqrafiya və dissertasiyamın, bütövlükdə XIX əsrin II yarısı – XX əsrin əvvəllərinə dair tarixi keçmişimizi və mesenatlarımızın taleyini öyrənilməsinin oxucuda maraq oyadacağına şübhəm yoxdur. Əsas məqsəd — xalqın ehtiyacına səs vermiş, ömrünü Bakının quruculuq işlərinə sərf etmiş, həyatının mənasını millətinə xidmətdə görmüş Ağa Musa Nağıyevin əməlləri ilə oxucu kütləsini tanış etmək olub”.
Dilarə xanım babası Ağa Musanın əsl layiqli davamçısı olaraq, dönməz iradəyə, qarşıya qoyulmuş məqsədə doğru yolda rastlaşdığı hər bir maneəni aradan qaldırmaq gücünə malik olan bir qadındır. Uzun illərlə mövzu üzrə zərrə-zərrə topladığı, babasının həyat və fəaliyyətinə işıq salan sənəd və materiallar üzərində durmadan çalışan, ən əsası isə, gördüyü iş barəsində hamını məlumatlandırmaq üçün, sözün əsl mənasında dəridən-qabıqdan çıxan bir qadın.
araz.az xəbər portalı.