
Əli ORUCOV: “İndi əsas olan odur ki, hansısa üçüncü qüvvə bir belə yaxınlaşmanı poza bilməsin”
“Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”. Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb.
“Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə (Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri-red.) danışdım. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq,” — Uolts qeyd edib.
O, həmçinin Amerikanın Qızıl Dövrünün dünyaya sülh və rifah gətirəcəyini və bu baş verənə qədər işləməyə davam edəcəklərini əlavə edib.
Maraqlıdır, Birləşmiş Ştatların indiki həssas durumda Qafqazdakı proseslərə belə müdaxiləsi Azərbaycan-Ermənistan sülh prosesinin, iki ölkə münasibətlərinin bütünlüklə həyata keçirilməsinə necə təsir göstərə bilər? Yəni bu, belə anlama gəlməyə əsas verirmi ki, ABŞ-ın məsələyə belə müdaxiləsi tezliklə sülh sazişinin imzalanması, bütün kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası üzrə proseslərin böyük sürətlə vüsət götürməsinə təsir göstərəcək? Eyni zamanda onun bu müdaxiləsi Azərbaycan-Ermənistan normallaşmasına kənar pozucu müdaxilələrin qarşısını almaqda necə rol oynaya bilər?
“ABŞ qəti iradə ortaya qoyarsa, Ermənistanda müəyyən qüvvələr, yaxud da Rusiya sülh sazişini poza bilməz”
“Araz” bildirir ki, sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, prinsipcə, ABŞ-ın müdaxiləsi prosesləri sürətləndirmək baxımından müsbət tendensiyadır:
“Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı böyükdür. Ona görə ki, tərəflər vasitəçilər olmadan danışıq aparır. İkitərəfli danışıqlar nəticəsində sərhədlərin müəyyən hissəsi delimitasiya olunub. Bu danışıqlar nəticəsində sülh sazişi mətnindəki 17 maddə razılaşdırılıb. Əslində bu, ciddi nəticədir. İndi əsas olan odur ki, hansısa üçüncü qüvvə bir belə yaxınlaşmanı pozmasın. Yaxud da poza bilməsin. Məsələ ondadır ki, tərəflər arasında bir belə yaxınlaşmanın olması fonunda, Ermənistan sərhəddə atəşkəsi tez-tez pozmağa başlayıb. Məhz bir belə fasilədən sonra bunun indi baş verməsi əsla təsadüf ola bilməz. Aydın hiss olunur ki, biriləri sülhü istəmir.
Fikrimcə, Birləşmiş Ştatlar qəti iradə ortaya qoyarsa, Ermənistanda müəyyən qüvvələr, yaxud da Rusiya sülh sazişini poza bilməz. Üstəlik, dünyanın bu qarışıq və mürəkkəb vaxtında Azərbaycanla Ermənistan arasında sülhün imzalanması həm də ABŞ prezidenti Donald Trampın aktivinə yazılacaq. Bu, həm də Paşinyanın öz hakimiyyətini qoruma qarantı olacaq. Yəhudi lobbisinin son vaxtlar aktivləşməsi, Azərbaycanla bağlı müsbət siqnalların ard-arda verilməsi fonunda müəyyən ümidlər var. Çünki İsrailin Tramp administrasiyası ilə çox yaxın münasibətləri var. Bütün bunlarla paralel, Böyük Britaniyadan gələn bəzi müsbət siqnallar, siyasi xarakterli addımlar nələrinsə olacağından xəbər verir. Yetər ki, Vaşinqton fəallığını artırsın, Ermənistana bu yöndə təsirlərini gücləndirsin. Nə qədər ki, Rusiya Ukrayna bataqlığında çabalayır, sülh üçün imkanlar böyükdür. Sabah Ukrayna müharibəsi bitsə, Rusiyanın Cənubi Qafqaza müdaxilə risqi artacaq. O üzdən, bu imkandan maksimum yararlanmaq lazımdır”.
araz.az xəbər portalı.