Son günlərdə ABŞ-ın Fars körfəzindəki donanmasına ağır bombardmançı təyyarələr cəmlədiyinə dair məlumatlar yayılır. Bu, Vaşinqton və Təl-Əviv rəsmilərinin İrana hücum proqnozları səsləndirdikləri bir zamanda xüsusi diqqət çəkir. Artıq İran ərazisində vurulacaq hədəflərin müəyyələnləşdirildiyi, Tehranla razılaşma əldə edilməyəcəyi təqdirdə bombalamanın həyata keçiriləcəyi bildirilir.

Bəzi ekspertlərin fikrincə, ABŞ-İran gərginliyin artması, hərbi toqquşma ehtimallarının yüksəlməsi Azərbaycan üçün də risklər yaradır. Hətta ehtimal müharibə fonunda Güney azərbaycanlıların ölkəmizə köçünün başlaya biləcəyi düşünülür.

Gözlənilən hücum həyata keçirilərsə, Azərbaycan İrandakı toqquşmadan qaçmağa çalışanlar üçün humanitar dəhliz aça bilərmi?

Arazpress.com bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov ABŞ və İran arasında münasibətlərin çox kəskin həddə çatdığını deyib:

“ABŞ-ın birbaşa, yaxud İsrail vasitəsilə İrana müharibə elan etmək ehtimalı var. Amma tələsəcəyini düşünmürəm. Fikrimcə, Vaşinqton üçün hərbi müdaxilə ən sonuncu yoldur. Ona qədər müxtəlif təzyiq və təsir mexanizmlərindən, o cümlədən blefdən istifadə olunması mümkündür.

Əgər hərbi müdaxilə olarsa, Azərbaycan neytrallığını qorumağa çalışacaq. Bu baxımdan humanitar dəhlizin açılması məsələsi də gündəmə gələ bilər. Ancaq bu, müharibənin ilk günündən başlayaraq olacaq. Azərbaycan üçün ən vacib məsələ özünün təhlükəsizliyi, o cümlədən daxildəki sabitlikdir”.

araz.az xəbər portalı.