
Respublika Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb. 2005-ci ildən Hərbi Prokurorluğa rəhbərlik edən və bir müddət əvvəl 70 yaşını tamamlayan Xanlar Vəliyevə bu gün Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.
Arazpress.com-un məlumatına görə, Xanlar Vəliyevin bundan sonrakı fəaliyyəti son günlər mətbuatda ən çox müzakirə olunan məsələlərdən biridir. Bəzi xəbər saytları onun Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirəcəyini yazıb.
Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddini 70-dən 75-ə artırılması bu ehtimalları gücləndirib. Ötən gün qüvvəyə minən dəyişikliyə əsasən, Vəliyev hakim təyin oluna bilər.
Bunun üçün onun namizədliyi Milli Məclisdə müzakirə olunmalıdır. Parlament bu barədə qərarı təsdiqlədikdən sonra sənəd Prezidentə göndərilir. Dövlət başçısının sərəncamı ilə yeni hakim təyin edilir.
Qeyd ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
Hazırda məhkəmənin hakimlərindən biri 75 yaşını adlayıb. Sözügedən şəxs Konstitusiya Məhkəməsinin ən qocaman hakimi Rafael Qvaladzedir. O, hazırda 77 yaşındadır. Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
araz.az xəbər portalı.