Arazpress.com xəbər verir ki, 1975-ci ilin aprel ayının 9-da Cəbrayıl rayonunda anadan olan tanınmış jurnalist Seymur Verdizadənin 50 yaşı tamam olur.

Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, gənc yaşlarında jurnalist fəaliyyətinə başlamış S.Verdizadə ötən müddətdə həm müxtəlif aktual məsələlərə dair yazıları və müsahibələri, həm də vətəndaş mövqeyi ilə populyarlaşıb, istər cəmiyyətdə, istərsə də həmkarları arasında hörmət qazanıb.

Şura sədri yubilyarı müasir dövrdə jurnalist sözünə ictimai motiv qazandırmağı bacaran qələm sahiblərindən biri kimi xarakterizə edib və bildirib ki, bu status Verdizadənin peşəsinə sadiqliyindən və zəhmətsevərliyindən qaynaqlanır. R. Məcid bütün bunlara görə yubilyarın MŞ-nin diplomu ilə təltif olunduğunu diqqətə çatdırıb və diplomu ona təqdim edib.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli, Yadigar Məmmədli və Azər Həsrət, həmçinin “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Metbuat.az” saytının baş redaktoru Ramil Mirzəyev, Şuranın Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri və MŞ-nin icraçı katibinin müavini İlqar Tağıyev Seymur Verdizadənin peşəkar jurnalist fəaliyyətinin, eləcə də keçdiyi həyat yolunun müxtəlif məqamlarından söz açaraq ona uğurlar arzulayıblar.

Seymur Verdizadə 1998-ci ildə Ankaradakı Qazi Universitetinin tarix fakültəsini bitirdikdən sonra, 1998-2024-cü illlərdə “Bu gün”, “Reytinq” və digər mətbuat orqanlarında, Yeni sabah.az saytında müxbir, redaktor, məsul katib və Baş redaktor vəzifələrini tutub.

O həmçinin Qafqazinfo.az, Modern.az, Baku.ws, Moderator.az, Missiya.az saytlarında müəllif yazıları ilə çıxış edib.

Jurnalist eyni zamanda, ATV, Xəzər TV, Space TV və ARB TV telekanallarında yayımlanan verilişlərin eksperti olub. Onun rəhbərlik etdiyi Jurnalist Araşdırmaları Mərkəzi media fəaliyyətinin müxtəlif məsələləri ilə bağlı çoxsaylı layihələr icra edib.

Seymur Verdizadə hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və Kommunikasiya şöbəsində çalışır.

Qeyd edək ki, jurnalist bu gün Mətbuat Şurasının diplomu ilə də təltif edilib.

“Araz” Media Qrupunun kollektivi Seymur Verdizadəni 50 illik yubileyi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar diləyir.

araz.az xəbər portalı.