
Çin öz hərbçilərini Rusiya tərəfində Ukraynada döyüşmək üçün göndərmədiyini bəyan edib.
Arazpress.com “TASS”a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Lin Tszyan brifinqdə deyib.
“Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada cəlb olunmaqdan qaçmağı, xüsusən də hər iki tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi tələb edib”, — deyə, XİN sözçüsü vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi ukraynalı hərbçilərin Rusiya ordusunda döyüşən iki Çin vətəndaşını əsir götürdüyünü açıqlayıb. Onun sözlərinə görə, bu, Ukraynanın Donetsk vilayətində baş verib. Zelenski diqqətə çatdırıb ki, ölkə kəşfiyyatında Rusiya qoşunlarının bölmələrində “ikidən çox” Çin vətəndaşının olması barədə məlumat var.
Ukraynanın xarici işlər naziri Andrey Sybiqa sosial şəbəkədə vurğulamışdı ki, Ukraynaya müdaxilə zamanı Çin vətəndaşlarının Rusiya ordusunda iştirakı Çinin sülhlə bağlı bəyan etdiyi mövqeyi şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi Pekinə inamı sarsıdır. /Savashmedia.az/
araz.az xəbər portalı.