
Yerdən 120 işıq ili uzaqlıqda fövqəladə planet sistemi kəşf olunub. Arazpress.com Reyting.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Birmingem Universitetinin astronomu Amaury Triaud faktı təsdiqləyib.
Onun sözlərinə görə, həm ikili sistem olan, həm də qəhvəyi cırtdan cütünün orbitində dönən və qütb orbitinə malik olan bir planet tapmaq inanılmaz dərəcədə təsiredicidir.
Təxminən 13 Yupiter kütləsinə çatan bu göy cisimləri öz nüvələrində deyterium birləşməsini başlatmaq üçün kifayət qədər kütləyə malik olsalar da, klassik hidrogen birləşməsini başlatmaq üçün kifayət qədər kütləvi deyillər. Bu səbəbdən, bəzən “uğursuz ulduzlar” adlandırılsalar da, əslində ulduzların təkamülünün ifrat nöqtələrindən birini təmsil edirlər.
Qəhvəyi cırtdanlar bu xüsusiyyətləri ilə alimlərə ulduzların və planetlərin necə əmələ gəldiyini anlamaq üçün mühüm ipuçları verir.
Təsadüfi kəşfin müəllifi Birmingem Universitetindən Tomas Baykroftun rəhbərlik etdiyi qrupdur.
Bildirilir ki, “2M1510” sistemində qəhvəyi cırtdanların fiziki və orbital xassələrini öyrənmək üçün işıq məlumatları götürərkən tədqiqatçılar sistemin kütlə mərkəzində izah olunmayan yerdəyişmə müşahidə ediblər.
Müşahidələrə görə, “2M1510 A” və “2M1510 B” adlı qəhvəyi cırtdanların kütləsi Yupiterdən təxminən 35 dəfə çoxdur. Onlar bir-birinə çox yaxın orbitdə fırlanır və bu fırlanma 20,9 gün çəkir. “2M1510 C” adlı üçüncü qəhvəyi cırtdan sistemdən çox uzaqda yerləşir. Günəşdən və Yerdən 250 dəfə uzaqda yerləşən bu üçüncü cırtdanın sistemin mərkəzindəki rəqsdən məsul ola bilməyəcəyi müəyyən edilib.
Ekzoplanetin orbiti və kütləsi hələ dəqiq müəyyənləşməyib. Hesablamalar göstərir ki, onun orbiti 100 ilə bir neçə min günə qədər davam edə bilər və kütləsinin 10 ilə 1000 Yer kütləsi arasında olması mümkündür. Ən çox ehtimal olunan diapazon təxminən bir neçə yüz Yer kütləsidir.
Tədqiqat qrupu qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün sistemi daha ətraflı müşahidə etməyi planlaşdırır.
araz.az xəbər portalı.