
Qəzetimizin (“Yeni Müsavat”ı nəzərdə tutur –red.) bazar günü sayını hazırlayırdıq. Xəbər gəldi ki, Prezident şəhər gəzintisinə çıxıb. “Sahil”dəki redaksiyamızda olan vaxtlar idi. Tez fotoaparat, diktofonumu götürüb “Sahil” metrosuna tərəf getdim.
Rəhmətlik Heydər Əliyev küçədə — mərhum həyat yoldaşı Zərifə xanımın barelyefi önündə dayanmışdı. Hər kəs sükut içərisindəydi. Prezident sanki baxışları ilə barelyefdən boylanan şəklə nəvazişli qarşılıq verirdi. Bir-neçə dəqiqə çəkdi bu sükut. Bu dəqiqələr böyük şəxsiyyətin ömür-gün yoldaşına verdiyi dəyərin əlaməti idi…
Daha sonra Prezident və onu müşayiət edənlər dəniz kənarına doğru addımladılar. Mən də onlarla birgə…
Sahil boyunca irəlilədikcə lap yaxınına, beş-altı addımlığınadək getdim. Nə bir polis, nə mühafizəçi qarşımı kəsdi. Daha yaxına keçməyim mümkün olmadı.
Ancaq sonrakı cəhdlərim nəticə verdi. Bulvar gəzintisi başa çatandan sonra, mərhum Prezident sağollaşıb, maşınına tərəf getmək istəyəndə…
Onun kortejə tərəf getdiyini görüb: “Heydər bəy, sizi bir dəqiqə olarmı?”, — deyə, səsləndim. Bu zaman mühafizə xidmətinin, hətta Bakı meri Hacıbala müəllimin, polis rəisi Məhərrəm Əliyevin, müavini Yaşar Əliyevin necə çaşqın hala düşdüyünü indiyədək xatırlayıram. Ancaq o, saymazyana ötüb getmədi. Əksinə, geri dönüb məni mühafizəçilərin əlindən qurtardı…
Və mətbuatın durumu ilə bağlı qısa söhbətimiz oldu…Gülümsəyib, ayrıldı.
Onu müşayiət edən heyətin də üzü güldü bundan sonra. Hacıbala Abutalıbov hətta avtomobilinə əyləşəndə gülərək əl elədi…
Jurnalistikada keçən ömrümdən belə bir qiymətli xatirə… (Fotoları məhz həmin gün çəkmişdim… Mərhum Prezidentin foto çəkdiyim zaman baxıb, gülümsəməsinin də öz yeri var. Elə böyük nəhəng siyasət adamının bu qədər sadəliyi…).
Allah Heydər Əliyevə və Zərifə xanıma rəhmət eləsin!
Elşad PAŞASOY.
araz.az xəbər portalı.