Görünən budur ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Prezident İlham Əliyevin onu böyük səmimiyyətlə qarşılaması ölkəmizin daxilində bir çoxlarını narahat edir. Xüsusilə, büdcədən maliyyələşən bəzi təşkilatların əməkdaşlarının, müxtəlif deputatların, siyasətçilərin, ömrü boyu baş redaktorların yedəyində özünə rahatlıq tapan jurnalistlərin məhz bu səfər zamanı yersiz “təhlil”ləri, sosial şəbəkələrdəki lağ-lağ postlara üstünlük verməsi bunu deməyə əsas verir.

Pezeşkianın dahi Şəhriyarın “Heydər Babaya salam” poemasından “Ağlaşaydım, uzaq düşən elinən, Bir görəydim, ayrılığı kim saldı?” misralarını deməsi millətçiləri niyə narahat edir, bu adamlar indi nə istəyirlər? Şübhəsiz, “28 may” metrosunun yaxınlığında iki-üç dəsti 67 manata satılan kostyumlardan geyinib, qalstuk taxaraq ziyalı görkəmində efirə, “Facebook”a dırmaşıb 85 milyonluq ölkənin akademik təhsilə, elmə və böyük dövlətçilik təcrübəsinə malik olan prezidentini lağa qoymaq axmaqlıqdır. Bu adamlar ömrü boyu ölkəmizin daxili problemlərindən, xalqın dərdindən yazmayıblar. Cəsarətləri çatmayıb. Heç öz problemlərini həll etmək üçün də çalışmayıblar ki, maaşları kəsilər. Bu adamların Pezeşkianın səfəri ilə bağlı yazdıqları ölkədə Qərbin ən mənfur dairələrinin əlaltısına çevrilən sosial media resurslarının paylaşımları ilə tam üst-üstə düşür.

Kəsəsi…

Bir-neçə gündür təhlil edirəm və gəldiyim qənat budur ki, İlham Əliyev təkcə xalqımızın taleyində iri və bədnam şriftlərlə yazılmış 300 illik yazıları təmizləmədi, o, təkcə Qarabağı azad etmədi, bu gün daha böyük və ağır bir prosesin yükünü çiyinlərində daşımaqdadır — həm də ölkəmizdəki jurnalistlərin, siyasətçilərin, elm adamlarının, deputatların eyiblərini örtür. O, bunda sonra millət formalaşdırmalıdır. Bu adamların “təhlil”lərinə, çıxışlarına inansaydıq, nələr baş verərdi?! Amma İ.Əliyev başqa cür düşünür — suverenlik, ərazi bütövlüyü məsələsində daha sərt və prinsipal mövqedən diktə edir.

Baxırsan ki, 30 ilin jurnalisti ömrü boyu İlham Əliyevi ən küstar qələmlə tənqid edib, vaxtilə qəzet səhifələrində ağzına gələnləri yazıb, “Heydər Əliyev Fondu” haqqında namələr qoşub. İndi hökumətin maliyyələşdirdiyi saytlarda işləyir, xəstələnən kimi də İ.Əliyevə müraciət olunur, “Heydər Əliyev Fondu” onun müalicəsini öz üzərinə götürür. Həyata qovşur və “Heydər Əliyev Fondu”na təşəkkür edir. Ömrü boyu Əli Kərimliyə, İsa Qəmbərə xidmət edən, indi tükənmiş halda olan bu adamların problemlərini İ.Əliyev həll edir. Yəni, bütün bunları Tramp Baydenin tərəfdarı olan, ömrü boyu ona qarşı mübarizə aparan jurnalistə etməzdi. Niyə? Çünki İlham Əliyev dövlətdir! Tramp isə ABŞ!

Bu qədər…

Bəs, səfərin strateji prioriteti nədir?

Məsud Pezeşkianın prezidentliyi dövründə İran-Azərbaycan arasındakı qarşılıqlı ehtiyatlılığın səviyyəsi qismən aşağı düşəcək, etimad yüksələcək. Bundan sonra da situativ olaraq, siyasi ehtiyatlılıq nümayiş etdiriləcək, lakin bu, iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinə neqativ təsir etməyəcək.

2028-ci ildə İranda keçiriləcək növbəti prezident seçkilərinə qədər İran-Azərbaycan arasında zaman-zaman müşahidə edilən dalğalı siyasi münasibətlərin dərəcəsini minimuma endirmək, strateji tərəfdaşlıq qurmaq mümkündür. Bundan sonra da əsasən 2 məsələ – Azərbaycan-İsrail əlaqələri və Zəngəzur dəhlizinin açılması iki ölkə arasındakı münasibətlərdə mövsümi soyuqluq yarada bilər.

İran üçün ən təhlükəli və strateji amil istənilən situasiyada — yaxın və uzaq gələcəkdə Cənubi Azərbaycan məsələsinin diplomatik səviyyədə gündəmə gətirilməməsidir. Bu, o halda baş verə bilər ki, bugünkü qlobal böhran təkib hissəsi kimi İran böyük müharibənin iştirakçısına çevrilsin. Heç şübhəsiz, Cənubi Azərbaycan məsələsinin diplomatik səviyyədə gündəmə gətirilməsi regionda növbəti türk dövlətinin yaradılmasının iradəsi kimi yox, İrana təzyiq vasitəsi kimi ortaya çıxa bilər. Heç bir dövlət — Rusiya, İran, Türkiyə, eləcə də ABŞ və Avropa ölkələri belə bir müstəqil dövlətin yaradılmasını arzulamaz.

Bu gün nə baş verir?

İsrail və ərəb ölkələri İranla məşğul olur;

— ABŞ Çinlə məşğul olur;

— Rusiya Avropa ilə məşğul olur.

Məncə, gündəmin xronoloji təsnifatı bundan ibarətdir. Bu gün baş verən bütün konflikt və müharibələr məhz bu “məşğuliyyət”in icraçı detallarıdır.

İran-Azərbaycan arasında dərinləşən münasibətlər ölkəmizə daşınan narkotik maddələrin qarşısının alınması istiqamətindəki addımları da qarşılıqlı və praktiki müstəviyə daşıya bilər. Bu böyük bəla ilə bir tərəfli mübarizə əhəmiyyətli nəticələrin əldə olunmasını ləngidir.

Unutmaq olmaz, 1979-cu il İrandakı İslam inqilabının əsas favoriti azərbaycanlıar idi. 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra dünyanın strateji mərkəzləri İslam inqilabını “zülmə qarşı mübarizə aparan xalqların ən yaxşı mübarizə modeli” adlandırmışdılar. Təbriz “qalibiyyətin simvolu” hesab olunurdu. Pəhləvi rejimini farslar yox, biz yıxmışıq. Bu gün fars ölkəsi dediyiniz İranın ən strateji postlarında oturanların hamısı azərbaycanlılardır.

Əliyev-Pezeşkian arasındakı görüşün bütünlüklə səmimiyyətlə müşahidə olunması heç kəsdə narahatlıq yaratmasın. Hansı səbəblərin sizləri narahat etdiyi ayrı mövzudur. Amma dedim axı, Əliyev suverenlik məsələsində sərt və prinsipialdır. Siz isə başqa nöqtədən narahatsınız. Anlayıram. Qarşılıqlı səmimiyyət olan yerdə qarşılıqlı razılıq da var. Bu, iki təmiz türk liderin görüşü idi. Səmimiyyətin əsas açarlarından biri budur.

Samir FEYRUZOV,
araşdırmaçı-jurnalist.

araz.az xəbər portalı.