
Bu gün Azərbaycanda avtomobillərin texniki baxışı artıq təhlükəsizlik yoxlaması deyil, sürücülərin ciblərinə açıq hücum əməliyyatı adlandırsaq daha yaxşı olar.
Hər il minlərlə sürücü bu “rəsmi prosedur” adı altında rüşvətə, süründürməçiliyə məruz qalır. Adi bir texniki yoxlama prosesi belə, insanlara psixoloji və maddi zərər verir. Mamaoğlumun (bibioğlu) başına gəldiyi əhvalat bu acı reallığın sadəcə bir nümunəsidir.
“Apteçka”, yanğın balonu və digər sonsuz tələblər
Texniki baxış məntəqələrində “məcburi avadanlıq” tələsi birinci mərhələdədir. Sürücü məntəqəyə gəlir, onu ilk qarşılayan texniki baxış məntəqələrinin əməkdaşları deyirlər: — “Apteçka”n yoxdu, yanğın balonun köhnədir, üzərində dərmanlar tam deyil və s. Bundan sonra əlacsız qalan sürücü məcburiyyətdən gedib “apteçka”nı, yanğın balonunu və digər avadanlıqları alıb gətirir. Amma çox təəssüf ki, “iş” bununla bitmir. Çünki burada məqsəd texniki baxışda tələb olunan ləvazimatların tamamlığı deyil, cibin boşalmasıdır.
Fara bəhanəsi: sistemin ən “qırılmaz” tələsi
Məsələ burasındadır ki, avtomobil lap saz vəziyyətdə olsa belə, bir bəhanə tapırlar. Ən çox da “Faran düz vurmur” bəhanəsini dilə gətirirlər. Sanki ölkədə bütün faralar “çaş” vəziyyətdədir! Sürücü gedir faranı da düzəltdirir. Bu dəfə isə yeni bir şərt: “Faranı düzəltdiyinə dair kağız gətirməlisən!” Əgər hər şey avtomobilin real vəziyyətinə baxıb qərar veriləcəksə, kağız nəyə lazımdır? Kağız da bir bəhanə, daha bir süründürmə vasitəsi olur.
Pulun gücü: ədalətin yox olduğu yerdə
Nəhayət, sürücü bütün bu mərhələləri keçdikdən sonra belə bir qənaətə gəlir ki, burada həqiqi texniki yoxlama yoxdur. Sadəcə, sən verə biləcəyin pulun miqdarını müəyyən edirlər. Özləri: “Əlim pula dəymir”, – deyib, yanlarında oturtdurduqları mülki geyimli vasitəçi ilə pulu toplayırlar. Necə deyərlər, ilanı Seyid Əhməd əli ilə tuturlar…
Qiymətlər necədir?
- Rəsmi dövlət rüsumu: 30-35 manat.
- Reallıqda sürücüdən çıxan məbləğ: 70-200 manat!
Qeyd edək ki, hər hansı sürücü ilə texniki baxış məntəqələrinin əməkdaşlarının arasında mübahisə yaranırsa, qiymət daha artır. O da var ki, texniki baxışa girmədən məntəqənin əməkdaşı ilə “dil tapsan”, bəlkə də, daha az məbləğlə canını qurtara bilərsən.
Nöqsanlar: pul verməklə də silinmir
Ən acınacaqlısı odur ki, sən cibinin pulunu verib texniki baxışdan keçirsən, amma “qırmızılar” sistemdən silinmir. Faranın, “ruçnoy”un, nə bilim hansısa “boş yerə” yazılan nöqsanlar olduğu kimi sistemdə saxlanılır. Növbəti il texniki baxışa gələndə, yenə sistemdəki əvvəlki “qırmızılar”la üzləşirsən.
Bəs pulu niyə verdik?
Əgər verdiyin pulla “təhlükəsizlik” təmin olunmursa, bu sistemin adı texniki baxış yox, rüşvət mexanizmi olmalıdır!
Ədalətsiz sistem, çarəsiz sürücü
Məsələ burasındadır ki, sürücünün şikayət edəcəyi yer də tapılmır. Çünki şikayət sistemində də “kim kimə, kim kiminə” anlayışı işləyir. Bəlkə də. yüzlərlə sürücü bu biabırçılığı yaşayıb, amma nəticə yoxdur. Hamı ya susur, ya da bir-birinə: “Çox da dilə gətirmə”, – deyə nəsihət edir.
Texniki baxışın məğzindəki böyük aldadıcılıq
Bu gün Azərbaycanda texniki baxış adı altında olan alver qanuni oğurluğa çevrilib. Bunu gizlətmək mümkün deyil. Sürücülər öz maşınlarının texniki vəziyyətinə görə deyil, öz ciblərinin “dərinliyinə” görə texniki baxışdan keçirlər. Əgər pul verilməklə hər şey həll olunursa, demək olarmı ki, texniki baxış artıq məqsədini itirib?! Yoxsa… /tezadlar.az/
Elşad FƏRMANOĞLU
araz.az xəbər portalı.