Bəzi vətəndaşlar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları üçün Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinə (VÖEN) sahib olurlar. VÖEN sahibkarın rəsmi qeydiyyatdan keçdiyini və vergi orqanları qarşısında məsuliyyət daşıdığını göstərən unikal nömrədir. Bəs VÖEN-in hansısa güzəştləri var?

Arazpress.com bildirir ki, iqtisadçı Ləman Rüstəmova Metbuat.az-a açıqlamasında bu nömrənin həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün nəzərdə tutulduğunu deyib:

“VÖEN-in alınmasında əsas məqsəd vergi ödəyicilərinin uçotunu aparmaq, maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək, vergi ödəyicilərini bir-birindən fərqləndirmək və müəyyən güzəştlərdən istifadə etməkdir. Eyni zamanda, bu nömrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin rəsmi qeydiyyatını təmin edir.

VÖEN alındıqda vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaranır. Öz fəaliyyətini aparan fərdi sahibkarlar və fiziki şəxslər müəyyən vergi güzəştlərindən istifadə edə, həmçinin sadələşdirilmiş vergi ödəmək imkanına sahib ola bilirlər. Dövriyyəsi müəyyən məbləği keçməyən fərdi sahibkarlar gəlir vergisi əvəzinə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.

Eyni zamanda, dövriyyəsi 200 min manatdan az olan fərdi sahibkarlar ƏDV qeydiyyatına düşməkdən azad olunurlar. VÖEN-lə fəaliyyət göstərən fərdi sahibkarlar üçün vergi hesabatlarında da müəyyən sadələşmələr tətbiq olunur”.

Ekspertin sözlərinə görə, frilans fəaliyyət göstərən şəxslər üçün də VÖEN almaq vacib hesab olunur:

“Əgər frelanser fəaliyyətini mütəmadi şəkildə davam etdirir və müştərilərlə rəsmi müqavilələr bağlayırsa, bu zaman onun VÖEN alması zəruridir. Əgər VÖEN alınmazsa, gəlirlərin və xərclərin rəsmi uçotu aparıla bilməz və bu da cərimələrə, yaxud maliyyə sanksiyalarına səbəb ola bilər. Əgər VÖEN ləğv edilirsə, bu, həmin fərdi sahibkarın və ya müəssisənin fəaliyyətinin dayanması deməkdir. Bu halda vergi orqanları qarşısında vergi öhdəlikləri dayandırılır. Əgər şəxs sonradan yenidən sahibkarlıq fəaliyyətinə başlamaq istəyirsə, yeni VÖEN almalıdır. Ümumiyyətlə, VÖEN hüquqi şəxslər — Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC), Açıq Səhmdar Cəmiyyətlər (ASC) üçün çox vacibdir. Çünki bu nömrə gəlirlərin rəsmi şəkildə göstərilməsi və vergidən yayınma hallarının qarşısının alınması baxımından mühüm rol oynayır”.

L. Rüstəmova qeyd edib ki, öz adıdan hər hansı iaşə xidməti göstərmək və ya digər xidmətlər təqdim etmək istəyən fiziki şəxs də VÖEN almaq məcburiyyətindədir:

“Məsələn, dükan sahibləri və ya kofe satışı ilə məşğul olan şəxslər şirkət yaratmadan fəaliyyət göstərmək istəyirlərsə, VÖEN almaları zəruridir. Əgər bir fiziki şəxs müqavilə ilə işləyirsə və qarşı tərəf ondan rəsmi sənəd, yəni qaimə tələb edirsə, bu halda da həmin şəxsin VÖEN-i olmalıdır. Əlavə olaraq, hər hansı bir müəssisədə ƏDV qeydiyyatına düşmək, illik dövriyyəsi 200 min manatdan çox olan fəaliyyət göstərmək və ya könüllü şəkildə ƏDV qeydiyyatına daxil olmaq istəyənlər üçün də bu vacibdir. VÖEN olmadan ƏDV qeydiyyatı mümkünsüzdür.

Əgər bir şəxs yalnız birdəfəlik xidmət göstərirsə və bu fəaliyyət davamlı deyilsə, o zaman VÖEN almağa məcbur deyil. Lakin gəlirlər mütəmadi olacaqsa və fəaliyyət birdəfəlik xarakter daşımırsa, VÖEN almaq məcburidir”.

araz.az xəbər portalı.