Əli ORUCOV,
politoloq, AMİP Siyasi Şurasının üzvü.

××××××××××××××××××××××××××××××××××××××

Vətəndaşların bank kartlarından yüz minlərlə vəsaitin oğurlanmasında birbaşa banklar məsuliyyət daşıyırlar. Müştərilərin bank hesablarını və əmanətlərini qorumaq onların vəzifəsidir. Borclu vətəndaşlarla tələbkarcasına və qətiyyətli davrandıqları kimi, onlara etibar edilən müştəri pullarına də eyni məsuliyyət və tələbkarlıq göstərməlidirlər.

Digər tərəfdən mən hesab edirəm ki, burda mütəşəkkil və koordinasiyalı fəaliyyət var; Bunun da nəticəsində hər gün vətəndaşların haqqına girilir, onlar oğurluğa və qarətə məruz qalırlar. İndiyədək də, bu təkrar olunan cinayət əməlləri barədə effektiv tədbir görülməyib və hüquqi məsuliyyətə heç kim cəlb olunmayıb. Əksinə, bank kartlarından oğurlanan külli miqdarda vəsaitlərin məsuliyyəti müştərilərin üzərinə qoyulur. Konkret desək, müştərilərin hüquqları bərpa olunmur və oğurlanmış pullar sahiblərinə qaytarılmır.

Halbuki “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə, “Banklar, o cümlədən Milli Bank öz müştərilərinin və korrespondentlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini saxlamağa təminat verirlər”. Həmçinin həmin qanunun 18-ci maddəsinin 2-ci maddəsinin mənasına görə “Bankın bütün qulluqçuları bankın, onun müştərilərinin və korrespondentlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini qorumalıdırlar. Bu qayda bank qulluqçuları işdən azad olunduqları halda da qüvvədə qalır”. Yaxud “Bank sirrinin qorunması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il, 19 yanvar tarixli 961 saylı təsdiq edilmiş qərarı və digər qanunvericilik aktları ilə tənzimlənir və bankların fəaliyyəti ilə bağlı onların müştərilərinin və korrespondentlərinin əməliyyatları, hesabları, əmanətləri və bank sirri kimi müəyyən edilmiş digər məlumatlar bank sirrinin obyekti hesab olunur (4-cü bənd).

Onu da qeyd edim ki, 5-ci bəndin tələbinə görə, bankların vəzifəli şəxsləri, ştatlarında olan bütün fəhlə və qulluqçular, hər bir banka aid Bank Şurasının üzvləri, bankların təsisçiləri, bankların təftiş komissiyalarının üzvləri, bankların mühafizə dəstələrinin işçiləri, banklarda müqavilə ilə ştatdankənar işləyən işçilər bank sirrinin qorunub saxlanmasının subyektləridir.

Belə olan halda, yəni, qanunla üzərlərinə götürdükləri vəzifə və öhdəliklərə qeyri-ciddi və başdansovdu yanaşmaları səbəbindən banklar müştərilərinə, kredit kart sahiblərinə dəyən ziyanı ödəmək məsuliyyəti daşımalıdırlar. Eyni zamanda,  oğurlanan vəsaitlərin tapılmasında və şəxsi məlumatların daha etibarlı mühafizə olunmasında da ciddi addımlar atmalıdırlar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təkcə ötən il ayrı-ayrı vətəndaşlar müxtəlif kiberüsul vasitələrlə və xarici kiber müdaxilələrlə 16 min 804 fakt üzrə  aldadılıblar. Onların bank kartlarından 22 milyondan çox, daha dəqiq desək, 22 milyon 442 min 838 manatdan artıq vəsait talanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatlara əsasən, yalnız aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb.

Bu, nə deməkdir?

Qəti şəkildə bəyan edirəm ki, bu, ölkəmizin ciddi boşluqları olan bank sisteminin təhlükəsizliyinin bərbad gündə olması deməkdir. Heç kəsə sirr deyil ki, banklar Azərbaycanda investor kimi çıxış etməyə o qədər də maraqlı deyil və gəlirləri əsasən vətəndaşların götürdükləri istehlak və digər kreditləri çox yüksək faizlə verməklə formalaşdırılır. Ölkədə nəğdsiz pul dövriyyəsi faktiki olaraq 3 — 4 bankın inhisarındadır. Heç olmasa həmin banklar elektron və internet bazalarını təkmilləşdirib, təhlükəsiziliklərini kiberhücumlara qarşı etibarlı qorumalı, oğurluğun, talanın qarşısını almalıdırlar ki, həm dövlət, həm də vətəndaşlar həm külli miqdarda maddi, həm də mənəvi zərərə düşməsinlər. Bank sektoruna inam tam sarsılmasın. Nəğdsiz əməliyyatların həcmi də artsın.

Yoxsa DİN-in vətəndaşlara xəbərdarlıqlar etməsi, diqqətli olmalarına çağırması, yaxud da bankların indiki durumda məsuliyyətdən yaxasını müxtəlif üsullarla kənara çəkməsi ilə bu ciddi məsələ həll olunmur. Vətəndaşın günahı deyil ki, onun “pul”, kredit kartı etibarlı mühafizə olunmur, buna məsuliyyət daşıyan qurumlar işlərini düzgün və müasur dövrün tələblərinə uyğun təkmilləşdirməyiblər. Dövlətin birbaşa borcu və vəzifəsidir ki, vətəndaşların şəxsi məlumatlarını, o cümləıdən bank məlumatlarını, onun kartlarda olan pul vəsaitini kibercinayətlərdən qorusun. Bu sahədə baş alıb gedən qatı cinayətkarlığın qarşısını alsın.

Çünki çoxlarına məlumdur ki, bu sahədə düzgün nizamlama yoxdur. Şəxsən mənim özüm kartla əməliyyat aparılmasının qəti əleyhinəyəm. Bankomatla aparılan əməliyyatda hər dəfə bir hoqqa olur. Gah pul olmur, gah sistem işləmir, gah da kartla bağlı hansısa problem ortaya çıxır. Salamatı, nağd, yəni əldən ələ əməliyyatdır.

araz.az xəbər portalı.