
(Genetik məzhəb aludəçiliyi və şiə düşmənçiliyi cəbhəsindən dövlət maraqlarımız hədəfə alına bilməz)
Şah İsmayıl Xətayi — azadlığın, mübarizənin, paklığın, milliyin, azərbaycançılığın, türkçülüyün, ərazi bütövlüyünün, dini birliyin, tamlığın, milli ləyaqət hissimizin, ədalətin simvoludur, elə buna görə də qorxurlar!
Ərdoğanın Səfəvilər dövləti haqqında çıxışından sonra haqlı və kütləvi narazılıqlar var, eyni zamanda hər kəs tarixə ekskurs edərək onun dediklərinin əsassız olduğunu bildirir.
Lakin hesab edirəm ki, daha çox tarixə ekskurs etmək yox (halbuki, bu da vacibdir), “Çaldıran” döyüşünün və Osmanlı sultanlarının torpaqlarımıza qəsbkar hücumlarının fəsadlarını və müasir Azərbaycan tarixində hansı izlər buraxdığını təhlil etsək, kimin haqlı olduğu bir daha ortaya çıxarmış olarıq. Osmanlı-Səfəvi döyüşlərinin müasir nəticələri daha uğurlu materiallar verir.
Osmanlı sultanlarının Azərbaycan torpaqlarına hücumları tariximizə fəlakətlər gətirib. Əsasən də bu məsələlər araşdırılmalıdır və bu araşdırmaların ideoloji nəticələri bugünkü Azərbaycan dövlətinin strateji hədəflərinin müəyyənləşdirilməsi baxımından çox vacibdir.
Bəs, “Çaldıran” döyüşünün və bu döyüşdən sonra da Osmanlıların Azərbaycan torpaqlarına hücumlarının nəticələri necə oldu?
Tərəddüdsüz, tarixi saxtalaşdırmadan və açıq demək lazımdır:
1. Azərbaycanın parçalamasının əsasını qoyuldu – mərkəzləşmiş dövlətin üçün əsas təhdidə çevrildi və bununla da, sonrakı mərhələdə – XVIII əsrdə Azərbaycan ərazilərində xanlıqların yaranmasına şərait yaratdı. Parça-parça olduq.
2. Osmanlıların təxminən 200 illik hücumları – nəticədə Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına zəmin və ciddi tarixi şərait yaratdı.
Osmanlılar azərbaycanlıları assimilyasiyaya məruz qoydu, minlərlə azərbaycanlı ailə Anadoluya sürgün olundu, əsir alındı (etnik qırğın) və qızılbaşların məhv edilməsini (dini qırğın) əsas prioritet kimi qarşıya qoydular. Osmanlı sultanları şiələrə qarşı müharibəni “dini cihad” elan etmişdilər, hətta Anadoluda qızılbaş təəssübkeşləri, şiələr qətlə yetirildi, məscidlər, məbədlər dağıdılıb məhv edildi. 1606-cı və 1724-cü ildə (2 dəfə) osmanlılar təkcə Gəncədə on minlərlə azərbaycanlını qətlə yetirdi. Bütün bunlar faktdır və bunları dəyişə bilmərik.
Osmanlıların Azərbaycan torpaqlarına davamlı hücumları:
— rusların bölgədə güc sahibinə çevrilməsinə,
— fars faktorunun əhəmiyyətinin artmasına
— və torpaqlarımızın bölünməsinə gətirib çıxardı.
Səfəvilərin zəiflədilməsi Avropanın da maraqlarına xidmət edirdi, ona görə də Osmanlı-Səfəvi müharibəsindən ən çox faydalanan məhz avropalılar oldu. Osmanlılara ən böyük siyasi dəstəyi də məhz onlar verirdi.
Şah İsmayıl Xətayininin Sultan Səlimə məktublarını oxuyun. Dəfələrlə qardaş əlini uzadır, amma əvəzində təhqirlər eşidir.
“Çaldıran” döyüşü Qafqazda siyasi, coğrafi, dini parçalanmanın bazasını formalaşdırdı.
1. Osmalıların işğalları nəticəsində tarix şəhərlərimiz – Təbriz, Qazax, Şamaxı, Gəncə dəfələrlə məhv edildi, Osmalı sultanları Azərbaycanı “təhlükəli keçid” elan etdilər və bununla da Mərkəzi Asiyadan, Hindistandan Avropaya daşınan mallar daha daşınmadı. Torpaqlarımız qüdrətini itirməyə başladı, ayrı-ayrı ərazilərimizdə bəyliklər, xanlıqlar yaranmağa başladı.
2. Osmanlı sultanlarının hücumları sünni-şiə ayırımını daha da sərtləşdirməklə, qeyri-ənənəvi təriqətlərin meydana çıxmasına rəvac verdi. Bu gün regionda və dünyadakı müsəlman ölkələrində müşahidə olunan acınacaqlı dini-xaotik mənzərə də məhz Osmalının mirasıdır. İki əsr ərzində Osmanlının hücumları nəticəsində Azərbaycan şəhərləri ideoloji, dini savaşların poliqonuna çevrildi.
“Çaldıran” döyüşündən sonra da osmalılar Azərbaycan torpaqlarından əl çəkmədilər. I Şah Təhmasibin dövründə münasibətlərdə sabitlik əldə olundu və Səfəvi-Osmanlı arasında ilk rəsmi sülh müqaviləsi (“Amasiya”-1555-ci il) bağlandı. Lakin I Təhmasibdən sonra daxili çəkişmələrdən istifadən edən Osmanlı dövləti yenidən Azərbaycana hücum edərək Təbrizi, Gəncəni işğal etdilər. 1603-1612-ci illərdə Osmalılara layiqli dərs verib tarixi torpaqlarımızı — Təbrizi, Gəncəni, eləcə də Naxçıvanı işğaldan azad etdik.
Və ən nəhayət – Səfəvilər bütün parametlər üzrə, eləcə də dil baxımından daha çox türklüyə sadiq idi. Səfəvilər dövlətinin dili – Azərbaycan türkcəsi idi. Osmanlının dili həmin dövrdə “osmanlı türkcəsi” adlandırılsa da, ərəb dili əsas dil idi, ərəb-fars sözləri osmanlı türkcəsinin kimliyini parma-parça etmişdi. Əbu Sufyanın, Yezidin törəmələrindən olan din daşıyıcıları Osmanlıda yüksək mənsəb sahibləri idilər. Amma tarixdə ilk dəfə Səfəvilər dövlətində türkçülük və din vahid ideologiya kimi dövlətin əsaslarını təşkil edirdi, təsadüfi deyil ki, Şah İsmayıl Xətayi milli birliyimizin tarixi və misilsz simvoludur. Səfəvilərdə bütün sənədlər, yazışmalar, diplomatik məktublar türkcə yazılıb.
“Mən türk dilində kitab yazdım ki, türklər onu oxuya bilə…” fikrinin müəllifi Şah İsmayıl Xətayidir. Heç kəs Xətayidən böyük türk deyil.
Var ol, Şah Babam! Ruhun qarşısında baş əyirik. Hələ də və həmişə qalibsən!
Allah Əmir Teymura rəhmət eləsin, o, Ankara döyüşündə Osmanlı sultanı I Bəyazidini ordusu ilə bərabər məhv edib, özünü də əsir almışdı. Tarixdə heç bir hökmdar və dövlət Osmanlı dövləti də qədər məzhəb və din savaşı aparmayıb.
Mən, türkəm, Vətənim də Azərbaycandır və heç bir ölkənin maraqları mənim Vətənimin maraqlarından üstün ola bilməz. Şah İsmayıl Xətayi xalqımızın milli kimliyi və tarixi pasportudur. Onun yaradıcılığı da dilimizə milli pasport verib.
Ərdoğanın fikirləri isə farsların və ərəblərin fikirləri ilə üst-üstə düşür. Düşmənlərimizin əlinə daha bir fürsət verdi. Amma o haqlıdır, “Çaldıran” həm də ərəblərin qələbəsi idi — ərəbləşmiş türklərin!
Hadisələr bir daha sübut edir ki, türklüyün əsas məskəni və mərkəzi həmişə Azərbaycan və Mərkəzi Asiya ölkələri olub.
Samir FEYRUZOV,
araşdırmaçı-jurnalist.
araz.az xəbər portalı.