
Paytaxt Bakının Cavadxan küçəsi, 15 ünvanı yaxınlığında, daha dəqiq desək, “Memar Əcəmi” metrostansiyası qarşısında yüngül konstruksiya ilə tikintisi aparılmış “Şəki” kafesinin çoxdan fəaliyyət göstərdiyi çoxumuza məlumdur. Onu da bilirik ki, həmin ərazinin altında metrostansiya yerləşməsi səbəbindən bu kafenin tikintisi yüngül konstruksiyalarla həyata keçirilib. Buna baxmayaraq, artıq kafenin yerində nəhəng bir obyekt binası tikilir. Özü də başlanan bu tikinti prosesi qalmaqaldan yan keçməyib və az bir zamanda özünün pik həddinə çatmasıyla indiyədək davam edir.
Məhz bu səbəbdən ki, tikintisi aparılan yeni nəhəng binanın ekologiya, tikinti, şəhər infrastrukturu… qaydalarını pozmaqla yanaşı, metro keçidi üzərində yerləşməsi səbəbindən vətəndaşların həyatına təhlükə mənbəyi olduğunu üzə çıxarıb. Bu ciddi məsələ ilə bağlı ölkə mediasının xəbərlərindən də məlum olur ki, burada insan həyatı üçün ciddi təhlükə hər an ola bilər.
Arazpress.com bildirir ki, tikintidə işləyən usta və fəhlələrin GundemXeber.Az-ın əməkdaşlarına da dediyinə görə, tikintisi aparılan bu obyekt gələcəkdə böyük ticarət mərkəzi kimi fəaliyyət göstərəcək. Görəsən, ağır tikinti materialları ilə ərsəyə gətiriləcək ticarət mərkəzinin altından metro xəttinin keçməsi, üstəlik, metro stansiyasının olması nədən nəzərə alınmayıb?!
Təbii ki, bu işə məsul vəzifə sahibləri bunu bilirlər. Lakin bilsələr də, heç nəyi veclərinə belə almayıblar. Çünki onları qeyri-qanuni və təhlükəli iş görmələrinə görə narahat edən, dindirən və söylədən hələ də yoxdur. Hər kəsə gün kimi aydındır ki, belə bir strateji ərazidə adi sahibkar yüngül konstruksiya ilə tikintiyə başlamaq istəsəydi, heç ona daşı daş üstünə qoymağa imkan verməz, başına olmazın oyun açardılar.
Amma yüksək çinli məmurların özləri isə istənilən və qadağan olunmuş yerlərdə belə istədikləri tikinti proyektini ərsəyə gətirə bilirlər. Bu da ölkədə özbaşınalığın baş alıb getməsinin daha bir bariz nümunəsidir.
Bəs, bu boyda qanunsuzluq törədən, lakin cəzasız qalan tikinti maqnatı kimdir?
Məsələ ilə bağlı əməkdaşlarımızın apardığı araşdırmadan məlum olub ki, bu tikinti Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifəli şəxs olan Riyad Qasımovun xüsusi tapşırığı əsasında aparılır. Mötəbər mənbənin əməkdaşımıza verdiyi məlumata görə, bu işə İsrail adlı iş adamı nəzarət edir. Biz onun üzünü görməsək də, o, bəzi jurnalistlərin üzünü görə bilib. Həm rayon rəhbərliyinə, həm aidiyyatı qurumlara çıxa bildiyi, onlara lazımı “görüm-baxım” etdiyi kimi, bu həmkarlarımıza qarşı da eyni hərəkəti edib. Beləcə bu işə tam nəzarəti əlində toplaya bilib.
Sonda onu da qeyd edək ki, GundemXeber.Az-ın araşdırma qrupunun əməkdaşları tikinti gedən ərazidə olarkən, adları çəkilənlərlə bağlı dəqiq məlumat toplaya biliblər. Məlumata görə, adını çəkdiyimiz şəxs Sumqayıt, Badamdar və Suraxanıdan tutmuş Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında durub.
Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı, arxasında isə yüksək çinli dövlət məmurunun durduğu deyilir. Ərazidə çəkiliş aparan zaman əməkdaşımıza o da məlum olub ki, bu qaranlıq şəxsin tabeliyində fəaliyyət göstərən Etibar adlı şəxs və ona yaxın digər işbazlar belə bu tikintiyə nəzarət edirlər. Həmin yüksək çinli məmurun adı bizə məlum olsa da, nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirərək, son açıqlamamızı oxucuların diqqətinə çatdıracağıq. Saytımızı izləyin. /GundemXeber.Az/
araz.az xəbər portalı.