
«İndi bütün qurumlar belə əməllər törədənlərin üstünə gəlirlər, amma nədənsə sirkdə baş verənlərə göz yumulur» — Şikayətçilərdən hədsiz narahatlıq
Xeyli müddət öncə «Araz» Media Qrupunun əməkdaşları Şərqdəki ilk sirk teatrı kimi tarixə düşən BakI Dövlət Sirkinin acınacaqlı durumda olmasıyla bağlı geniş araşdırma yazısı hazırladılar. Media Qrupuna aid Araz.az xəbər portalında dərc olunan həmin yazıda əsasən o qeyd olunurdu ki, artıq sirkdə sirklik nişanəsi qalmayıb.
Belə ki, onda «Sirk Triumf» şirkətinin adı altında onun rəhbəri Allahverdi İsrafilov tamamilə başqa istəklərinə çatması üçün, direktoru Nahid Ağayevlə dil tapıb, sirki icarəyə götürə bilmişdi. Daha dəqiq desək, onda o və başına topladığı yaxınları icarə pərdəsi altında BakI Dövlət Sirkini qanunsuz zəbt edərək, başına oyun açmaqdan çəkinmirdilər.
Həmin yazıda xüsusi olaraq onu qeyd etmişdik ki, çoxdandır işləyərək çörək pulu qazandıqları bu doğma iş yerlərinin təəssübünü çəkən sirk əməkdaşları burada törədilən qanunsuzluqlara görə çox narahatdırlar. Məcburiyyətdən dövlət başçısına, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət xarakterli Müraciət də ünvanlayıblar.
Müraciət müəllifləri burada baş verən neqativ halların qarşısının alınmasında yalnız və yalnız Prezidentdən kömək umurlar. Çünki indiyədək onların şikayətlərinə heç bir dövlət qurumu tərəfindən ümidverici bir cavab verilməyib. Konkret desək, vəziyyətin bu kökə düşməsində əsas günahkarlardan biri olan hansısa vəzifə sahibi ilə bağlı lazımi ölçü götürülməyib.
Müraciətdə qeyd olunurdu ki, 2021-ci ilədək, yəni Allahverdi İsrafilov sirkin binasını icarəyə götürənədək burada ciddi problem yox idi. Bunu təsdiq edən rəsmi sənədlər də var.
Yanğın təhlükəsizliyi səbəbindən Fövqəladə Hallar Nazirliyi tərəfindən sirkin fəaliyyətinin qadağan olunmasına baxmayaraq, Allahverdi İsrafilovun «Sirk Triumf» şirkəti minlərlə insana bilet sataraq, fəaliyyətini davam etdirib. Hər sirk proqramından 700-800 manat pul qazansa da, Nahid Ağayevlə əlbir olaraq, külli miqdarda vergi ödəməkdən də yayınıb.
Konkret olaraq onu deyək ki, həmin yazı ciddi fakt və sübutlar əsasında qələmə alındığından səs-küysüz ötüşmədi. Allahverdi İsrafilov və Nahid Ağayev yazını saytdan silməyimizi tələb etdilər. Redaksiyanı hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarının adlarıyla təhdid etməkdən də çəkinmədilər. İstədikləri baş tutmadı deyə, hətta Medianın İnkişafı Agentliyinə və Azərbaycan Mətbuat Şurasına müraciətləri də oldu. Və nəhayət…
Əlacsızlıqdan yazının davamını saxlamağa məcbur olduq.
İndi də məcburuq ki, kömək üçün ümid yeri olaraq bir daha redaksiyamıza üz tutan naəlac sirk əməkdaşlarının Arazpress.com-un adına təqdim etdikləri yeni şikayət məktubundakı şok yaradan faktlar əsasında yeni yazılar verək.
Bu yazımızda sirkin direktoru Nahid Ağayevin Rizvan və Akif adlı ortaqları ilə birgə, sözün həqiqi mənasında, indi də Bakı Dövlət Sirkinin binasını söküb, talamalarını əsas mövzu olaraq önə çıxardıq. İşçilərin iş davamiyyəti ilə bağlı son anda əldə etdiyimiz məlumatı da yazıya əlavə etməyə qərar verdik.
Deyilənlərlə bağlı bildirmək istəyirik ki, bir vaxtlar yanğın təhlükəsi ilə üz-üzə qalan sirkin binasının indi də maneji uçmaq təhlükəsi ilə üz-üzədir. Bu — həqiqətdir və danılması qeyri-mümkündür. Çünki direktor sirkin inşasında istifadə olunan yığma metal-tikinti konstruksiyalarını və onların hissələrini sökdürərək, satdırır. Bunu şikayətçilər tərəfindən bizə təqdim olunan və hal-hazırda əlimizdə olan fotolar da sübuta ehtiyacı olmayan faktlar kimi təsdiq edir.
Onların içində qara metaldan, poladdan, alüminiumdan, düralüminiumdan, çuqundan, misdən, latundan, nerjdən, sinkdən, nikeldən, qurğuşundan, qalaydan, armaturdan… hazırlanmış çox qiymətli və tapılmayan yığma konstruksiyalar, körpülər və onların seksiyaları, qüllələr, məhəccərli dirəklər, tavalar, profillər və yüksək keyfiyyətli birləşdiricilər daha çoxdur. Bu nadir elementlər xəlvətdən sökülür və əlaltından paytaxtın ayrı-ayrı yerlərindəki metallom alışı həyata keçirən məntəqələrə yüksək qiymətə satılır…
Sonda onu qeyd edirik ki, bir vaxtlar işçilərinin sayına görə sirkin də böyük kollektivi vardı. İşçilərinin iş davamiyyəti böyük müəssisələrə nümunə olaraq göstərilirdi. Direktor Nahid Ağayev öz yaxınlarını bura işə götürdükdən sonra isə, Bakı Dövlət Sirkinin bu sahədəki göstəricisi də heçə enib. Daha doğrusu, onun yaxınlarının işə getmək yadlarına düşmür. Bunu əlimizdə olan və aşağıda təqdim etdiyimiz işə davamiyyət cədvəlləri də sübut edir…
Dəqiqləşdirməyə ehtiyac yarandığı üçün, yazını burada saxlayıb, araşdırmalarımızı davam etdiririk. Arazpress.com-u izləyin.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalı.