Bu ayda döyüşmək haram sayılıb, sülh və əmin-amanlıq təşviq olunub

Bu gün– iyun ayının 26-da Azərbaycanda Məhərrəm ayı başlayır. Bu il Aşura günü iyulun 5-nə təsadüf edir. Arazpress.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla bağlı yaydığı fətvada Kərbəla şəhidlərinin xatirəsinə keçiriləcək qanvermə aksiyasında fəal iştiraka çağırıb. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində yerləşdiriləcək.

Qazılar Şurası dindarlara bir daha xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq, sinə vurmaq və s. dinimizə görə qəbuledilməz olduğunu xatırladıb. Həmçinin QMİ Qazılar Şurası təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməz olduğunu xatırladıb. Məhərrəmlik təzyidarlığı niyə vacibdir. Əvvəlki illərdə xüsusilə İranın təsiri ilə bu mərasimlərdə aydın şəkildə hiss olunurdu. İndi daha sivil və qaydalara uyğun keçirilir.

Qeyd edək ki, Məhərrəm ayı, Hicri-qəməri təqvimin ilk ayıdır və Qurani-Kərimdə adıçəkilən dörd “haram ay”dan biridir (Tövbə surəsi, 36-cı ayə). Bu ayda döyüşmək haram sayılıb, sülh və əmin-amanlıq təşviq olunub. Lakin məhz bu ayda – tarixdə misli görünməmiş bir zülm baş vermişdir: Kərbəla faciəsi. Rəvayətlərdə bu ay “Allahın ayı” adlandırılır. (İmam Rza (ə), “Uyun Əxbari’r-Rza”) Aşura günü – yəni Məhərrəmin 10-u – bir çox peyğəmbərlərin xilası günü sayılır. (Nuhun gəmisi quruya çıxmış, Musa Fironun zülmündən qurtulmuş və s.) Sünni fiqhinə görə bu gün oruc tutmaq savabdır. Şiə məzhəbində isə bu gün İmam Hüseynin (ə) şəhadəti xatırlanaraq yas saxlanılır. Bu ayda edilən ibadətlər, ehsan və əməllər daha fəzilətli sayılır.

Bəs, Kərbəla döyüşü niyə baş verdi? Hicrətin 61-ci ilində (Miladi 680), Məhərrəmin 10-da – Aşura günü baş verən bu hadisədə Allah Rəsulunun (s) sevimli nəvəsi İmam Hüseyn (ə) və onun 72 nəfərlik silahdaşı, ailəsi ilə birlikdə şəhid edildi. Döyüş Əməvi xəlifəsi Yezidin Hüseyndən zorla biət almaq istəməsinə qarşı İmamın haqq və ədalət uğrunda duruşu ilə baş verdi. Yezidin açıq-aşkar dini dəyərləri tapdalayan bir zalım olması ilə bağlı idi.

Hüseyn (ə) buyurdu:

“Mən Yezid kimi bir adama heç vaxt biət etmərəm”.

İmam Hüseynin məqsədi hakimiyyət yox, dinin təhrif olunmasının qarşısını almaq idi. Kufə əhalisi İmama 18 mindən çox məktub yazaraq onu Kufəyə dəvət etsə də, sonradan Yezid tərəfdarlarının təzyiqi ilə ona xəyanət etdilər. Kərbəla döyüşünün ən acı məqamları isə 6 aylıq Əli Əsgərin oxla vurulması, qardaşı Əbülfəzl Abbasın əlləri kəsilərək şəhid olması, İmam Hüseynin başının bədənindən ayrılması, Əhli-Beyt qadınlarının əsir alınıb Şama aparılması oldu.

Kərbəla, sadəcə, bir döyüş deyil, insanlıq tarixinə yazılmış ilahi bir dərsdir. Ədalət və haqq yolunda fədakarlıq edən Hüseyn (ə) canı, övladları və dostları ilə haqqı uca tutdu. O, zülm qarşısında səssiz qalmağın özünün zülm olduğunu göstərdi. Hüseynin (ə) şəhadəti şəhidliyin ali mərtəbə olduğunu təsdiqlədi. Hər əsrdə bu faciə insanların vicdanına toxunaraq onları düşünməyə vadar edir.

İmam Hüseyn (ə) Məkkədən çıxarkən buyurdu:

“Mən nə fitnə, nə də təkəbbür üçün çıxmışam. Mən cəddimin ümmətinə islahat gətirmək, yaxşılıqları əmr, pislikdən çəkindirmək üçün yola çıxmışam”.

Bu məktəb bir məzhəbin deyil, bütün bəşəriyyətin mənəviyyat və azadlıq platformasıdır. Məhərrəm ayı və onun zirvəsi olan Aşura günü – İslam tarixində dönüş nöqtəsidir. Kərbəla faciəsi hüznlə yanaşı, dərs, çağırış və vəzifədir. İmam Hüseynin (ə) duruşu göstərdi ki, haqq yolunda dayanmaq çətin olsa da, səssizlik zülmün davamıdır. Bu məktəb yaşamalıdır, çünki bu məktəb insanlığın özüdür.

 

araz.az xəbər portalı.