
Son bir-neçə gündə Rusiyada yaşayan soydaşlarımıza amansızcasına işğəncə veriblər. Həmin zorakılıqlar və qətillər yolverilməz haldır.
Azərbaycanlılara qarşı olan hücumun miqyası gün keçdikcə daha da böyüyür.
Maraqlıdır, bu təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək?
Arazpress.com bildirir ki, mövzu ilə bağlı politoloq Turan Rzayev “Xeberlenti.com”a açıqlamasında Yekaterinburqda Səfərovlar ailəsinin başına gətirilənlərin təəccüblü hal olmadığını deyib:
“Son vaxtlar Rusiyada yalnız azərbaycanlılara deyil, həm də özbək, qırğız, türkmən və digər milli azlıqlara qarşı açıq şovinist və diskriminasiya siyasəti müşahidə olunur. Bu prosesin arxasında isə bilavasitə Kreml dayanır.
Hadisə və baş verənlər fərqli prizmalardan müzakirəyə açıqdır. Bu siyasətin kəskinləşməsinin ən böyük səbəbi:
— Rusiyanın Ukraynada apardığı müharibədə ciddi insan resursları çatışmazlığı ilə üzləşməsidir. Rəsmi Moskva bu boşluğu doldurmaq üçün miqrantlara qarşı təzyiqləri artıraraq, onları müharibəyə cəlb etməyə çalışır. Hüquq-mühafizə orqanları miqrantlara qarşı yalan ittihamlar irəli sürür, ailə üzvləri ilə bağlı təhdidlər edir və qeyri-qanuni üsullarla onları döyüşə göndərməyə məcbur edirlər. Vəd edilən kompensasiyalar isə verilməyib, qayıtdıqdan sonra yenidən şantajla üzləşirlər.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin açıqlamaları da bu cəhdlərin artıq dövlət səviyyəsində həyata keçirildiyini göstərir. Bu isə miqrantlara qarşı olan diskriminasiyanın təkcə hüquqi yox, ideoloji bir proqram kimi formalaşdığını da təsdiqləyir.
Tanınmış teleaparıcı Vladimir Solovyov və digər təbliğatçılar vasitəsilə Azərbaycan və digər müsəlman ölkələrə qarşı aqressiv kampaniyalar aparılır. Bu isə Rusiyanın post-imperial sindromdan çıxa bilməməsinin, daxili ictimai narazılıqları yayındırmaq məqsədi ilə yeni düşmən obrazları yaratmasının açıq göstəricisidir”.
Politoloq qeyd edib ki , Yekaterinburqda baş verən hüquq-mühafizə əməliyyatı zamanı azərbaycanlı Səfərov ailəsinə qarşı nümayişkaranə güc tətbiq olunub:
“Bu zorakılıq nəticəsində iki qardaş Ziyaddin və Hüseyn Safarov həyatını itirib, bir neçə nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Rəsmi məlumatlara görə, onlarla azərbaycanlı saxlanılıb və istintaqa cəlb olunub.
Rusiya hüquq-mühafizə orqanlarının, xüsusilə OMON və polis strukturunun həyata keçirdiyi bu zorakılıq və işgəncələr artıq gizlədilmir. Bu, bir xalqı kriminal kimi təqdim etməkdən daha çox, sistemli etnocinayətkarlıqdır. Rusiyanın qeyri-rus xalqlara qarşı etnik təmizləmə siyasətinin hüquqi əsaslarını yaratmaq cəhdidir.
Tarixi perspektivdən baxanda belə dəhşətli hadisələrin Stalin dövründə belə geniş və açıq şəkildə tətbiq olunmadığını görürük. O zaman repressiyalar sistemli olsa da, insanlara küçədə güllə atmaq və işgəncə vermək adi praktik deyildi. Bu gün Rusiyada gedən zorakılıq, etnik təzyiqlər həmin dövrü belə kölgədə qoyur”.
O həmçinin bildirib ki, Rusiyanın azərbaycanlılara qarşı zorakılığı da yeni deyil:
“20 Yanvar faciəsi, Xocalı soyqırımı və 30 illik işğalın arxasında məhz Rusiyanın durması Azərbaycan xalqının yaddaşındadır. Yekaterinburqdakı hadisə də bu düşmən münasibətinin və milli azlıqların hüquqlarının sistemli şəkildə pozulmasının son göstəricisidir.
Hadisənin informativ fonuda diqqətəlayiqdir. Rus mediasında paralel olaraq aparılan anti-Azərbaycan kampaniyası, ictimai şüurda “miqrant təhlükəsi” anlayışının yaradılması və azərbaycanlıların kriminal obrazda təqdim olunması bu zorakılığın planlı şəkildə ictimai rəy formalaşdırmaq məqsədilə həyata keçirildiyini göstərir. Bu, etnik zəmində psixoloji və siyasi təzyiqin bir hissəsidir.
Yekaterinburqda baş verənlər sıradan hüquq-mühafizə əməliyyatı deyil. Zamanlama, seçilən hədəf və tətbiq olunan metodlar açıq şəkildə göstərir ki, bu, bütövlükdə Azərbaycan toplumuna qarşı yönələn məqsədli bir təzyiqdir.
Azərbaycan dövləti bu məsələyə adekvat reaksiya verərək, Xarici İşlər Nazirliyi səfir müvəqqəti işlər vəkilini çağırıb etirazını bildirir və Rusiyadan gələcək mədəni tədbirləri dayandırıb. Bu addımlar emosional deyil, milli maraqların qorunmasına yönələn strateji və sistemli reaksiyadır.
Bu hadisə həm də Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyinin zəiflədiyi bir dövrdə baş verir. Daxildə miqrant əleyhinə ritorikanın gücləndirilməsi və xaricdə Azərbaycanı hədəfə çevirməsi Rusiyanın məsuliyyəti yayındırmaq və yeni təhlükə obrazları yaratmaq cəhdidir”.
Turan Rzayev əlavə edib ki , Rusiya unutmamalıdır ki, Azərbaycan 20 Yanvarı, Xocalını, 30 illik işğalı və 44 günlük müharibənin nəticələrini unutmur:
“Bu cür təzyiqlərə qarşı xalqın iradəsi qırılmazdır və Azərbaycan geri çəkilməyəcək.
Azərbaycan dövləti hadisənin beynəlxalq səviyyədə araşdırılması, məsul şəxslərin cəzalandırılması və diasporun təhlükəsizliyinin təmin olunmasına qədər məsələyə ciddi yanaşacaq. Bu artıq yalnız diplomatik deyil, həm siyasi, həm də hüquqi müstəviyə çıxarılıb. Bu həm dövlət, həm də xalqın ləyaqət məsələsidir.
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Qroznıya uçarkən Rusiya hava hücumundan müdafiə qüvvələri vasitəsilə vurulub, radioelektron mübarizə sistemi isə təyyarənin elektron sistemlərini sıradan çıxarıb. Təyyarənin bir neçə hava limanına enişinə icazə verilməməsi və son anda Aktau hava limanına yönləndirilməsi Rusiyanın məsuliyyəti ört-basdır etmək cəhdi idi.
Rusiya mediası bu hadisəni Ukraynanın üzərinə atmağa çalışaraq manipulyasiya etdi, lakin hadisə ilə bağlı Rusiya Azərbaycandan üzr istəməli oldu. Yekaterinburqdakı zorakılıq da bir daha göstərdi ki, iki ölkə arasındakı münasibətlərdə Rusiyanın Azərbaycanla bağlı destruktiv mövqeyi dəyişməyib və Kremlin siyasəti hələ də düşmənçiliyə əsaslanır”.
araz.az xəbər portalı.