
Təbriz VƏFALI ——————————————–
Gecə vaxtı Molla Nəsrəddinin eşşəyini tövlədən oğurlayırlar. Dan yeri ağaranda ev sahibi və qonşular oğurluqdan xəbər tuturlar.
Qonşular başlayırlar mollanı danlamağa ki, gərək ayıq yataydın, gərək tövlənin qapısına qıfıl vuraydın, gərək it saxlayaydın və sair. Dərdi başından aşan molla yandığından bilmir neyləsin, bir tərəfdən də qonşuların danlağı ona od vurur. Özünü saxlaya bilmir, deyir, ay qonşular, insafınız olsun, bir az da oğrunun əclaflığından, vicdansızlığından danışın…
Neçə illərdir başbilənlərimiz, mahir bilicilərimiz, qanunpərəstlərimiz “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” qanunları tökürlər qabaqlarına, ələkdən keçirdirlər, onlara düzəliş və dəyişikliklər edirlər. Çox gözəl, çox pakizə.
İnsaf xatirinə deyək ki, bəzi düzəliş və dəyişikliklər mətbuatımızın ağ günə çıxmasına imkan yaradacaq və jurnalistikamızın inkişafına təkan verəcək. Amma bir əmma var ki, atalı-analı yetim jurnalistlərimiz sözügedən qanunlarımızdan tam faydalana, jurnalistlik fəaliyyətlərini tam icra edə bilmirlər. Ələləxüsus, xəbərlərin oxuculara operativ çatdırılmasına, informasiyanın əldə edilməsinə yaradılan süni maneələr mediamız üçün əsl başağrısıdır. Xüsusilə də bəzi KİV-lərin sıravi əməkdaşları baş redaktorların, redaktorların və şöbə müdirlərinin verdikləri tapşırıqları icra etməkdə, mövzuları, xəbərləri yazmaqda çox zorlanırlar, vaxt itkisi ilə üzləşirlər.
İllər əvvəl jurnalistlərin informasiya almaq üçün birbaşa məsul şəxslə, məsələn, idarə müdiri ilə əlaqə saxlamalarına, suallara cavab almalarına şərait yaradılmışdı. Sonrakı illərdə çərxi fələk tərsinə dövran etdi.
Vəziyyət o həddə çatıb ki, hər hansı bir dini məsələylə, dini problemlə bağlı mollaya zəng edirsən, ya telefona “prodüsser”i cavab verir, ya da molla deyir ki, suallarla bağlı “prodüsser”imə müraciət edin.
Müğənniyə zəng edirsən, analoji problem yaşanır. Suallara cavab almaq üçün mütləq müğənninin menecerinin “saqqızını oğurlamaq” lazım gəlir. Amma bunu hər jurnalist bacarmır.
Bəzi dövlət qurumlarına zəng edirsən, mətbuat katiblərinin, mətbuat xidməti rəhbərlərinin katibələri, köməkçiləri və ya əməkdaşları telefon zənglərinə cavab verirlər. Amma həmin katiblərdən, xidmət rəhbərlərindən, yaxud, onların yönləndirdikləri müvafiq şöbənin rəsmisindən suallara dərhal cavab almaq hər jurnalistin bəxtinə doğan gün olmur.
Hələ yazılı sorğuların qısa müddətdə cavablandırılmasını gözləmək jurnalist həyatının ən çətin sınağıdır. Bu sınaqdan üzüağ çıxmaq hər media əhlinin nəsibinə düşən tale payı olmur. Redaksiya rəhbərlərinin süni əngəllər üzündən informasiyaları operativ hazırlaya bilməyən həmkarlarımızın günlərini göy əskiyə bükmələri də az qala gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilir.
Lakin insafla danışsaq, bəzi jurnalistləri informasiya blokadasında saxlayanların haqlı iradları var. Onlar bəzi həmkarlarımızın qeyri-peşəkarlığından şikayətlənir, onları sualları düşgün ünvanlamamaqda, məlumatsızlıqda ittiham edirlər.
Amma neyləyəsən, balıq başdan iylənər, deyirlər. Mətbuat orqanlarında ixtisaslaşdırmanın aparılmaması, maddi imkansızlıq üzündən əlavə işçilər götürmək imkanından məhrum olan qəzet və sayt rəhbərinin jurnalisti müxtəlif mövzular yazmağa məcbur etməsi ayrıca bir dərddir. Ona görə də çanaq informasiya almaqda çətinliklə üzləşən və sərbəstliyi itən sadə qələm əhlinin başında çatlayır. İndi başbilənlərimizə, mahir bilicilərimizə, qanunpərəstlərimizə üzümü tutub deyirəm ki, qonşular kimi eşşəyi oğurlanmış molllanı danlamaqla bərabər oğrudan da bir az danışın. “Prodüsser”lərin, menecerlərin, mətbuat katiblərinin, mətbuat xidməti rəhbərlərinin süründürməçiliyinə əncam çəkin, peşəkarlıq səviyəsinin yüksəldilməsi üçün redaksiyalarda ixtisaslaşdırmanın aparılmasına nail olun, KİV rəhbərlərinin məcburi tapşırıqlarını, mövzularını yerinə yetirməkdə zorlanan sadə jurnalistlərə dəstək göstərin.
Vallah, bu problemi çözsəniz, media əhlimizin xeyir-dualarını alacaqsınız, böyük savaba batacaqsınız.
Buyurun, meydan sizindir… /mia.az/
araz.az xəbər portalı.