
Aslan İSMAYILOV ————————————————-
Ölkəmizin gündəlik həyatında insanların ağır durumu, məmur özbaşınalığı, rüşvət və haqsızlıqlar tez-tez müzakirə olunur. Bəzən elə təsəvvür yaranır ki, bütün günah yalnız yüksək kürsülərdə oturanların üzərindədir. Hesab edirəm ki, günah ancaq özümüzdədir.
Əgər məmur rüşvət alırsa, onu verən də bizik. Əgər haqqımız tapdanırsa, buna səssiz qalmaqla biz də şərait yaradırıq. Cəmiyyətin aynası onun hər bir üzvünün davranışıdır və bu davranışın keyfiyyəti bütövlükdə idarəetməyə də sirayət edir.
Azad olunmuş Qarabağ torpaqları bu həqiqətin acı nümunəsidir. Uzun illər düşmən işğalı altında qalan rayonlara ilk gedənlər dağıdılmış evlər və viran qalmış kəndlərlə yanaşı, qorunub saxlanmış təbiəti də gördülər. Çaylarda balıqlar, dağlarda ceyran və marallar, hətta pələngə qədər yabanı heyvanlar. Lakin həmin yerlərə biz gedəndən sonra bulaq başlarında zibilliklər, meşələrdə natəmizlik, yollarda ovlanan heyvanların meyitləri göründü. Ermənidən təmizlənmiş torpaqları öz əlimizlə zibilləyirik.
Bir xalqın mədəniyyətini onun təbiətə, heyvana və ətraf mühitə münasibəti ilə ölçmək olar. Əgər biz bulaq kənarında təmizliyi qorumuruqsa, zibilləri ətrafa atırıqsa, qarşımıza çıxan heyvanı, yaşıllığı məhv ediriksə, deməli, yaşadığımız mühitə də hörmət etmirik. Belə cəmiyyətdə məmurun da vətəndaşa hörmətlə yanaşması gözlənilə bilməz.
Haqqın yanında olmaq yalnız ucadan qışqırmaq və ya məmuru təhqir etmək deyil. Haqqın yanında olmaq gündəlik həyatda dürüst olmaq, vicdanla işləmək, haqqını tələb etmək və başqasının haqqına girməməkdir.
Biz dəyişməsək, heç nə dəyişməyəcək. Təbiətə, qonşuya, ətrafımıza hörmətlə yanaşdıqca bu davranış dövlət idarəçiliyinə də təsir göstərəcək.
araz.az xəbər portalı.